ADPU-da “Təbiəti könüllü qoruyaq!” adlı könüllülər proqramının təqdimatı keçirilib

ADPU-da “Təbiəti könüllü qoruyaq!” adlı könüllülər proqramının təqdimatı keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq!” adlı könüllülər proqramının təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Nazirliyin məsul şəxsləri, universitetin struktur bölmələrinin müdirləri, müəllim və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, q arşıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gəlir. Bizim bugünkü tədbirimiz Ulu Öndərin tövsiyələrinin icrasından irəli gələn bir tədbirdir. Vətəni qorumaq, gücləndirmək gənclər qarşısında dayanan əsas vəzifələrdən biridir. ADPU-nun tələbələri ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatında fəal iştirak edirlər. Bu onların təcrübə qazanmalarına, vətəndaş kimi formalaşmalarına müsbət təsir edir. Rektor belə aktual mövzuda tədbirin keçirilməsinə görə ETSN-nin rəhbərliyinə təşəkkür edib.

Çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Qeyd edib ki, ADPU böyük tarixi ənənələrə malikdir. Özünün ADPU-nun məzunu olmasından qürur duyduğunu bildirən F. Əliyev vurğulayıb ki, müəllim peşəsi şərəfli, müqəddəs və məsuliyyətli peşədir. Müdriklərimiz “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Sağlam ruhun yaranmasında isə ətraf mühitin böyük rolu var. ETSN dövlətin vahid ekologiya siyasətini həyata keçirir. Bu təqdimatı keçirməkdə əsas məqsədimiz ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin miqyasının daha da genişləndirilməsidir.

ETSN-nin Aparat rəhbəri Vüqar Kərimov çıxış edərək Nazirliyin strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd edib ki, Nazirlik təhsil müəssələri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. V. Kərimov tələbələri ətraf mühitin qorunması istiqamətində birgə təbliğat aparmağa, “Təbiəti könüllü qoruyaq!” könüllülər proqramına qoşulmağa və əməkdaşlıq etməyə çağırıb.

İctimaiyyətlə əlaqələr və ekoloji təbligat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında tələbələrə proqramın məqsədi, iştirak qaydaları, imkanları və gənclərin belə layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq. Proqramın məzunlarına xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər. Bu da gənc könüllülərin işlə təmin edilmələri üçün əlverişli fürsətdir.

Tədbirdə proqramla bağlı tələbələrin sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Sonda rektor Cəfər Cəfərov tələbə-gənclərə “Təbiəti könüllü qoruyaq!” könüllülər proqramında fəal iştirak etməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA