ADPU-da TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib

ADPU-da TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TÜRKSOY-un Azərbaycan nümayəndiliyinin rəhbəri Elçin Qafarlı, Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Qırğızıstanın və Şimali Kipr Türk Respublikasının təmsilçiləri, universitetin fakültə dekanları və kafedra müdirləri, müəllimləri, Türk dünyasının tanınmış elm və təhsil xadimləri, şair və yazıçıları, media nümayəndələri iştirak ediblər.

Mərasimdə öncə TÜRKSOY kafedrasının açılışını bildirən rəmzi lent kəsilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq professor Düsen Kaseinovu yenidən TÜRKSOY-un baş katibi seçilməsi münasibətilə təbrik edib və ona yeni-yeni uğurlar arzulayıb. Rektor bildirib ki, ADPU ölkəmizin böyük tarixə malik olan aparıcı universitetlərindən biridir. Pedaqoji kadr hazırlığını həyata keçirən ADPU zəngin elm və təhsil ənənələrinə malikdir. ADPU-da Türk dünyasının həmrəyliyi, birliyi, eləcə də türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm işlər həyata keçirilir. ADPU Türkiyənin bir çox universitetləri ilə elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. Universitetdə TÜRKSOY kafedrasının açılması da bu istiqamətdə atılan vacib addımlardan biridir. TÜRKSOY kafedrası ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADPU-da yaradılıb. Rektor çıxışında TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirib, TÜRKSOY ilə ADPU arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyini vurğulayıb.

TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov çıxış edərək TÜRKSOY kafedrasının yaradılmasından və bütövlükdə ADPU-nun Türk dünyasının inteqrasiyasına dəyərli töhfələr verməsindən məmnun qaldığını bildirib və universitetin rəhbərliyinə təşəkkür edib.

Tədbirdə TÜRKSOY-un fəaliyyətini əks etdirən film nümayiş olunub.

Mərasimdə ADPU ilə TÜRKSOY arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq protokolu imzalanıb. Protokolda ADPU və TÜRKSOY, eləcə də TÜRKSOY-a üzv olan ölkələr arasında mədəni əlaqələri və elmi-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr hazırlamaq, inkişaf etdirmək və qarşılıqlı əməkdaşlıq öz əksini tapıb.

Mərasimdə Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilova, “Türk araşdırmaları” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Elman Quliyevə, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru Yaqub Babayevə və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlıya Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təsis edilmiş medallar təqdim olunub.

Mərasimdə hədiyyələr verilib. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin tələbələrinin ifasında təqdim edilən bədii-musiqili hissə tədbir iştirakçılarında xoş ovqat yaradıb. Sonda xatirə şəkli çəkdirilib.

Mərasimdən sonra rektor Cəfər Cəfərov qonaqları ADPU-nun binası ilə tanış edib, tədris prosesi, həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib.

Qeyd edək ki, TÜRKSOY-un və ADPU-nun birgə qərarı əsasında TÜRKSOY kafedrasına rəhbərlik Elmi işlər üzrə prorektor, professor Asəf Zamanova tapşırılıb.

  • Hamısı
  • Loading...