ADPU-da Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi: reallıqlar, tələblər” Respublika elmi konfransı keçirilib

ADPU-da Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi: reallıqlar, tələblər” Respublika elmi konfransı keçirilib

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi: reallıqlar, tələblər” Respublika elmi konfransı keçirilib. Qeyd edək ki, konfrans Təhsil naziri cənab Ceyhun Bayramovun 8 fevral 2019-cu il tarixli əmrinə əsasən təşkil edilib. Bu əmrə uyğun olaraq ADPU-nun rektoru, professor Cəfər Cəfərov müvafiq əmr imzalayıb. Əmrdə konfransın yüksək səviyyədə keçirilməsi məqsədi ilə universitetdə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, ali təhsil müəssisələrinin, AMEA-nın alim-mütəxəssisləri, tanınmış ziyalılar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, ADPU-nun tanınmış, görkəmli, şöhrətli alimləri çoxdur. Onların arasında professor Əbdüləzəl Dəmirçizadə xüsusi yer tutur. Professor Ə. Dəmirçizadə Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib. O, Azərbaycan dili tarixinin ilk tədqiqatçısıdır. Görkəmli alimin ədəbi dilimizin tarixinə həsr etdiyi elmi əsərləri Azərbaycan dilçiliyi tarixində mühüm əhəmiyyət kəsb edir. Həyatını Azərbaycan dilinin tədqiqinə və təbliğinə həsr edən mahir tədqiqatçı Ə. Dəmirçizadə öz elmi qənaətlərini "Azərbaycan dili tarixi xülasələri", "M.F. Axundov dil haqqında və Axundovun dili", "Azərbaycan dilinin tarixi", "Azərbaycan ədəbi dilinin inkişaf yolları", ""Kitabi-Dədə Qorqud" dastanının dili", "Azəri ədəbi dilinin tarixi", "Azərbaycan dilinin tarixi qrammatikası" və digər kitablarında təsdiq etmişdi. Onun elmi-pedaqoji fəaliyyəti zəngin və çoxcəhətlidir. Böyük alimin fundamental elmi əsərlərinə ulu öndər Heydər Əliyev yüksək qiymət vermişdir.

Konfransda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Əbdüləzəl Dəmirçizadə-110”, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev “Professor Əbdüləzəl Dəmirçizadə və ədəbi dilimiz” mövzularında məruzələrlə çıxış ediblər. Geniş, maraqlı və məzmunlu məruzələrdə qeyd edilib ki, Ə.Dəmirçizadə Azərbaycan dilçiliyində məktəb yaratmış alimlərimizdən biridir. Böyük alimin həyatının və elmi axtarışlarının çox böyük hissəsi ADPU ilə sıx bağlı olub. Ə.Dəmirçizadə Azərbaycan dil tarixini fundamental tədqiqata cəlb edərək tarixin müxtəlif mərhələlərinə məxsus dil hadisələrini öyrənib, türkdilli ailəyə mənsub olan Azərbaycan dilinin müqayisəli təhlilini aparıb, özünün qazandığı elmi nəticələrlə bərabər, alimlər üçün yeni tədqiqatın üfüqlərini göstərib. Alim haqlı olaraq hesab edirdi ki, dil canlı orqanizm olmaqla bərabər, özünün dərin qatlarında mənsub olduğu xalqın tarixini yaşadan ən başlıca amildir. Azərbaycan dilinin tarixi qrammatikasını araşdırarkən Ə.Dəmirçizadənin söykəndiyi mənbə XI əsrin ən böyük türkoloq-filoloqu, etnoqraf, ilk türk ensiklopediyaçısı və türkologiyanın banisi Mahmud Kaşğarinin əsərlərindəki dil nümunələri olmuşdur. Professor Ə.Dəmirçizadənin elmi araşdırmalarında üslubiyyat başlıca yer tutur. Dilçiliyimizdə üslubiyyatin fundamental olaraq tədqiqata cəlb edilməsi, öyrənilməsi işində Ə.Dəmirçizadə birincilər cərgəsindədir. Alimin 1962-ci ildə nəşr etdirdiyi "Azərbaycan dilinin üslubiyyatı" adlı kitabı dilçiliyimizdə hadisə kimi qəbul edildi. Professor Ə.Dəmirçizadənin ədəbi dil ilə bağlı gəldiyi elmi mülahizələri, bu problemə yanaşmaları ibrətamiz idi. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür. Professor Ə.Dəmirçizadə həm də şərəfli bir müəllim ömrü yaşayıb. O, pedaqoji fəaliyyəti müddətində tələbələrin sevimli müəlliminə çevrilməyi bacardı, uzun illər rəhbərlik etdiyi Azərbaycan dilçiliyi kafedrasını istedadlı tələbələrin elmi laboratoriyasına çevirə bildi. Birbaşa Ə.Dəmirçizadənin elmi rəhbərlik etdiyi namizədlik və doktorluq işlərinin sayı 50-dən çox idi. Tələbkar elmi rəhbərin rəyi ilə müdafiəyə buraxılan həmin işlər sonradan Azərbaycan dilçiliyində yeni elmi axtarışlara vüsət verirdi.

Görkəmli alim, böyük vətənpərvər Ə.Dəmirçizadənin Azərbaycan xalqı və elmi qarşısındakı xidmətləri heç vaxt unudulmur. Bakı şəhərindəki küçələrdən biri alimin adını daşıyır, vaxtilə yaşadığı binanın fasadına xatirə lövhəsi vurulub. Bu gün də Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr Ə.Dəmirçizadənin dərs vəsaitləri əsasında dilin əsaslarını öyrənir, tədqiqatçılar isə professorun kitablarından ən etibarlı mənbə kimi istifadə edirlər.

Professor Adil Babayev, professor Tərlan Novruzov, dosent Faiq Şahbazlı və filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva çıxışlarında professor Ə.Dəmirçizadəni yüksək təfəkkürə, zəngin təxəyyülə malik alim, qayğıkeş, nəcib, xeyirxah, müdrik, alicənab insan kimi səciyyələndiriblər.

Qeyd edək ki, professor Nizami Xudiyev böyük alimin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyası” adlı monoqrafiya hazırlayıb. Monoqrafiyada Ə.Dəmirçizadənin həyatı, yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti haqqında xatirə, düşüncə və mülahizələr öz əksini tapıb. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Nəbi Əsgərovdur.

Sonra konfrans öz işini 3 bölmədə-Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair dövlət siyasəti, Azərbaycan dilçiliyinin aktual problemləri və Nitq mədəniyyəti problemləri bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 60-dan çox məruzə dinlənilib. Bölmə iclaslarında məruzələr müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA