Ağacların qırılmasına görə yeni cərimələr müəyyənləşdi - RƏQƏMLƏR

Ağacların qırılmasına görə yeni cərimələr müəyyənləşdi - RƏQƏMLƏR

Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə yeni ödənişlər müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarında dəyişiklik edib.

Beləliklə, dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbii yeniyetmələr və cücərtilərə görə ödənişlər aşağıdakı kimi olacaq:

- Suvarılan torpaqlarda 5 yaşınadək (5 yaş daxil olmaqla) məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbii yeniyetmələr və cücərtilərə görə 280 manat, dəmyə torpaqlarda 240 manat;

- Suvarılan torpaqlarda 6-10 yaşında məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbii yeniyetmələr və cücərtilərə görə 400 manat, dəmyə torpaqlarda 300 manat.

Qaraçöhrə, şümşad, dəmirağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv və çinar cinslərindən ibarət meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər, habelə meşə toxumluq sahələri üçün ayrılmış meşə əkinləri və cavan bitkilər məhv edildikdə və ya zədələndikdə, zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütununa uyğun iki dəfə artırılmaqla hesablanır.

Eldar şamı, palıd və digər enliyarpaqlı meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər məhv edildikdə və ya zədələndikdə, ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, meşəparklarda yol verilmişdirsə, həmin məbləğin 1,5 misli qədər hesablanır. Cücərti – təbii halda ağac və kol toxumundan əmələ gəlmiş beş yaşadək (5 yaş daxil olmaqla) ağac və kollar nəzərdə tutulur.

Qeyd edək ki, indiyə qədər dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda məhv edilmiş və ya zədələnmiş 5 yaşınadək meşə əkinləri, təbii yeniyetmələr və cücərtilərə görə ödənişlər suvarılan torpaqlarda minimum əmək haqqının 10 misli, dəmyə torpaqlarda 8,6 misli səviyyəsində olub. Suvarılan torpaqlarda 6-10 yaşında məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbii yeniyetmələr və cücərtilərə görə ödənişlər minimum əmək haqqının 14,3 misli, dəmyə torpaqlarda 11,4 misli həcmində olub./BakuPost/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA