ADPU-nun Tələbə Elmi Cəmiyyətinin 75-ci elmi konfransı keçirilib

ADPU-nun Tələbə Elmi Cəmiyyətinin 75-ci elmi konfransı keçirilib

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” mövzusunda 75-ci elmi konfransı keçirilib. Qeyd edək ki, konfransın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə 16 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan Elm və innovasiyar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, “Müstəqil Azərbaycan” deyərkən dərhal gözlərimiz önünə xalqımızın ümummilli lideri Heydər Əliyev gəlir. XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də yaranıb. 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər həyata keçirib. Azərbaycan yenidən öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib. Lakin 1991-1993-cü illərdə xalqımız yenə də öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Yalnız ulu öndər Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə gəldikdən sonra müstəqil dövlətimizi qorudu, gücləndirdi, onu dünya birliyində layiqincə tanıtdı. Bu gün dünyada 6 minə yaxın xalq, 200 dövlət var. Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Qüdrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyev həmişə elmə, təhsilə, intellektual potensialın formalaşmasına böyük diqqət yetirib və istiqamətdə məqsədyönlü səmərəli fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ölkə rəhbərliyi insan kapitalının inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Bizim başlıca vəzifəmiz ADPU-da elm və təhsilin inkişafının təmin edilməsi, intellektual potensialın yüksəldilməsidir. Müsbət haldır ki, son illər universitetdə elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlib, professor-müəllim heyətinin impakt-faktorlu jurnallarda dərc edilən elmi əsərlərinin sayı artıb, plagiatlığa qarşı prinspial mübarizə aparılır. Universitetin rəhbərliyi gənclərin elmi-tədqiqat işlərinə cəlb edilmələrinə, onların elmi fəaliyyətinin stimullaşdırılmasına xüsusi önəm verir. Professor A.Zamanov çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, TEC-in sədri, kimya üzrə elmlər doktoru Əli Zalov, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, professor Nailə Verdizadə çıxış edərək gənclərin TEC-dəki fəaliyyətini onların elmə marağının artması, formalaşması dövrü kimi səciyyələndirərək gənc tədqiqatçılara daha çox diqqətin ayrılmasını, varislik və müasirlik prinsipinin qorunmasının vacibliyini bildiriblər.

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbəsi Aslan Muradoğlu, Fizika və texnologiya fakültəsinin tələbəsi Nəzrin Babayeva və başqaları çıxış edərək belə elmi konfransların tələbə-gənclərin elmi biliklərinin artmasına, intellekt səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini vurğulayıblar.

Sonra konfrans öz işini Riyaziyyat və informatika, Fizika və texnologiya, Kimya və biologiya, Tarix və coğrafiya, Musiqişünaslıq, Pedaqogika və psixologiya, Korreksiyaedici təlim bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 226 məruzə dinlənilib, müzakirələr aparılıb.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul olunub, ən yaxşı məruzəçilərə diplomlar təqdim edilib.

Hurriyyet.org