ADPU-da tanınmış müəllim Məhəmmədiyyə Məhəmmədovla görüş keçirilib

ADPU-da tanınmış müəllim Məhəmmədiyyə Məhəmmədovla görüş keçirilib

Sentyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış müəllim Məhəmmədiyyə Məhəmmədovla görüş keçirilib.Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, fakültə dekanları, kafedra müdirləri və Məhəmmədiyyə Məhəmmədovun ailə üzvləri, yaxınları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov qonaqları salamlayıb və bu görüşün keçirilməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, bu görüş Məhəmmədiyyə Məhəmmədovun nəvəsi Sevda Kamranın ADPU-nun rəhbərliyinə ünvanladığı məktuba uyğun olaraq keçirilir. Bu gün ADPU üçün xüsusi bir gündür. Həyatını Azərbaycan təhsilinə həsr etmiş Məhəmmədiyyə Məhəmmədovla görüşmək ictimai baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş həm də bir qədirbilənlik nümunəsidir. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb, bu peşənin cəmiyyətdə ictimai nüfuzu yüksəlib. Ölkənin gələcəyi məktəbdən, müəllimdən asılıdır. Ölkəmizin ən böyük və tanınmış universitetlərindən biri olan ADPU müəllim hazırlığının mərkəzi hesab edilir. Hazırda universitetdə 18 minə yaxın tələbə təhsil alır. Tədris Bakı şəhərində 4 binada aparılır. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Sevindirici haldır ki, bu il təxminən 400 nəfərə yaxın gənc 500-dən çox bal toplayaraq ali təhsil almaq üçün ADPU-nu seçib.

Məhəmmədiyyə Məhəmmədovun həyat və fəaliyyəti haqqında geniş məlumat verən rektor bildirib ki, o, 1934-cü ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Hazırda 85 yaşında olan Məhəmmədiyyə Məhəmmədov həyatının 57 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Həyatda müəllimlik peşəsini ən şərəfli və müqəddəs peşə bilən Məhəmmədiyyə Məhəmmədov böyük həvəslə pedaqoji fəaliyyətlə məşğul olub, riyaziyyat fənnini sevə-sevə şagirdlərə tədris edib, yüzlərlə bilikli, bacarıqlı mütəxəssislərin yetişməsi üçün əzmlə, fədakarlıqla çalışıb. O, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edib, Yeni Azərbaycan Partiyasının üzvü, Mərkəzi Seçki Komissiyasının məntəqə seçki komissiyasının sədri olub.

Müdrik insan, dəyərli və ləyaqətli vətəndaş Məhəmmədiyyə Məhəmmədovun çətin, keşməkeşli həyat yolu və vətənpərvər fəaliyyəti gənc nəsil üçün layiqli nümunədir. Onun atası Həşim Məhəmmədzadə Azərbaycan dili və ədəbiyyatı müəllimi olub, İkinci Dünya müharibəsində iştirak edib. Müharibədə əlil olmasına və müharibədən sonrakı çətin şəraitə baxmayaraq, təhsilə yüksək qiymət verən Həşim Məhəmmədzadə övladlarının təhsil almasına çalışıb. O, Qəbələ rayonunun ilk ziyalılarından olub. 1953-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Lakin bütün bu çətinliklərə, ağrı-acılara baxmayaraq, Məhəmmədiyyə Məhəmmədov atasının arzusunu həyata keçirərək texnikumda təhsil alıb və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Lakin bununla kifayətlənməyib, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. Atasını itirməsi və bütün ailənin məsuliyyətinin onun üzərinə düşməsi səbəbindən təhsilini davam etdirə bilməyib. Məhəmmədiyyə Məhəmmədovun qardaşı da ADPU-nun məzunu olub. Sonradan Məhəmmədiyyə Məhəmmədovun arzusu ilə qızı və oğlu ali təhsil almaq üçün atalarının yüksək qiymətləndirdiyi ADPU-nu seçiblər. Onlar Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitiriblər, oğlunun həyat yoldaşı da ADPU-da ali təhsil alıb. Daha sonra isə nəvəsi Sevda Kamran ADPU-da ali təhsilin həm bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində təhsil alıb. Bir sözlə, nəslin davamçıları Məhəmmədiyyə Məhəmmədovun müəllim olmaq kimi müqəddəs və şərəfli bir arzusunu həyata keçiriblər və o, bundan çox məmnundur.

Sonra Məhəmmədiyyə Məhəmmədova pedaqoji fəaliyyətinin 57 illiyi münasibətilə universitetin Fəxri Fərmanı təqdim edilib.

Səmimi və mehriban keçən görüşdə Məhəmmədiyyə Məhəmmədov ona göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb, həyat və pedaqoji fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb.

Görüşdə iştirak edən Məhəmmədiyyə Məhəmmədovun ailə üzvləri və yaxınları çıxış edərək son illər ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin daha səmərəli qurulması üçün həyata keçirilən islahatları, yenilikləri, layihələri təqdir etdiklərini vurğulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Hurriyyet.org

Mensur İbrahimli adlı şəxsin şəkli.

Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA