ADPU-da professor Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib

ADPU-da professor Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nizami Xudiyevin 70 illik yubileyinə və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, millət vəkilləri, hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məsul şəxsləri, media strukturlarının rəhbərləri, tanınmış və nüfuzlu ziyallılar, incəsənət xadimləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdən öncə yubiley iştirakçıları professor Nizami Xudiyevin əsərləri ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Nizami Xudiyevi dövlət başçımız cənab İlham Əliyevin 4 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu, həm də universitetimizin kollektivinə verilən yüksək qiymətdir. Professor Nizami Xudiyev Azərbaycan cəmiyyətində geniş tanınır, yüksək nüfuza malikdir.

Böyük alimin həyat və fəaliyyəti barədə ətraflı məlumat verən rektor Cəfər Cəfərov bildirib ki, Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprel ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ziyalı ailəsində anadan olub. 1966-cı ildə ADPU-nun Filologiya fakültəsinə qəbul olunan N.Xudiyev “Nizami Gəncəvi” adına fərdi təqaüdlə təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarına əsasən Azərbaycan dilçiliyi kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi, professor elmi adı alıb.

1979-1991-ci illərdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-1994-cü illərdə birinci prorektoru, 1994-1996-cı illərdə rektoru vəzifəsində çalışıb. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin, 2005-2006-cı illərdə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri olub. 1995, 2000 və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsi zamanı tutarlı təklif və mülahizələri, işgüzar çıxışları, fəal mövqeyi ilə həmişə seçilib. Dövlət, hökumət və parlament nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə respublikamızı ləyaqətlə təmsil edib.

Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də professor N.Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib. O, 60-dan çox monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən artıq sənədli televiziya filminin ssenari müəllifidir.

Professor N.Xudiyev orta məktəblərin 3,4,5,10,11-ci sinifləri üçün “Azərbaycan dili”, 2-ci siniflər üçün “Oxu”, ixtisaslaşdırılmış məktəblər üçün “Azərbaycan dili” və “Аnа dili” dərsliklərinin müəlliflərindəndir. Elmi-kütləvi nəşrlərdə, kütləvi informasiya vasitələrində, müxtəlif jurnallarda 400-dən artıq elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu olan “Azərbaycan ədəbi dilinin təşəkkülü”, “Тәrсümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev və Azərbaycan dili”, “Xalq və dövlət naminə”, “Yazıçı dili və üslubu”, “Radio, televiziya və ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın axarı ilə” (I-II), “Şəxsiyyət və zaman”, “Uğurlu yolun layiqli davamçısı”, “ҮАР dünənin, bu günün, sabahın partiyasıdır”, “Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü”, “Qədim türk yazılı abidələrinin dili” və digər fundamental əsərləri N.Xudiyevin Azərbaycan elminə sanballı və əvəzolunmaz töhfəsidir.

Görkəmli alimin bir çox kitab və məqalələri xarici ölkələrdə- İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdə nəşr edilib. Professor N.Xudiyev türkoloq-alim kimi respublikamızda və dünyanın bir çox ölkələrində, həmçinin Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan, Alma-Ata, Ankara, İstanbul, Əskişəhər, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən nüfuzlu türkoloji tədbirlərin-qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olub və bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış edib.

Professor N.Xudiyev onun həyatında mühüm rol oynamış görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyası” adlı monoqrafiya hazırlayıb. Monoqrafiyada Ə.Dəmirçizadənin həyatı, yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti haqqında xatirə, düşüncə və mülahizələr öz əksini tapıb.

91 vətənpərvər ziyalıdan biri olan professor N.Xudiyev böyük bir məktəb - Heydər Əliyev məktəbi keçib və bu məktəbə sadiq qaldığını dəfələrlə əməli işdə təsdiq edib. Ölkəmizin ən nüfuzlu partiyası olan YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə 2009-cu ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, 2013-cü ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” Qızıl medalı ilə təltif edilib. Bir çox beynəlxalq mükafatlara layiq görülüb, beynəlxalq elmi ictimaiyyət arasında yüksək nüfuza malikdir.

Tədbirdə professor N.Xudiyevə universitetdə uzun illər elmi-pedaqoji fəaliyyəti və 70 illik yubileyi münasibətilə universitetin Fəxri Fərmanı təqdim edilib.

Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov “Professor Nizami Xudiyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Professor B.Xəlilovun geniş, əhatəli, maraqlı və məzmunlu məruzəsində professor N.Xudiyevin zəngin, mənalı və şərəfli ömür yolu keçdiyi, Azərbaycan dilçiliyində öz mövqeyi, dəst-xətti olan görkəmli dilçi-alim, istedadlı və təcrübəli müəllim olduğu xüsusi vurğulanıb.

Baş Nazirin müavini Əli Əhmədov, akademik İsa Həbibbəyli, akademik Kamal Abdulla, akademik Nizami Cəfərov, akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Zahid Xəlil, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy çıxış edərək professor N.Xudiyevin xeyirxah, nəcib, qayğıkeş insan, dəyərli ziyalı, yorulmaz, fədakar alim, yüksək səviyyəli peşəkar mütəxəssis, bacarıqlı elm və təhsil təşkilatçısı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən əsl vətəndaş olduğunu, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildiriblər və ona möhkəm cansağlığı, uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə professor N.Xudiyevə Komitənin yubiley medalını təqdim edib, uğurlar arzulayıb.

Sonda professor N.Xudiyev çıxış edərək yubiley tədbirinin təşkilatçılarına təşəkkür edib və bundan sonra da xalqa, dövlətə sədaqətlə, vicdanla xidmət edəcəyini vurğulayıb. Nəvəsi Nizami babasını təbrik edərək onunla fəxr etdiyini bildirib.

Azərbaycanın tanınmış incəsənət ustalarının konsert proqramı tədbirə xüsusi rəng qatıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA