Akademik İsa Həbibbəylinin mayası batdı: O, indi Əli Əsədov üçün qızıl xırdalamalıdır

Akademik İsa Həbibbəylinin mayası batdı: O, indi Əli Əsədov üçün qızıl xırdalamalıdır

"Novruz Məmmədov sadə bir ailədən çıxıb, zəhmətkeş bir ailənin bütün məsuliyyəti və mənəviyyatını özündə aldığı tərbiyə ilə cəmləşdirib. Novruz Məmmədov Azərbaycan Dillər Universitetində sadə müəllimlikdən elmlər namizədliyinə, dostentliyə, kafedra müdirliyinə, dekanlığa və professorluğa qədər ciddi elmi yol keçib. Onu Azərbaycanın elm və təhsil ictimaiyyəti çox yaxından tanıyır”.

Keçmiş Baş nazir barədə bu yağlı sözləri dilə gətirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik, deputat İsa Həbibbəyli idi.

Akademik daha sonra Novruz Məmmədovun bacarıqları üzərində dayanaraq vurğulamışdır ki, o, bir neçə Avropa dilini mükəmməl bilir:

“O, ölkəmizdə və xaricdə geosiyasət və praqmatik idarəetmə üzrə əsas ekspertlərdən biri kimi qəbul olunur. Mənəviyyat baxımından Novruz müəllimi səciyyələndirən əsas keyfiyyəti sadəqəti, mənəvi məsuliyyəti, halallığı və cavabdehliyidir. Novruz Məmmədov dövlət idarəçiliyi sistemində də öz sədaqəti ilə tanınır. O, bütün taleyilə Ümummilli Lider Heydər Əliyevin və möhtərəm prezident İlham Əliyevin dövlətçilik strategiyasına və ideyyalarına tam bağlıdır. Novruz Məmmədov Azərbaycanın dünənini, bu gününü və sabahını yalnız və yalnız Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev siyasətində görür və qəbul edir".

Novruz Məmmədovun ziyalılar arasında xüsusi nüfuza malik olduğunu deyən akademik onu, nəhayət, belə təbrik etmişdi:

“Mən tam inanıram ki, Baş Nazir postunu da Novruz Məmmədov ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinə sonadək əqidə, sədaqət və məsuliyyətlə təmsil edəcək. Mən Novruz Məmmədovu cənab İlham Əliyevin yüksək etimadını qazana bildiyi üçün təbrik edirəm, ona gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Qeyd edək ki, akademik bu təntənəli sözlərini 21 mart 2018-ci il tarixində dilə gətirmişdi. Bu həmin vaxt idi ki, Novruz Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə elə həmin gün Baş nazir postuna təyin olunmuşdu. Sərəncamın mürəkkəbi qurumamış isə İsa Həbibbəylinin mədhiyyə səciyyəli bəyanatı bir çox saytların səhifələrini bəzəmişdi.

Maraqlıdır ki, Novruz Məmmədov da akademikin bu sözlərinə cavabsız qalmamışdı. Kreslosunda oturan kimi verdiyi ilk sərəncamdan biri İsa Həbibbəylinin oğlu Ərəstü ilə bağlı olmuşdu. Təyinatdan və mədhiyyəli sözlərdən 2 ay 18 gün keçməmiş Ərəstü Həbibbəyli Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə gətirilmişdi (Ondan əvvəl isə Ərəstü Həbibbəyli 2007-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmişdir, 2015-2018-ci illərdə isə Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olmuşdur).

Üzərindən 1 il keçəndən sonra isə Naxçıvan MR Ali Məclisinin sədri barəsində bənzər fikirlər söyləyən İsa Həbibbəylinin digər oğlu Səhhət Həbibbəyli də Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu.

Bu iki hadisəni ümumiləşdirən şair-publisist Heydər Oğuz akademik İsa Həbibbəylinin “qızıl xırdaladığı” qənaətinə gələrək yazmışdı: “Göz dəyməsin, adamın sözləri qızıldır, qızıl. Ağzından çıxan kimi böyük sərmayəyə çevrilir”.

Amma deyəsən, şairin xeyir-duası çox da işə yaramadı. Nədən ki, İsa Həbibəylinin qızıldan qiymətli sözlərinin təsiri cəmi ilyarım sürdü. Prezidentin son sərəncamı ilə Novruz Məmmədov istirahətə göndərildi. Onun yerinə isə Əli Əsədov gətirildi.

Belə çıxır ki, hörmətli akademikimizin N.Məmmədova qoyduğu maya da batdı. Akademik indi şirin dilini işə salıb yeni Baş nazir barədə də qızıl xırdalamalıdır. Yoxsa, kimdir Ərəstünü vəzifədə saxlayan?/ovqat.com/