ADPU-da “Milli iqtisadiyyat, modernləşmə və istehlakçı hüquqları” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Milli  iqtisadiyyat, modernləşmə və istehlakçı hüquqları” mövzusunda dəyirmi masa keçirilib

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü münasibətilə tələbələr üçün “Milli iqtisadiyyat, modernləşmə və istehlakçı hüquqları” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azad İstehlakçılar Birliyinin məsul şəxsləri iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümud Mehdiyev bildirib ki, 15 Mart–Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü beynəlxalq miqyasda qeyd edilir. Bugünkü tədbirin keçirilməsində məqsəd istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud vəziyyəti təhlil etmək, aidiyyəti dövlət təşkilatlarının bu sahədə vəzifələri barədə müzakirələr aparmaq, dövlət təşkilatları-istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına nail olmaq, istehlakçı hüquqları ilə bağlı həyata keçiriləcək təbliğat-təşviqat və digər maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Prorektor Ü.Mehdiyev universitetin rəhbərliyi və kollektivi adından belə aktual mövzuda maarifləndirici tədbirin keçirilməsinə görə tədbirin təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə minnətdarlığını bildirib və tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Dəyirmi masada Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev “İstehlakçıların hüquqlarının qorunması davamlı iqtisadi artım və məsuliyyətli istehlakın təmin edilməsi kontekstində” mövzusunda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sektor müdiri Yusif Hüseynov “İstehlakçıların hüquqlarının müdafiəsində yeni yanaşma: Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Nizami Zeynalov “Qida məhsulları bazarında istehlakçıların hüquqları və onların qorunması sahəsındə görülən işlər” mövzusunda, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “İstehlakçı hüquqlarının təmin olunmasında modernləşmə xətti başlıca istiqamət kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Qeyd edilib ki, respublikamızda istehlakçıların hüquqları dövlət tərəfindən qorunur. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 19 sentyabr 1995-ci il tarixində qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəqiq düşünülmüş, cəmiyyətin tələb və reallıqlarını nəzərə alan siyasəti nəticəsində ölkəmizin sürətli iqtisadi inkişafı təmin edilib. Son illər istehlakçı hüquqlarının müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. İstehsalçı və satıcı malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir. Mal haqqında istehlakçıya dolğun və düzgün məlumat verilməlidir. Məruzəçilərin çıxışlarında alqı-satqı, iş görülməsi və xidmət göstərilməsi zamanı müqavilə öhdəlikləri, elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi, qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması sahəsində ictimai təşkilatların rolu və digər vacib məqamlar barədə ətraflı məlumatlar verilib.

Tədbirdə həmçinin yeni dövrün tələblərinə uyğun olaraq istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə bu sahədə aparılacaq təkmilləşdirmələr barədə iştirakçıların təklifləri dinlənilib, maraqlı və geniş fikir mübadiləsi aparılıb.

Tələbə-gənclərə maarifləndirici bukletlər və broşürlər paylanılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb.

Hurriyyet.org