ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-da professor Seyidağa Həmidovun  xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində tanınmış metodist-alim, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Seyidağa Sail oğlu Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə Seyidağa müəllimə həsr olunan sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bir əsrlik ənənəsi olan ADPU-da son illərdəki keyfiyyət dəyişikliyindən, rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıb. Sonra “Professor Seyidağa Həmidovun həyatı və elmi-metodiki yaradıcılığı” mövzusunda məruzə edib, müəllimi ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ADPU burada pedaqoji və elmi-pedaqoji fəaliyyət göstərən ziyalılarımızın zəkası, nuru, işığı ilə müqəddəs məbədə çevrilib. Ömrünü millətin təhsili, maarifi və maarifçiliyi yolunda şam tək əridən belə müdrik insanlardan biri də dəyərli əməlləri, xeyirxahlığı, səmimiliyi, nəcib insani keyfiyyətləri ilə 18 yanvar 2018-ci ildə insanların yaddaşına köçən, xatirələrə çevrilən pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Seyidağa Həmidovdur. O, 1938-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1960-cı ildə ADPU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Bakının Qaradağ rayonunda müəllim işləyib. 1966-cı ildə müsabiqə yolu ilə ADPU-nun Elementar riyaziyyat və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsini tutub. 1972-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə, professor elmi adına layiq görülüb. 1994-2018-ci illərdə Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri olub. Onun rəhbərliyi ilə 13 nəfər gənc namizədlik dissertasiyası müdafiə edib. O, Pedaqoji fakültənin həmkarlar təşkilatının sədri, ilk partiya təşkilatının katibi, universitet Elmi Şurasının elmi katibi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının elmi katibi vəzifəsində çalışıb. 1973-2018-ci illərdə ADPU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Onlarla dərslik və dərs vəsaitinin, elmi-metodik tövsiyənin və məqalələrin müəllifidir.

Tədbirdə çıxış edən ADPU-nun Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova, Riyaziyyat və onun ibtidai kursunun tədris metodikası kafedrasının dosentləri Zahir Kazımov, Qulaməli Balaşov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Şahrza Ağayev 80 il mənalı, şərəfli, ləyaqətli müəllim və alim ömrü yaşayan Seyidağa müəllimlə bağlı xatirələrini bölüşüb, onu tanınmış metodist-alim, bacarıqlı kafedra müdiri, dostluqda sədaqətli, sözündə bütöv, yüksək əxlaq və fəzilət sahibi kimi səciyyələndiriblər. Seyidağa müəllimin tələbəsi Tükəzban Cahangirova müəlliminə həsr etdiyi şeirini oxuyub.

Tədbirdə İbtidai təhsil fakültəsinin əməkdaşları, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Musiqi fənləri və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zenfira Abdullayeva və nəvəsi, İqtisad Universitetinin II tədris ili tələbəsi Hikmət iştirak ediblər.

Tədbirin sonunda ailə adından oğlu, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Səid Həmidov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına, iştirakçılarına və ADPU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA