ADPU-da Bülbülün 120 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

ADPU-da Bülbülün 120 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Dekabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitedə görkəmli opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Xalq artisti Bülbülün 120 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, tədbirdən öncə iştirakçılar Bülbüllə bağlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur. Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır. Sərəncamda milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə müvafiq dövlət təşkilatlarının tədbirlər planını hazırlayıb həyata keçirilmələri öz əksini tapıb.

Tədbirdə Musiqi və onun tədrisi metodikası kafedrasının baş müəllimi Şəhla Quliyeva çıxış edərək Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Bülbül 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlamışdır. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana qayıtmış və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1938-ci ildə “SSRİ xalq artisti” adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 2 dəfə “Lenin” ordeninə, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın “Qaribaldi” ordeninə və medallara layiq görülmüşdür. 1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Şəhla Quliyeva qeyd edib ki, təbiətin nadir nemətlərindən biri də gözəl səsdir. Gözəl səs hər xalqın mədəniyyət xəzinəsini bəzəyən ən qiymətli incilərindəndir. Bu il 120 illik yubileyini qeyd etdiyimiz Bülbül də belə nadir səs sahibi idi.Onun səsi, oxuduğu mahnı və təsniflər, romanslar, yaratdığı obrazlar əbədi şöhrət, ölməzlik qazanmışdı. Bülbülün çox geniş diapazonlu gözəl, emosional səsi, yüksək vokal texnikası, təkrarsız diksiyası və geyri-adi nəfəsi var idi. O, incəsənətdə əsl möcüzə yaradan sənətkar idi.Öz səsi ilə insanların ürəyində gözəllik, xeyirhaxlıq, fədakarlıq və digər hisslər oyadırdı. Bülbül yaradıcılıq fəaliyyəti dövründə öz vokal sənəti məktəbini yaratmasıdır. Həmçinin Bülbül Azərbaycan xanəndəlik məktəbi ilə ümumavropa və rus ifaçılıq məktəbinin sintezini əyani sürətdə nümayiş etdirən Azərbaycan professional vokal məktəbinin yaradıcısı olmuşdu.

Bülbül ilk baxışda bir-birindən çox uzaq olan iki musiqi dünyasını – Şərq və Qərb musiqisini öz sənəti ilə yaxınlaşdırıb, birləşdirib, yüksək sənət örnəkləri yaratmışdır. Bununla da yalnız Azərbaycanda deyil, bəlkə də bütün İslam Şərqində yeni vokal üslubunun təməlini qoymuşdur. İtalyan operalarındakı ariyalardan “Cahargah”, “Müxalif” təsniflərinə qədər uzanan ucsuz-bucaqsız bir musiqi dünyası Bülbülün ezaskar səsində birləşirdi. Yəni bu gözəl səsdə 2 musiqi aləmi – Avropa və Şərq musiqisi bir-birinə qovuşurdu.

Bülbül təkrarolunmaz sənətkar idi. O, Azərbaycan vokal sənətinin banisidir. Onun yaradıcılıq diapazonu olduqca geniş və çoxşaxəlidir. Azərbaycan muğamlarından, xalq mahnılarından tutmuş Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərinə qədər ifa etdiyi musiqi nömrələri Bülbülün sözün əsl mənasında böyük sənətkar olduğunu bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda musiqi xadimlərinə, ədəbiyyat və incəsənət adamlarına böyük qiymət vermiş və Bülbül haqqında belə demişdir: “Bülbül, onun yaradıcılığı Azərbaycan mədəniyyətinin tarixində nadir, parlaq bir hadisədir”.

Tədbirdə tələbələr Mirvarid Dilbazinin “Oxu Bülbül, oxu Bülbül!”, İlyas Tapdıqın “Bülbül” şeirlərini söyləyiblər, fakültənin birləşmiş xorunun ifasında “Gülə-gülə”, “Qara gözlər” xalq mahnıları təqdim edilib. Bülbüllə bağlı slaydlar nümayiş olunub, Azərbaycan və italyan dillərində musiqilər, Asəf Zeynallının “Ölkəm” romansından bir parça, Niyazinin “Arzu”, “Vətən nəğməsi” mahnıları, Bülbülün ifsında “Koroğlu” operasından Koroğlunun ariysı, “Gözlə məni”, “Gülə-gülə” xalq mahnısı, Üzeyir Hacıbəylinin “Sevgili canan”, Tofiq Quliyevin “Bakı haqqında mahnı”sı səsləndirilib.

Konsert proqramı hamıda yüksək əhvali-ruhiyyə, xoş ovqat yaradıb.

Loading...

QALEREYA