Şagirdlərə qan-tər içində satılan məktəbli formaları - REPORTAJ

  • 2019-09-10 14:40:08
  • |
  • Sosial /

Şagirdlərə qan-tər içində satılan məktəbli formaları - REPORTAJ

Yeni dərs ilinin başlamasına bir həftə qalıb, valideynlər artıq məktəb alış-verişinə başlayıblar. Alış-verişin əsasını isə məktəbli formaları tutur.

Qeyd edək ki, ölkə üzrə vahid məktəbli forması yoxdur. Belə ki, müxtəlif şəhər və rayonlarda fərqli formalar satılır. Həmçinin hazırda məktəb formalarının tikilişi və satışı ilə rəsmi olaraq Bakı Tikiş Evi (BTE) məşğul olur. BTE-nin bütün satış mərkəzlərində 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. BTE tərəfindən tikilən köynəklərin qiyməti isə 12 manatdır.

Lent.az -ın əməkdaşı bu dəfə məktəbli formalarının satış mərkəzlərindən birinin yerləşdiyi Abşeron rayonu Xırdalan qəsəbəsinə yollanıb.

Valideynlərlə söhbətimiz zamanı məlum olur ki, forma almaq üçün səhər saatlarından mağazanın qarşısında gözləməli olurlar. Hətta onların arasında elələri də var ki, buraya ikinci, üçüncü dəfə gəlirlər.

Satış prosesi ilə daha yaxından tanış olmaq üçün biz də növbə götürürük. Bizə verilən nömrədən məlum olur ki, sıramız 166-cıdır. Növbəmizi gözləyə-gözləyə yenidən valideynlərlə söhbətə qayıdırıq.

Valideyn Turan xanım bildirir ki, artıq 3 saatdan çoxdur ki, buradadır:

“Hətta bir dəfə evə gedib qayıtdım ki, bəlkə növbəm çatar. Ancaq gələndə gördüm ki, hələ sırama xeyli qalıb. Məcburi olaraq bu gün gözləyib, formanı almalıyam, çünki işlədiyim üçün hər gün gələ bilmirəm.

Onu deyim ki, formalar səliqəli və keyfiyyətli deyil. Buradan başqa isə alacağımız yer yoxdur. Paytaxt formalarından almağımıza isə icazə vermirlər. Həm də forma alan valideynlər deyir ki, forma almazdan qabaq məktəblilərin ad, soyadı və məktəbin nömrəsi qeyd edilir. Buna səbəbin isə nə olduğunu bilmirik”.

Digər valideyn Gültac xanım isə deyir ki, bacısı formanı aldıqdan sonra düzəltməsi üçün dərziyə verib:

“Köynəklərin boynunda söküklər və bir çox problemlər olur. İndi almaq üçün girəndə elə forma tapmağa çalışacağam ki, qüsuru olmasın. Olsa, etirazımı bildirəcəm. Başa düşmürəm, formanı pulla alırıq, nə üçün bir də dərziyə aparmalıyıq?”

Gözlədiyimiz sıradan ayrılıb, artıq formaları almış valideynlərə yaxınlaşırıq.

Valideyn İlhamə xanım bildirir ki, formaların qiymətləri qənaətbəxşdir:

“Doğrusu, görkəmindən elə də razı deyiləm, ancaq eşitmişəm ki, gələn il üçün ölkədə vahid geyim forması olacaq. Ümid edirəm ki, onda ən yaxşı görünüşlü forma seçilər. Məsələn, paytaxt məktəblilərinin formaları məktəb üçün uyğundur.

Formaların materialına gəldikdə isə normaldır. Ancaq satış ofisi çox balaca və sıxdır. Heç kondisioner də quraşdırılmayıb, formanı övladıma əziyyətlə, tər içində aldım. Bir nəfər üçün nəzərdə tutulan geyim otağına 2-3 uşaq birdən girir”.

Forma almağa nail olmuş daha bir valideyn - Sahibə xanım isə deyir ki, paytaxt məktəbliləri üçün yaradılmış şərait bundan qat-qat yaxşıdır:

“Onlar üçün hətta marketlərdə də formalar satılır. BTE-nin tikdiyi formanı istəməyənlər üçün də eyni məktəbli formaları satışdadır və bunlardan alanlar var. Bizə isə məktəb rəhbərliyindən bildirilib ki, mütləq “BTE” nişanlı formaları almalıyıq”.

Yenidən növbəmizi gözləmək üçün kənara çəkilirik. Satış mərkəzinə daxil olduqda isə satıcılarla bir neçə cümlə danışmağa imkanımız yaranır.

Satıcı xanım bildirir ki, formaların keyfiyyəti sertifikatla təsdiq olunub, parçalar isə Türkiyədən gətirilir.

Söhbətimizi bitirdikdən sonra isə satış mərkəzindən ayrılırıq.

Bəzi suallarımıza cavab tapmadığımız üçün mövzu ilə bağlı Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimovla əlaqə saxlayırıq. E.Əzimov bildirir ki, gigiyenik və uyğunluq sertifikatı olan formaların parçası Türkiyədən gətirilir və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir:

“Məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verilir. Bütün mağazalarımızda qiymətlər eynidir və biz “BTE” nişanlı olan formalara cavabdehik. Geyimlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılaraq təsdiq edilir, həmçinin BTE-nin məhsulları Avropa laboratoriyalarında da yoxlanılıb və sertifikat verilib”.

E.Əzimov qeyd edib ki, müqavilə əsasında satış üçün BTE böyük ticarət müəssisələrinə də məktəbli formaları verir:

“Ancaq bazarlara adətən formaları vermirik, çünki ora bizim mallar yaramır. BTE-nin “Qaynar xətt”i də fəaliyyət göstərir ki, maraqlananlar (012) 597-45-39 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya və özünə yaxın olan satış məntəqəsini öyrənə bilərlər.

Həmçinin satış mərkəzləri həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir və ilboyu BTE-nin bütün satış mərkəzlərindən məktəbli formasını, aksessuarlarını almaq olar”.

Təhsil Nazirliyindən Lent.az -a bildirilib ki, məktəbli formalarının haradan alınması ilə bağlı heç bir məhdudiyyət yoxdur və valideynlər övladları üçün bazara çıxarılan məktəbli formasını seçməkdə sərbəstdirlər.

Həmçinin mövzu ilə bağlı saytımıza açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məktəbli formalarını istənilən firma tikə bilər:

“Bir şərtlə ki, onlar müəlliflik hüququnu BTE-dən alsınlar. Hətta formaların tikişini xaricdə də həyata keçirmək mümkündür. Bu formaları nə qədər çox tikən olsa, o qədər qiymət enəcək.

Hazırda bazarda hədsiz məktəbli formalarının satışının şahidi oluruq. Onların hansı firmalara məxsus olmaları isə şübhə altındadır. Üzərilərində isə bununla bağlı heç nə yoxdur. Düşünürəm ki, məktəbli formaları qanuni istehsal olunmuş yerlərdən alınmalıdır. Bunun üçün isə formaları bir çox firmalar tikməlidir”.

E.Hüseynov qeyd edib ki, əvvəlki illərdə AİB-ə məktəbli formalarının keyfiyyəti ilə bağlı şikayətlər daxil olsa da, bu il sözügedən hal qeydə alınmayıb.

Əlavə edək ki, Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bir müddət əvvəl bildirmişdi ki, 2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək:

“Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək. Çünki bunun üçün çox ciddi hazırlıq işləri aparılır. Artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub. Hazırda müxtəlif eskiz formaları hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb. Nazir Ceyhun Bayramov bu məsələyə özü nəzarət edir. Nazirlikdə müvafiq şöbələrin əməkdaşları bu İşçi Qrupuna cəlb olunub. Məqsəd budur ki, işlər vaxtında çatdırılsın. Təhsil Nazirliyinin İşçi Qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş şəkildə müzakirə olunacaq, daha sonra ictimai rəy öyrəniləcək. Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA