ADPU-da Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

ADPU-da Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli alim-pedaqoq, pedaqoji elmlər doktoru, professor Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans və “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabının təqdimatı keçirilib.

Universitetdən Hurriyyet.og-a verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, tanınmış alimlər, incəsənət xadimləri, ziyalılar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova bildirib ki, professor Sabir Quliyevin adı ölkəmizin musiqi-pedaqoji ictimaiyyətinə yaxşı tanışdır. Onun respublikamızda ilk dəfə “Musiqi müəllimliyi” ixtisasının yaranmasında, musiqi pedaqogikasının inkişafında, ümumtəhsil məktəbləri üçün milli musiqi kadrlarının hazırlanması sahəsində mühüm xidmətləri olub. S.Quliyevə həsr edilmiş “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabına onunla birgə çalışmış həmkarlarının, dostlarının və ailə üzvlərinin xatirələri daxil edilib. Kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Humay” mükafatı laureatı, professor Zemfira Abdullayevadır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, bu gün universitet növbəti dəfə öz vəfa borcunu yerinə yetirir. Universitetin inkişafında xidmətləri olmuş professor S.Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans və “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabının təqdimatı keçirilir. Ulu öndər Heydər Əliyev Azərbaycanda elm və təhsil xadimlərinə, yazıçılara, şairlərə, ziyalılara dəyər verilməsinin ənənəsini qoyub. Həyatda dərin iz qoymuş insanlara layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir. Bu baxımdan, bugünkü tədbir təqdirəlayiqdir. Rektor çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib.

“Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” mövzusunda məruzə ilə çıxış edən Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva professor S.Quliyevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Bildirib ki, S.Quliyev 1938-ci il aprel ayının 3-də Bakının Bülbülə kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə bitirib. 1970-ci ildən həyatını ADPU ilə bağlayan S.Quliyev burada müəllim, baş müəllim, dosent, kafedra müdiri, professor vəzifələrində çalışıb. 1973-cü ildə “Məktəblilərdə müasir və klassik musiqiyə marağın formalaşması” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Professor S.Quliyevin 40 illik elmi-pedaqoji fəaliyyətinin, yaradıcılığının əsasını milli musiqi vasitəsilə musiqi tərbiyəsi problemləri təşkil edir. Ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində tədris prosesi zamanı milli musiqidən istifadə məsələləri, problemləri ilə ciddi məşğul olmuş, konkret elmi-pedaqoji nəticələr əldə etmiş professor S.Quliyev Azərbaycan musiqi pedaqogikasının əsasını qoyanlardan biridir. O, bir çox elmi konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil edib. 1996-cı ildə “Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan musiqisindən istifadənin nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər doktoru alimlik dərəcəsi alıb. S.Quliyev Azərbaycanda “Musiqi” fənninə dair ilk proqram və ilk “Musiqi” dərsliklərinin müəlliflərindən biri olub. Musiqi pedaqogikası sahəsində elmi kadrların yetişdirilməsi daim onun diqqət mərkəzində olub. 1982-ci ildən ömrünün sonuna kimi Musiqi alətləri kafedrasının müdiri olub. 2001-ci ildə vəfat edib. Bu gün təməli professor S.Quliyev tərəfindən qoyulmuş kafedra yüksək elmi potensiala malikdir. Görkəmli alim, pedaqoq, alicənab insan olan S.Quliyevin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Tədbirdə millət vəkili Ağacan Abiyev, professor Fərrux Rüstəmov, professor Minarə Dadaşova, professor Tamilla Kəngərlinskaya, professor Oqtay Rəcəbov, professor Vidadi Xəlilov, professor Vamiq Məmmədəliyev çıxış edərək professor S.Quliyevlə bağlı xatirələrini bölüşüb, alimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər.

Professor S.Quliyevin qardaşı Nizami Quliyev çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Loading...

QALEREYA