ADPU-da yaz semestrinin imtahan sessiyası başladı

ADPU-da yaz semestrinin imtahan sessiyası başladı

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 14 may 2019-cu il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb. Yaz semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 10 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyasının sədri dosent Asif Axundovdur. Apelyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 240 nömrəli otaqda fəaliyyət göstərir. Eyni zamanda yaz semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 7 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahının sədri dosent Nazilə Abdullazadədir. İmtahan Qərargahı universitetin Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 261 nömrəli otaqda fəaliyyət göstərir. İmtahan Qərargahı və Apelyasiya Komissiyası iyulun 5-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, yaz semеstrinin imtahan sessiyası mövcud qrafikə uyğun olaraq iyun ayının 3-dən iyul ayının 1-dək keçiriləcək. Yaz semestrinin imtahan sessiyasında ümumilikdə filiallarla birlikdə 17500 nəfərdən çox təhsilalan imtahan verəcək. Bu prosesə 2000 nəfərədək akademik və inzibati heyət cəlb olunub. İyunun 17-dən iyunun 30-dək Yekun Buraxılış Dövlət Attestasiyası keçiriləcək. 2500 nəfərdən çox təhsilalan Yekun Dövlət Buraxılış Attestasiyasından keçəcək. Təkrar imtahanlar 1-3 iyulda keçiriləcək. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ilinin tələbələri üçün yazılı formada, qiyabi təhsilalma formasında və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə, test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə keçiriləcək. Yaz semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunacaq. Semestr imtahanlarında və Yekun Dövlət Buraxılış Attestasiyasında mütəşəkkilliyin təmin olunması məqsədiilə Tədris Departamentinin ümumi təşkilatçılığı ilə universitet üzrə 30 nəfər imtahan koordinatorundan, o cümlədən 120 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb və imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Şuraya müraciət etmək, qaynarxətt@adpu.edu.az və ADPU-nun rəsmi facebook səhifəsindən inboksa yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına müraciət etmək imkanları təmin ediləcək, dekanlıqlarda tələbələrin qəbulları təşkil ediləcək. Bunlarla yanaşı, imtahanlara buraxılma, imtahanların təşkili, keçirilməsi qaydaları, imtahan nəzarətçilərinin vəzifələri, hüquqları və tələbələrin imtahanın gedişində hansı hərəkətlərə yol verməmələri barədə elanlar vurulub. İmtahan Qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. İmtahan nəzarətçiləri qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində ümumilikdə təxminən 3 minə yaxın tələbə yazılı və test üsulu ilə imtahan verir.

Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaqlar ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə imtahanların nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr Apelyasiya Komissiyasına, imtahanın gedişindən narazı qalan tələbələr isə İmtahan Qərargahına müraciət edə bilərlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir.

ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat verirlər.

Rektor Cəfər Cəfərov auditoriyalarda, yazılı imtahanların yoxlanıldığı otaqlarda olaraq imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA