ADPU-da davamlı gənclər siyasəti uğurla həyata keçirilir

ADPU-da davamlı gənclər siyasəti uğurla həyata keçirilir

Hələ tələbəlik illərindən başlayaraq həmişə bir sual ətrafında fikirləşmişəm: Əsl müəllim necə olmalıdır? Həmişə də cavabım bir olub: Vicdanlı! Düşünmüşəm ki, vicdanlı olmaq həm də milli-mənəvi dəyərlərə sadiq qalmaq, xalqını, millətini sevmək deməkdir, məsuliyyət deməkdir. Bu mənada “vicdanlı” sözünü əsl müəllimin səciyyəvi xüsusiyyətlərini öz varlığında daşıyan bir meyar kimi qəbul etmişəm.

Artıq üç ildir ki, ali məktəbdə dərs deyirəm, dilimizin incəliklərini, sevə-sevə öyrətməyə çalışıram. Sözün düzü, bəzən tələbəlik illərində olduğu kimi keçən bu müddət ərzində də dəfələrlə dost-tanışdan ixtisasımı, işimi, peşəmi başqa bir ixtisasa dəyişmək haqqında çoxlu təkliflər eşitmişəm. Lakin hər dəfə də böyük söz ustadlarımız Səməd Vurğunun “Kim ki iş üstündə ürək əridir, gülşənə döndərir bomboz çölləri” və Mədinə Gülgünün “İnsan zirvələri fəth eləyərmi; Onda səbir, inam, dözüm olmasa?” fikirlərini rəhbər tutaraq öz üzərimdə işləmiş, təkmilləşməyə çalışmışam.

Fəxrlə deyə bilərəm ki, bir zamanlar respublikamızın ayrı-ayrı ali məktəblərində Əbdüləzəl Dəmirçizadə, Əlövsət Abdullayev, Muxtar Hüseynzadə, Afad Qurbanov, Yusif Seyidov, Qəzənfər Kazımov kimi tanınmış alimlərimizin apardığı mühazirə və seminarları bu gün mən də aparıram. Öz üzərimdə işləyə-işləyə, müəllimlərimdən öyrənə-öyrənə, işimi sevə-sevə... Bax, bu şəraiti mənə yaratdığı üçün ADPU-nun rəhbərliyinə dərin minnətdarlıq hissi ilə təşəkkürümü bildirirəm. Düzü, təəssüratlarımı xeyli müddətdir ki, qələmə almağa çalışırdım. Lakin professor Cəfər Cəfərovun “Azərbaycan müəllimi” qəzetinin 47-ci nömrəsində “Müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir” başlığı ilə dərc olunmuş müsahibəsini oxuduqdan sonra, həmin fikirlərimi yazıya köçürməyi, bir növ, mənəvi borc hesab etdim.

Bu gün ADPU özünün yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. ADPU-da aparılan islahatlar, yeniliklər, görülən işlər, uğurla həyata keçirilən davamlı gənclər siyasəti bu ali təhsil müəssisəsini respublikamızda öndə gedən ali təhsil müəsissələrindən birinə çevirmək üzrədir. Xüsusi qeyd etmək istəyirəm ki, ADPU-da uğurla həyata keçirilmiş çoxsaylı islahatlardan biri də professor-müəllim heyətinin seçkisi ilə bağlıdır. “Xalq” və “Azərbaycan müəllimi” qəzetlərinin 4 mart 2017-ci il tarixli saylarında verilmiş elana əsasən keçirilmiş seçkini ADPU tarixində öz həcmi, tutumu və potensialına görə bir ilk adlandırmaq olar. Bunun sayəsində mənim kimi onlarla gənc müəllim uğur qazandı. Düzdür, mən müsabiqədə yer tuta bilmədim. Lakin müsabiqənin yekununda yüksək bal topladığıma görə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında 0,5 ştatdan birillik müqavilə yolu ilə tam ştat müəllim vəzifəsinə təyin olundum. Yeri gəlmişkən, bir məqamı da xüsusi qeyd etmək istəyirəm: Həmin seçkidə namizəd olmaqla yanaşı, eyni zamanda seçkinin təşkili və keçirilməsi üçün yaradılmış komissiyanın üzvü təyin olunmuşdum. Universitet rəhbərliyinin mənə etimad göstərib belə bir əhəmiyyətli komissiyaya üzv təyin etməsi mənim üçün bir uğur idi. Həm də hesab edirəm ki, bu, mənim simamda gəncliyə böyük inamın ifadəsi idi.

Əslində, bu seçkidən sonra, uğurlarım daha da artdı. Bu müddətdə ilk dəfə rəsmi olaraq mühazirə demək hüququ qazandım. Belə ki, müdafiə etmədiyim üçün( hazırda dissertasiya mövzusu üzərində işləyirəm.) mühazirə demək hüququm yox idi. Lakin ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının 14.09.2017-ci il tarixli 1 saylı iclasının qərarına əsasən mühazirə oxumaq hüququ qazandım. Böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, bu gün ADPU-nun ən sanballı, ən potensiallı kafedralarından biri olan Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimiyəm. Bu kafedrada çoxlu sayda tanınmış və nüfuzlu elmlər doktorlarının əhatəsində olmaq, onlarla fikir mübadiləsi aparmaq, onlardan öyrənmək gənc bir müəllim üçün böyük stimul verir və gələcəyə doğru yeni uğurlu yollar açır.

İlkin Əsgər,

ADPU-nun Azərbaycan dili

və onun tədrisi metodikası kafedrasının müəllimi

Loading...

QALEREYA