ADPU-da Məzun Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da Məzun Gününə həsr edilmiş tədbir keçirilib

İyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun Gününə həsr edilmiş tədbir keçirilib. Universitetdən Hurriyyet.org-a verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar və xoş gün münasibətilə təbrik edib, məzunlara gələcək həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, onların gələcəkdə müstəqil ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Rektor Cəfər Cəfərov qeyd edib ki, müəllimlik şərəfli, müqəddəs, eyni zamanda çətin və məsuliyyətli bir peşədir. Müəllimin insan həyatında çox böyük rolu var. Müəllimlər xalqın, millətin, ölkənin gələcəyini müəyyən edirlər. Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır. Azərbaycan ziyalıları arasında müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər, xüsusi qayğı və diqqətlə əhatə olunmalıdırlar. Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev demişdir: “Təhsil hər bir dövlətin gələcəyidir. Hər bir ölkənin inkişaf dinamikasının hərəkətverici qüvvəsi təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz təhsil. Buna görə də Azərbaycanda təhsilin səviyyəsi daha da yüksəlməlidir, təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir. Təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verir. Dövlət başçımız demişdir: “Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva elm və təhsilin inkişafinda əvəzsiz xidmətlər göstərir. Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur.

Rektor bildirib ki, bu il ADPU-nu 8 fakültə üzrə əyani təhsilalma forması üzrə 1704 nəfər, 7 fakültə üzrə qiyabi təhsilalma forması üzrə isə 179 nəfər (cəmi 1883 nəfər) məzun bitirir. Builki tədris ilində ADPU-nun Ağcabədi Filialını əyani təhsilalma forması üzrə 3 ixtisas üzrə 79 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 11 nəfər (cəmi 90 nəfər), Cəlilabad Filialını əyani təhsilalma forması üzrə 4 ixtisas üzrə 81 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 23 nəfər (cəmi 104 nəfər), Şəki Filialını əyani təhsilalma forması üzrə 7 ixtisas üzrə 239 nəfər, Şamaxı Filialını əyani təhsilalma forması üzrə 4 ixtisas üzrə 79 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 16 nəfər (cəmi 95 nəfər), Quba Filialını əyani təhsilalma forması üzrə 5 ixtisas üzrə 110 nəfər, qiyabi təhsilalma forması üzrə isə 1 ixtisas üzrə 26 nəfər (cəmi 136 nəfər) məzun bitirir. Ümumilikdə bu il ADPU-nun 5 filialını 664 nəfər məzun bitirir. Builki tədris ilində universitetin magistraturasını 23 ixtisas, 25 ixtisaslaşma üzrə 401 nəfər magistr bitirir. Bu il ADPU-nun SABAH qruplarını 2 ixtisas üzrə 27 nəfər məzun bitirir. Cari ildə universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə 5 ixtisas üzrə 19 nəfər, magistratura səviyyəsi üzrə isə 2 ixtisas üzrə 4 nəfər (cəmi 23 nəfər) əcnəbi tələbə bitirir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini (ADPK) isə 7 ixtisas üzrə əyani təhsilalma forması üzrə 495 nəfər, qiyabi təhsilalma forması üzrə isə 83 nəfər (cəmi 578) məzun bitirir. Bütövlükdə bu il ADPU-nu filiallar və ADPK ilə birlikdə 3576 nəfər məzun bitirir.

Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov akamedik göstəriciləri yüksək olan və sosial fəallığına görə xüsusi fərqlənən məzunlar haqqında məlumat verib, onlara plaketlər təqdim edilib.

Tədbir məzun-gənclərin hazırladıqları bədii-musiqili kompozisiya və tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

Hurriyyet.org

Loading...

QALEREYA