ADPU-da işə yeni qəbul edilən əməkdaşlarla görüş keçirilib

ADPU-da işə yeni qəbul edilən əməkdaşlarla görüş keçirilib

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov işə yeni qəbul edilən əməkdaşlarla görüş keçirib. Görüşdə ADPU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru Ümid Mehdiyev, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, vakant vəzifələrin tutulması üzrə yaradılmış Müsabiqə Komissiyasının üzvləri: İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev və dosent Razim Məmmədov iştirak ediblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Universitetdə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri kadr islahatlarıdır. İdarəetmənin optimallaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, insan resurslarının inkişaf etdirilməsi qarşımızda duran əsas hədəflərimizdən biridir. Bir müddət öncə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün müsabiqə keçirilib. Əvvəllər bu seçki formal şəkildə keçirilib. Biz real, demokratik, alternativ əsaslarla müsabiqə təşkil etdik və bu müsabiqə uğurlu alındı. Xüsusi qeyd etmək istəyirəm ki, bu müsabiqə ölkəmizin ali məktəbləri arasında ilk dəfə ADPU-da keçirilib. Müsabiqə ölkəmizin tanınmış və nüfuzlu təhsil ekpertləri, eləcə də təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Həmçinin bir müddət əvvəl vakant fakültə dekanları və kafedra müdirlərinin seçilməsi üçün müsabiqə keçirilib. Bu müsabiqə də şəffaf və obyektiv, qanunvericiliyin tələblərinə uyğun keçirilib. Başlıca hədəfimiz şəffaflığın təmin edilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bütün bunlarla yanaşı, tədris–yardımçı heyətin, tyutorların, laborantların seçki yolu ilə işə qəbul edilməsi də ali təhsil sistemimizdə ilk dəfə ADPU-da tətbiq edilib.

Rektor qeyd edib ki, vakant vəzifələrin tutulması üçün Müsabiqə Komissiyası yaradılıb. Müsabiqə barədə mediada müvafiq elan dərc edilib,

universitetin saytında yerləşdirilib, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Müsabiqəyə çıxarılan 22 vakant vəzifə üçün 91 nəfər namizədin sənədi qəbul edilib. Müsabiqə 2 mərhələdə keçirilib. Müsabiqənin 1-ci mərhələsində dekanlıq və kafedralardan 27 nəfər haqqında müsbət rəy alınıb və onlar 2-ci mərhələyə buraxılıblar. Komissiyanın keçirdiyi müsahibə və qiymətləndirmə nəticəsində 19 nəfərin sənəd verdiyi vəzifəyə təyin olunması məqsədəuyğun hesab edilib. Onlardan 10 nəfəri ADPU-nun məzunları, 9 nəfəri isə kənardan gələn mütəxəssislərdir.

İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova çıxış edərək fakültələr üzrə vakant vəzifələrin tutulmasının nəticələri barədə məlumat verib.

İşə yeni qəbul edilən əməkdaşlardan Günel Əsgərli, Nübar İsazadə, Qumru Balaxanova və digərləri çıxış edərək müsabiqənin şəffaf və obyektiv keçirilməsinə, eləcə də gənc mütəxəssislərə göstərdiyi diqqət və qayğıya görə rektor Cəfər Cəfərova təşəkkür ediblər.

Görüşə yekun vuran rektor Cəfər Cəfərov işə yeni qəbul edilən əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. Eyni zamanda onlara məsuliyyətlə çalışmağı, əmək intizamına riayət etməyi, işi çevik, səmərəli qurmağı və bütövlükdə ADPU-da aparılan islahatların, yeniliklərin aparıcı qüvvəsi olmağı tövsiyə edib.

Loading...

QALEREYA