ADPU-da PETRA layihəsi çərçivəsində öyrənilmiş Avropa təcrübəsi ilə bağlı təqdimat keçirilib

ADPU-da PETRA layihəsi çərçivəsində öyrənilmiş Avropa təcrübəsi ilə bağlı təqdimat keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) PETRA layihəsi çərçivəsində keyfiyyətin təminatı sahəsinə dair öyrənilmiş Avropa təcrübəsi ilə bağlı təqdimat keçirilib.

Universitetdən Hurriyyet.org-a verilən məlumata görə, təqdimatda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq şöbələrin müdirləri və müəllimlər iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq universitetin tərəfdaşlarından biri olduğu PETRA layihəsi çərçivəsində tədris və təlim, keyfiyyətin təminatı ilə bağlı müasir Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, sözügedən layihə çərçivəsində əməkdaşlarımızın xarici təcrübəni öyrənmək imkanı əldə etmələri müsbət haldır. Beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı işləri daha da inkişaf etdirmək, universitetdə bütün sahələrdə keyfiyyətin təmin olunmasına şərait yaradan müasir təcrübəni tətbiq etmək olduqca faydalıdır.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək ali təhsil müəssisələrinin daha da inkişaf etməsində layihələrin, xüsusilə də, beynəlxalq layihələrin özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, bu cür layihələr universitetin zamanın tələblərinə uyğun istiqamətdə inkişaf etməsinə, yeniliklərin tətbiqinə, müasir Avropa ali təhsil məkanına inteqrasiya etməsinə öz töhfəsini vermiş olur.

Sonra ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov tərəfdaşlarından biri olduğumuz “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləş­dirilməsi” (Promoting Excellence in Teasching and Learning in Azerbaijani Universities – PETRA) layihəsi çərçivəsində keyfiyyətin təminatı ilə bağlı öyrənilmiş Avropa təcrübəsi haqqında təqdimat nümayiş etdirib. O, layihə çərçivəsində keçirilmiş görüşlər haqqında, xüsusilə ötən ilin noyabr ayında baş tutmuş Ankara səfəri və mart ayında reallaşmış Avstriya səfəri haqqında məlumat verib.

Vurğulayıb ki, layihə üzrə 5-9 mart 2018-ci il tarixlərində Avstriyanın Vyana şəhərində yerləşən Vyana Tətbiqi Elmlər Universitetində (University of Applied Sciences bfi Vienna) keçirilmiş sonuncu görüşdə onunla bərabər universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova yerli və avropalı tərəfdaş ali məktəblərin nümayəndə­lə­ri ilə birlikdə təlimdə iştirak ediblər. R.Sadıqov layihənin mahiyyəti, tərəfdaşları, onun əsas məqsədləri və gözlənilən nəticələr, keyfiyyətin təmin olunmasında mühüm rol oynayan amillər, o cümlədən, ali məktəbdə özünüqiymətləndirmənin, müxtəlif məmnunluq sorğularının keçirilməsi haqqında geniş danışıb.

5 gün davam edən təlimdə Avstriyada tədqiqat və inkişaf sistemi, maliyyələşmə, tədrislə tədqiqatın əlaqəsi, keyfiyyətin təminatı və idarə olunması və s. haqqında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb. Qeyd olunanları nəzərə alaraq, sözügedən layihə çərçivəsində indiyədək keçirilmiş görüşlərdə tədris, təlim və keyfiyyətin təminatı sahəsində öyrənilmiş müasir Avropa təcrübəsinin universitetin inzibati və akademik heyətinə təqdim olunmasının faydalılığı diqqətə çatdırılıb. R.Sadıqov xarici səfərlərdə iştiraka şərait yaratdığına görə universitetin rektoru, professor Cəfər Cəfərova və layihənin koordinatoru, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadəyə öz təşəkkürünü bildirib.

Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev,Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək təqdimatın keçirilməsini yüksək qiymətləndirərək öz fikir və təkliflərini bölüşüblər.

Rektor Cəfər Cəfərov təqdimata yekun vuraraq gələcəkdə də bu cür tədbirlərin keçirilməsi ilə bağlı öz tövsiyələrini verib.

Hurriyyet.org

Loading...

QALEREYA