ADPU-da professor Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-da professor Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Müasir Azərbaycan dili kafedrasının yaradıcısı və ilk kafedra müdiri olmuş filologiya elmləri doktoru, professor, dilçi-türkoloq Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə professor Həsən Mirzəyevin Fəxri Xiyabanda məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova professor Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. H.Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H.Mirzəyev 1959–1962-ci illərdə ADPU-da “Azərbaycan dilçiliyi” ixtisası üzrə aspiranturada təhsil alıb. Aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək ADPU-da işləyib. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan müavini vəzifələrində çalışıb. H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında H.Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü, Avropa Akademiyasının həqiqi üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

H.Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. H.Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

H.Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.

Tədbirdə çıxış edən Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, həmin kafedranın professoru Mirvari İsmayılova, dosent Könül Səmədova, dosent Yeganə Qəhrəmanova, Türk araşdırmaları elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri, professor Elman Quliyev H.Mirzəyevin keçdiyi həyat yolundan, elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən danışıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA