ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Yusif Alıyev Kişinyov şəhərində keçirilən Yay Akademiyasında iştirak edib

ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Yusif Alıyev Kişinyov şəhərində keçirilən Yay Akademiyasında iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində K. Stere adına Avropa Siyasi və İqtisadi Elmlər Universitetinin təşkilatçılığı, Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun maliyyə dəstəyi ilə "MDB ölkələri milli təhsil sistemləri çərçivəsində qarşılıqlı olaraq universitet təhsilinin və elmi tədqiqat işlərinin effektivliyinin artırılması" mövzusunda keçirilən Yay Akademiyasında iştirak edib. Müstəqil Dövlətlər Birliyini və Avropa ölkələrini təmsil edən 15 ölkənin 21 universitet və institutundan 180 nəfərin iştirak etdiyi Yay Akademiyası, əsasən, postsovet və postsosialist ölkələrinin təhsil, elm, tədqiqat əlaqələrinin daha dərindən qurulmasına, universitetlərin beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin birgə müəyyənləşdirilməsinə həsr olunmuşdur.

Yay Akademiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edən dosent Y.Alıyev Azərbaycan təhsilinin hazırkı durumu, qəbul edilmiş qanun, strategiya, proqramlar haqqında məlumat verərək, təhsil sahəsində aparılmış islahatların nəticələri, qarşıda duran əsas vəzifələrlə bağlı geniş danışaraq, MDB məkanında fəaliyyət göstərən universitet və elmi-tədqiqat mərkəzlərinin birgə əlaqələrinin qurulmasının vacibliyinə toxunub. Belə tədbirlərin daha geniş formada, tədris edilən bütün elm istiqamətləri üzrə də təşkil olunmasının önəmini qeyd edən dosent Y.Alıyev son illər ADPU-nun genişlənən beynəlxalq əməkdaşlığı sırasında postsovet və postsosialist ölkələrin universitetləri ilə əlaqələrin qurulmasının vacib və önəmli olduğunu bildirib.

Sonra Yay Akademiyası öz işini “Universitet təhsilində səmərəli islahatlar”, “İnnovativ strateji istiqamətlər”, “Təhsildə müasir ali təhsil strategiyaları”, “Ali təhsildə mentorluq və məşqçilik (kouç) təhsili” panelləri üzrə davam etdirib. Məruzəsinə və iştirakına görə dosent Y. Alıyev Təşkilat Komitəsi adından sertifikatla təltif olunub.

Sonda Moldovanın K. Stere adına Avropa Siyasi və İqtisadi Elmlər Universitetinin, Rumıniyanın Arad Aurel Vlayku Universitetinin və Rusiyanın Baltik Ekologiya Siyasət və Hüquq Universiteti ilə qarşılıqlı əlaqə qurması müzakirə edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA