ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfrans keçirildi

ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfrans keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirildi. Konfransda əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hurriyyet.org xəbər verir ki, konfransı giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov pedaqoji təcrübənin başlanması münasibətilə tələbələri təbrik etdi və onlara uğurlar arzuladı. Dosent E.Aslanov tələbələrə təhsilin vacib bir komponenti olan pedaqoji təcrübənin əhəmiyyətindən danışdı. Bildirdi ki, tələbələr universitetdə oxuduqları müddətdə əldə etdikləri nəzəri bilikləri pedaqoji təcrübədə tətbiq edirlər.

Dosent E.Aslanov metodist müəllimlərin pedaqoji təcrübədə həyata keçirəcəkləri işlərin əhəmiyyətindən bəhs etməklə yanaşı, onlara da uğurlar arzuladı. O, pedaqoji təcrübənin keyfiyyətini artırmaq üçün fakültələrdə yaradılmış komissiyaların fəaliyyət istiqamətlərini nəzərə çatdırdı. Qeyd etdi ki, fakültələrdə pedaqoji təcrübə ilə bağlı komissiyanın yaradılmasında əsas məqsəd həm tələbələrə dəstək vermək, həm də pedaqoji təcrübənin obyektiv, şəffaf və keyfiyyətli keçirilməsini təmin etməkdir.

Konfransda çıxış edən Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev təhsil prosesinin ayrılmaz hissəsi olan pedaqoji təcrübənin əhəmiyyəti və mahiyyətindən danışdı. Dosent S.Əliyev çıxışında builki pedaqoji təcrübənin digər illərdən fərqli olduğunu qeyd etdi. Bütün fakültələrin eyni vaxtda pedaqoji təcrübə keçəcəyini və bu işin çox məsuliyyətli olduğunu vurğuladı.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək tələbələrə uğurlar arzuladılar. Onlar tələbələrə pedaqoji təcrübə keçəcəkləri məktəblərdə qayda-qanunlara əməl etməyi və məktəbdə keçirilən bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etməyi, tanınmış şair və yazıçılarla, elm xadimləri ilə görüşlər təşkil etməyi tövsiyə etdilər. Sonra dosent Fəxrəddin Yusifov və dosent Xankişi Məmmədov çıxış edərək pedaqoji təcrübədə olan yeniliklərdən danışdılar və tələbələrə uğurlar arzuladılar.

Konfransda tələbə-gənclər çıxış edərək öz sevinclərini bölüşdülər və ADPU-nun tələbələri olmalarından qürur duyduqlarını bildirdilər. Konfransın sonunda Fizika və texnologiya fakültəsinin tələbələri ötən ilin pedaqoji təcrübəsinin gedişini əks etdirən slayd nümayiş etdirdilər.

Loading...

QALEREYA