ADPU-da Məzun Gününə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

ADPU-da Məzun Gününə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar və xoş gün münasibətilə təbrik edib, məzunlara gələcək həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, onların gələcəkdə müstəqil ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Rektor Cəfər Cəfərov qeyd edib ki, müəllimlik şərəfli, müqəddəs, eyni zamanda məsuliyyətli peşədir. Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev demişdir: “Təhsil hər bir dövlətin gələcəyidir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva demişdir: “Əsas hədəfimiz savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”.

Rektor bildirib ki, bu il ADPU-nu 8 fakültə üzrə əyani təhsilalma forması üzrə 2193 nəfər, 7 fakültə üzrə qiyabi təhsilalma forması üzrə isə 136 nəfər -ümumilikdə 2329 nəfər məzun bitirir. Builki tədris ilində universitetin magistraturasını 16 ixtisas, 18 ixtisaslaşma üzrə 388 nəfər magistr, SABAH qruplarını 1 ixtisas üzrə 30 nəfər məzun, ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 ixtisas üzrə 35 nəfər, magistratura səviyyəsi üzrə isə 2 ixtisas üzrə 9 nəfər- ümumilikdə 44 nəfər əcnəbi məzun, Davamlı təhsil və təlim şöbəsini 8 ixtisas üzrə 162 nəfər dinləyici bitirir. Builki tədris ilində ADPU-nun Ağcabədi Filialını əyani təhsilalma forması üzrə 7 ixtisas üzrə 144 nəfər, Cəlilabad Filialını əyani təhsilalma forması üzrə 4 ixtisas üzrə 102 nəfər, Şəki Filialını əyani təhsilalma forması üzrə 8 ixtisas üzrə 254 nəfər, Şamaxı Filialını əyani təhsilalma forması üzrə 5 ixtisas üzrə 127 nəfər, Quba Filialını əyani təhsilalma forması üzrə 6 ixtisas üzrə 175 nəfər məzun bitirir. Ümumilikdə bu il ADPU-nun 5 filialını 802 nəfər məzun bitirir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini (ADPK) isə 7 ixtisas üzrə əyani təhsilalma forması üzrə 846 nəfər məzun bitirir. Bütövlükdə bu il ADPU-nu filiallar və ADPK ilə birlikdə 4601 nəfər məzun bitirir.

Rektor çıxışında vurğulayıb ki, son illər ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması üçün ardıcıl addımlar atılır. Ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamları ilə onların aylıq vəzifə maaşlarının sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması bunu bir daha təsdiqləyir.

Çıxışının sonunda rektor məzun-gənclərə elmin sürətlə inkişaf etdiyi müasir dünyamızda elmi yenilikləri dərindən öyrənməyi, əldə etdikləri bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı, fəal və ləyaqətli vətəndaş olmağı, milli-mənəvi dəyərlərimizi yüksək tutmağı, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə edib.

Sonra təhsildə, ictimai fəaliyyətdə və idmanda xüsusi fərqlənən məzunlara fəxri fərmanlar təqdim edilib.

Tədbir tələbələrin,gənc müğənnilərin və tanınmış incəsənət ustalarının hazırladıqları konsert proqramı ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz