ADPU-da pedaqoji təcrübənin yekunlarına həsr edilmiş konfrans keçirilib

ADPU-da pedaqoji təcrübənin yekunlarına həsr edilmiş konfrans keçirilib

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsində əyani və qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələrin pedaqoji təcrübəsinin yekunlarına həsr edilmiş konfrans keçirilib. Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, universitetin Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, direktor müavini, dosent Ənvər İmanov, Təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyasının üzvləri, fakültə dekanları, kafedra müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar, tələbələrin pedaqoji təcrübə keçdikləri tam orta məktəblərin direktorları, müəllimləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda pedaqoji təcrübədə olmuş tələbələrin “Pedaqoji təcrübədə nə gördük? Nə eşitdik? Nə etdik?”sualları əsasında debatı təşkil edilib.

ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov 2018-2019-cu tədris ilinin pedaqoji (istehsalat və çöl) təcrübəsinin nəticələri haqqında çıxış edib. Dosent E. Aslanov qeyd edib ki, ADPU üzrə 2018-2019-cu tədris ilinin pedaqoji (istehsalat və çöl) təcrübəsi 14 həftə müddətində və çoxtərəfli müqavilələrə əsasən keçirilib. Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrdə ikitərəfli müqavilə əsasında, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəb və liseylərində üçtərəfli müqavilə əsasında, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin məktəbəqədər təhsil müəssisələrində, 2 özəl müəssisədə ikitərəfli müqavilə əsasında, filiallar üzrə 36 məktəbdə pedaqoji təcrübələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 müəssisəsində istehsalat təcrübələri, Abşeron, Xızı və Şirvan Milli Parklarında, Xıllı Nərə Balıqartırma, Neftçala Yod-Brom və Sənaye Məhəlləsinin zavodlarında, o cümlədən Avtomobil zavodunda çöl təcrübəsi təşkil edilib. ADPU-nun 3827 nəfər tələbəsi pedaqoji təcrübə keçib. Onlardan 2469 nəfər əyani və qiyabi təhsil alan tələbələr, 162 nəfər Davamlı təhsil və təlim şöbəsinin dinləyiciləridir. Filiallar üzrə 802 nəfər olmaqla, cəmi 3433 nəfər bakalavr və 394 nəfər magistr təcrübə keçib. Təşkilati iş səmərəli qurulub. Belə ki, ADPU üzrə Pedaqoji Təcrübə Komissiyasının yaradılması, komissiyanın müntəzəm iclaslarının keçirilməsi və müvafiq qərarların qəbul edilməsi, tələbələrə “Yaddaş kitabçası”nın və pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr verilməsi təcrübənin uğurlu nəticələri haqqında danışmağa imkan verir. Cari tədris ilində keçirilmiş təcrübənin sonunda hər bir təcrübəçi tələbənin istehsalat müəssisələrində hesabat-təqdimatının keçirilməsi, müvafiq olaraq hesabatın 10 balla qiymətləndirilməsi Elmi Şurada müzakirə edilərək qərarlaşdırılıb. Builki tədris ilində 70313 saat dərs yükü məktəblərdə təşkil olunan metodika dərslərinə ayrılıb. Tədris-metodiki iş pedaqoji təcrübənin yüksək səviyyədə keçirilməsinə imkan yaradıb. Tələbələr 7 semestri tamamladıqlarından gələcək semestr imtahanları barədə düşünmədən, gərginlik keçirmədən təcrübədə müəllimin əmək fəaliyyətinə tam yaxın mühitdə fəaliyyət göstəriblər. Tələbələr birinci həftədə hazırlıq işlərini görməyə, dərsləri müşahidə etmək üçün vaxt qazanıblar. Tələbələrin ardıcıl olaraq 12 sınaq dərsi keçməsi də onların ardıcıl və sistemli bacarıqlar əldə etmələrinə kömək edib. Belə ki, onlar standart dərs tiplərindən kənara çıxaraq qeyri-standart dərslərin-ekskursiya, laboratoriya, məşğələ, dəyirmi masa, debat, disput və sairənin də təşkilinə imkan əldə ediblər.

Dosent E.Aslanovun çıxışında həmçinin pedaqoji (istehsalat və çöl) təcrübələri zamanı mövcud olan çatışmazlıqlar və onların aradan qaldırılması yolları öz əksini tapıb.Çıxışının sonunda dosent E. Aslanov pedaqoji təcrübəni başa vurmuş tələbələrə uğurlar arzulayıb.

Konfransda 57 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Elşən Dadaşov, ADPU-nun elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva çıxış edərək universitetin tələbələrinin yüksək bilik və bacarığa, geniş dünyagörüşünə malik olduqlarını, müasir informasiya-kommunikasiya texnologiyalarını yaxşı bildiklərini vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığa görə ADPU-nun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev çıxışında qeyd edib ki, ADPU bizim üçün xüsusi əhəmiyyət kəsb edən ali təhsil müəssisəsidir. Çünki bizim kadr potensialımız ADPU-da yetişir. Pedaqoji təcrübə tələbələrin bilik, bacarıq və təcrübələrinin artmasına səmərəli təsir göstərir. Pedaqoji təcrübənin təkmilləşdirilməsi olduqca vacibdir. Rəşad Tağıyev pedaqoji təcrübə keçmiş tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda yekun sözü ilə çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, bu gün universitetdə xoş bir ovqat var. Tələbələrin dialoqu bizdə xoş təəssürat yaratdı. Pedaqoji təcrübə tədris prosesinin tərkib hissəsidir. 100-dən çox məktəbdən ADPU-ya pedaqoji təcrübə ilə bağlı təşəkkür məktubları ünvanlanıb. Bu, bizi çox sevindirir. Ölkənin gələcəyi təhsildən, məktəbdən, müəllimdən asılıdır. Məktəblərin müasir tələblərə uyğun fəaliyyət göstərmələri üçün yüksək səviyyəli pedaqoji kadrların olması vacibdir. ADPU müəllim hazırlığının mərkəzi hesab edilir. Siz gələcəkdə daha dinamik cəmiyyətdə yaşayacaqsınız. İnanırıq ki,siz faydalı insan, yüksəkixtisaslı mütəxəssis, ləyaqətli vətəndaş kimi yetişəcəksiniz. Yolunuz açıq, məqsədiniz aydın olsun! Bu yolda sizə uğurlar arzulayıram!

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA