AKTYOR, VOKALİST, MÜƏLLİM...

AKTYOR, VOKALİST, MÜƏLLİM...

Əməkdar artist Kamal Kərimovun həyat və yaradıcılığı

Görkəmli səhnə xadimi Kamal Kərimov Azərbaycan Dövlət Musiqili Komediya Teatrın ən tanınmış solistlərindən olmuşdur. Onun operetta tamaşalarında ifa etdiyi baş qəhrəmanlar heç zaman unudula bilməz. Lirik-dramatik tenor səsin sahibi olan Kamal Kərimov təxminən iyirmi il indiki Musiqili Teatrın yükünü çəkmiş, bir-birindən fərqli xarakterli partiyalara səhnə həyatı vermişdir. Onun səsində olan çalarlar, tamaşaçıları və dinləyiciləri məftun edirdi. Nəticədə ifa etdiyi baş partiyalar öz dolğunluğu ilə seçilirdi...

Kamal Həmid oğlu Kərimov 1925-ci ildə fevral ayının 20-də Bakı şəhərində anadan olmuş və Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Təhsil müddətində “Koroğlu” operasında Nadir rolunda ilk dəfə peşəkar səhnəyə çıxmışdır.

1941-ci ildə Böyük Vətən müharibəsi başlananda K. Kərimov təhsilini yarımçıq qoyur. 1943-cü ildə Musiqili Komediya Teatrının truppasına fəaliyyətə başlayır və ilk rolu Şəmsi Bədəlbəylinin quruluşunda Z. Hacıbəyovun “Əlli yaşında cavan” operattasında Lütfəli Abdullayevlə Qulu roluna dublyor olur. 1945-ci ildə yəni müharibə qələbə ilə başa çatdıqdan sonra təhsilini davam etdirir və bitirir.

Kamal Kərimov 1943-1949 illərdə musiqili komediya və klassik operettalarda Qiyas (“Beş manatlıq gəlin”), Kote müğənni-aktyor (“Keto və Kote”), Sərvər (“Məşədi İbad”), Fərhad (“Məhəbbət gülü”) rollarında çıxışlar edən də hələ iyirmi yaşı yox idi. Bu yaşda Qiyas (“Beş manatlıq gəlin”), və Sərvər (“Məşədi İbad”) partiyalarını ifa etmək olduqca çətindir. Əlihüseyn Qafarlı, Lütfəli Abdyllayev, Əhməd Anadolu, Nəsibə Zeynalova, Aliyə Terequlova və başqa görkəmli sənətkarlarla bir səhnədə çıxış etmək onun məsuliyyətini daha da artırırdı.

1945-ci il yanvar ayının 10-da Kamal Kərimov aktyor truppasına üzv olur və bir-birinin ardınca Alay (“Gözün aydın”), Aşıq Murad (“Durna”) partiyalarını ifa etdi. Ə. Şərif “Ədəbiyyat və incəsənət” (09.05.1947) qəzetində yazırdı ki; “Gözəl səsə malik olan Kamal Kərimov ... öz nəğmə və ariyalarını yüksək sənətkarlıqla ifa edir”.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildən Cəlil Məmmədquluzadənin adını daşıyıb. 1948-ci ildə bütün dövlət teatrları təsərrüfat hesabına (özünümaliyyələşdirmə) keçdiyi üçün əksər teatrlar, o cümlədən C. Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da 613 saylı əmrə əsasən bağlanır. Bu teatrda fəaliyyət göstərən aktyorları Akademik Milli Dram Teatrına, Opera və Balet Teatrına, Gənc Tamaşaçılar Teatrına, Azərbaycan Dövlət Filarmoniyasına, Gəncə Dövlət Dram Teatrına və başqa mədəniyyət ocaqlarına göndərirlər. Kamal Kərimovu teatr bağlanandan sonra 1949-cu ilin əvvəlində Filarmoniyanın nəzdində musiqili komediya ansamblına, sonralar isə

Opera və Balet teatrına göndərilirlər. Və beləliklə Musiqili Komediya Teatrından, Opera və Balet Teatrına Əlihüseyn Qafarlı, Abbasağa Hüseynov və Kamal Kərimov göndərilir.

1949, 1951 və 1953-cü illərdə Opera və Balet Teatrında Ü. Hacıbəyovun məşhur “Arşın mal alan” operettası müxtəlif quruluşlarda tamaşaya qoyuldu. İ. Hidayətzadənin quruluşunda (1949, 1951) tamaşaya qoyulan “Arşın mal alan” operettasında baş və əsas partiyaları Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Kamal Kərimov (Əsgər), Sona Bağırova (Gülçöhrə), Məmmədtağı Bağırov, Yaqub Rzayev, Hacıbala Hüseynov (Süleyman), Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırov (Soltan bəy) və başqaları çıxış etdilər.

1951-ci ildə Soltan Dadaşov Səid Rüstəmovla, S. Rüstəmin “Durna” operettasını tamaşaya hazırladı və baş partiyaları Kamal Kərimov, Xanlar Haqverdiyev (Aşıq Murad), Sona Bağırova, Elmira Axundova (Durna) ifa etdilər.

1953-ci ildə S. Dadaşov “Arşın mal alan” operettasına quruluş verdi və baş partiyaları Rafiq (Rauf) Atakişiyev, Kamal Kərimov (Əsgər), Sona Bağırova, Firəngiz Əhmədova (Gülçöhrə) oxudular.

Kamal Kərimov həmçinin Anton Rubinşteyn “Demon” operasında Knyaz Sinodal partiyasını Aleksandr Drozdov ilə dublyor və Rossininin “Seviliya bərbəri” operasında Qraf Almaviva partiyasını uğurla ifa etmişdir.

Yeddi ildən sonra 1956-cı ildə Azərbaycan Dövlət Musiqili komediya Teatrı yenidən fəaliyyətə başlayır, lakin naməlum səbəblərə görə “C. Məmmədquluzadə adına” sözü teatrın üzərində götürülür. Həmin ildə iyun ayının 9-da nazirlik teatrın bədii şurasını təsdiq etdi və bədii şuraya (S. Rüstəm, S. Rəhman, M. Əlizadə, Ş. Bədəlbəyli, S. Rüstəmov, F. Əmirov, L. Abdullayev, A. Postitin) daxil onlardan biri də Kamal Kərimov idi.

Elə həmin ilin avqust ayının 18, 28 və 30-da “Arşın mal alan”, “Durna”, “Toy kimindir”, noyabr ayının 3-də isə “Məşədi İbad” operetta və musiqili komediyaları tamaşaya qoyulur. Bu tamaşalarda Kamal Kərimov Əsgər, Aşıq Murad, Mehman və Sərvər partiyalarını sənətkarlıqla ifa edib.

Bunda sonra K. Kərimov bir-birinin ardınca Bəxtiyar (“Ulduz”), Heydər bəy (“Hacı Qara”), Kirmanlı (“Ürəkçalanlar”), Racami (“Bayadera”), Lətif (“Kəndimizin mahnısı”), Nadir (“Qızıl axtaranlar”), İldırım (“Rəisin arvadı”), Zurab (“Tiflis nəğməsi”), Səttar (Hacı Kərimin Aya səyahəti”), və rus truppasında Yulian Olinski (“Mavi mazurka) partiyalarına müvəffəqiyyətlə səhnə həyatı verib.

Musiqili Komediya Teatrındakı xidmətlərinə görə Kamal Kərimova 1960-cı il may ayının 24-və Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülürdü.

Onun sənətkarlığı ifa etdiyi partiyalar xarakterinin dəqiq açılmasına xidmət edirdi. K. Kərimov səhnədə həyat verdiyi obrazların daxili simasını, sifət cizgilərində, xarakterə uyğun danışığında, oxu manerasında tamaşaçılara göstərirdi. O, bir aktyor-vokalist kimi ifa etdiyi partiyaların davranışını, psixologiyasını yaxşı dərk edirdi. Bu görkəmli sənətkarın canlandırdığı səhnə qəhrəmanları hər zaman tamaşaçıların marağına səbəb olmuş, yaddaşlardan silinməmişdir. Bu baxımdan onun musiqili komediya və klassik operettalarda yaratdığı partiyalar zəngin ifadə vasitələri ilə əhatələnmişdir.

Qüvvətli lirik-dramatik tenor səsinə malik olan bu görkəmli sənətkar təxminən qırx yaşında teatrdan ayrılmış, 1964-cü ildən ömrünün sonuna kimi indi ki, Musiqi Akademiyasının vokal kafedrasına rəhbərlik etmişdir. O, burada müəl­lim­lik fəa­liyy­ə­ti­ ilə cid­di məş­ğul olmuş, yaxşı bil­iyə ma­lik olan is­te­dad­lı vo­kal­çılar ye­tişdir­mış­dir. On­lar­dan İvan Sa­zo­nov (Sa­ra­tov), İl­ya Li­vins­ki və El­xan Ab­bas­qu­li­yev (Al­ma­ni­ya), Qri­qo­ri Vay­ner (İs­rail­), Bül­bülə həsr olunmuş mü­sa­bi­qə­də Qran Pri mü­ka­fa­tı­na la­yiq gö­rü­lən Eldar Əliyev (İta­li­ya­­), Mux­tar Mə­li­kov (Tür­ki­yə) teat­rlar­da uğur­la ça­lı­şırlar. Ye­le­na Ze­lens­ka­ya isə Moskvada Bö­yük Teat­rın so­lis­ti­dir.

Artıq görkəmli vokalist, aktyor, müəllim olan, əməkdar artist Kamal Kərimov 26 ildir ki, aramızda yoxdur. Öz böyük sənətini böyüməkdə olan gənc nəslə öyrədə bilmir. 1992-ci il yanvar ayının 13-də dünyasını dəyişən bu qüdrətli səhnə ustası bütün zamanlarda, operetta janrında özünə əbədi yer tutub.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA