ADPU-da “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib

ADPU-da “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib

Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, professor Əzizxan Tanrıverdinin görkəmli dilçi-alim, türkoloq, Onomastika elmi məktəbinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, professor Afad Qurbanovun 90 illik yubileyi münasibətilə hazırladığı “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, ölkəmizin tanınmış, nüfuzlu ziyalıları, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Kitabın redaktoru professor Fikrət Xalıqov, rəyçiləri filologiya üzrə elmlər doktoru Məhərrəm Hüseynov, filologiya üzrə elmlər doktoru Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru Vaqif İsrafilov və İlham Abbasovdur. Qeyd edək ki, kitabda Afad Qurbanov bənzərsiz insan, nüfuzlu alim, bacarıqlı elm və təhsil təşkilatçısı kimi xatirələr müstəvisində səciyyələndirilir, onun elmi-pedaqoji fəaliyyəti daha çox haqqında yazılmış məqalələrə istinad olunmaqla izah edilir, dilçiliyə dair əsərləri müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirilir. Eyni zamanda Afad Qurbanova həsr edilmiş şeirlərin hər birinə ədəbi tənqid müstəvisində münasibət bildirilir. Tədbirdən öncə iştirakçılar Afad Qurbanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov universitetin rektoru, professor Cəfər Cəfərovun adından tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, bu gün universiteimizin həyatında gözəl və əlamətdar bir gündür. Biz bu gün professor Əzizxan Tanrıverdinin müəllifi olduğu “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimini keçiririk. Tədbirdə böyük dilçi-alim , professor Afad Qurbanovun elmi yaradıcılığı və elmi-təşkilati fəaliyyəti, pedaqoji və elmi-pedaqoji kadrların hazırlanması sahəsindəki xidmətləri haqqında çıxışlar ediləcək. Professor Afad Qurbanov həmişə xalqına, millətinə, Vətəninə vicdanla, şərəflə xidmət edib.

Çıxışında professor Afad Qurbanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verən professor Asəf Zamanov bildirib ki, Afad Qurbanov 1929-cu il yanvar ayının 10-da Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində anadan olub. Uşaqlığı, ilk təhsil illəri də burada keçib. O, ilk illər məktəb direktoru vəzifəsində çalışıb. 1948-ci ildə ADPU-ya qəbul olunub. Aspirantlıqdan AMEA-nın müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan dilçiliyində fonetika Əbdüləzəl Dəmirçizadə və Ağamusa Axundovun, leksikologiya Səlim Cəfərovun, dialektologiya Məmmədağa Şirəliyevin, morfologiya Muxtar Hüseynzadənin, sintaksis Əlövsət Abdullayevin, dil tarixi Hadi Mirzəzadə, Ə.Dəmirçizadə və Tofiq Hacıyevin, morfologiya Firudin Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi, "Azərbaycan onomastikası" (1986), "Azərbaycan onomalogiyası məsələləri" (1986), "Poetik onomastika" (1988), "Azərbaycan dilinin onomalogiyası" (1988) kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur. Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin linqvistik təhlili" (1986), "Ümumi dilçilik", I-II cildlər (1989-1993), "Dünyanın dil ailələri" (1994) və sair kimi sanballı əsərləri ilə məşhurdur. Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilib. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".

A.Qurbanov 1950-ci illərdən etibarən ADPU-da Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində işləyib. 1981-1989-cu illərdə ADPU-nun rektoru vəzifəsində çalışıb. 1981-1983-cü illərdə ADPU-da filologiya və pedaqogika elmləri üzrə Müdafiə Şurasının sədri olub. ADPU-ya rəhbərlik etdiyi dövrdə universitet tamamilə yenidən qurulmuş, tədris yüksək səviyyəyə qaldırılmış, yeni kafedralar yaradılmış, sədri olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənmişdir. 1990-1994-cü illərdə Milli Məclisin deputatı olmuş A.Qurbanov əlifba islahatının təşkilatçılarındandır. A.Qurbanovun XX əsrin 90-cı illərində Azərbaycan Əlifba Komissiyasının sədri kimi ölkəmizdə əlifba islahatının aparılmasında və bu gün istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbasının hazırlanmasında böyük xidmətləri olub. Həmin dövrdə latın qrafikalı Azərbaycan əlifbasına keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz A.Qurbanov olub. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılıb, geniş müzakirə olunub və qəbul edilib. XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundzadənin ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası A.Qurbanovun adı ilə bağlıdır. Ümumxalq sərvətimiz olan bugünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi A.Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Professor A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə yayılıb. Məşhur dilçi-alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

O, gözəl ailə başçısı, qayğıkeş ata olub. Övladlarını həqiqi vətəndaş, yüksək səviyyəli elmi mütəxəssislər kimi yetişdirib.

Professor A.Qurbanov 2009-cu il sentyabr ayının 26-da vəfat edib. A.Qurbanovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Tədbirdə professor A.Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, həmin institutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və başqaları professor A.Qurbanovun yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrük ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.

Sonda professor A.Qurbanovun oğlu Ramin Qurbanov ailələrinin adından çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADPU-nun rəhbərliyinə, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA