ADPU-da professor Knyaz Mirzoyevlə görüş

ADPU-da professor Knyaz Mirzoyevlə görüş

Fevralın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin Şərq dilləri və tərcümə kafedrasının müdiri, professor Knyaz Mirzoyevlə görüşüb. Görüşdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Filologiya fakültəsinin dekan müavini, dosent Məhərrəm Hüseynov iştirak ediblər.

Rektor Cəfər Cəfərov görüş zamanı ADPU haqqında məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya qoşulub. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-da 18 minə yaxın tələbə təhsil alır. Universitet öz nüfuzunun artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi və xarici layihələrdə fəal iştirak etmək üçün məqsədyönlü fəaliyyət göstərir. Son illər Azərbaycanda müəllim peşəsinə maraq güclənib. Yüksək bilik səviyyələri ilə fərqlənən və müəllimlik peşəsini seçən gənclərin sayı xeyli artıb. Bu faktı dövlət başçımız cənab İlham Əliyev öz çıxışında xüsusi vurğulayıb. Universitet 2021-ci ildə 100 illik yubileyini layiqincə qeyd edəcəkdir. ADPU Qazaxıstan universitetləri, o cümlədən Abay adına Qazaxıstan Milli Pedaqoji Universiteti ilə əlaqələrini genişləndirmək niyyətindədir.

Professor Knyaz Mirzoyev səmimi və mehriban görüşə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, təmsil etdiyi universitetin professor-müəllim və tələbə heyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və bu əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Hurriyyet.org