ALİM ADINA YARAŞMAYAN HƏRƏKƏT

  • 2019-04-10 22:57:08
  • |
  • Ölkə /

ALİM ADINA YARAŞMAYAN HƏRƏKƏT

Plagiat olduğu üzə çıxmış, heç bir elmi mahiyyət daşımadığı halda, xeyli dövlət vəsaiti xərclənmiş, ancaq Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu tərəfindən qızğın müdafiə olunan "İzahlı dilçilik terminləri lüğəti”nin müəlliflərindən birinin bu günlərdə AMEA rəhbərliyi tərəfindən təkrar mükafatlandırılması ciddi etirazlara səbəb olub. “Dilçilik Ensiklopediyası”nın tərtibçiləri redaksiyamıza plagiatlıq faktlarını nöqtəsinə, vergülünə qədər əks etdirən 37 səhifəlik əsaslandırılmış RƏY göndəriblər.

***

Bu gün dilçilik elmimizdə son dərəcədə sarsıdıcı xəbər dolaşmaqdadır. Belə ki, AMEA-nın Nəsimi adına Dilçilik institutunun Terminologiya şöbəsinin əməkdaşları ikrah doğuracaq bir hərəkətə yol veriblər. “İlkxeber.org”, “Demokrat.az”, “Ölkə.az” və s. saytlarında gedən məlumatları oxuyanda adamın tükləri biz-biz olur. Elmimizin keşiyində durmalı olan bir quru­mun əməkdaşları alim adına sığış­mayan hərə­kətlərə yol vermişlər. Düzü, əvvəlcə bu məlumatları oxuyanda bizə elə gəldi ki, jurnalistlər nəyisə qabardırlar. Lakin bu üzdəniraq çap məhsulunu diqqətlə nəzərdən keçirərkən məlum oldu ki, özlərini dilçi adlandıran şəxslər adicə elmi etikaya əməl etməmişlər. Məsələnin mahiyyəti ilə tanış olmaq üçün biz 2018-ci ildə AMEA-nın “Elm” nəşriyyatında çap olunan “İzahlı dilçilik terminləri lüğəti”ni (AMEA-nın Terminologiya şöbəsinin müdiri və 4 nəfər əməkdaşı, onların içərisində müdirin qızı) 2006 və 2008-ci illərdə “Mütərcim” nəşriyyatında çap olunmuş “Dilçilik ensi­klopediyası” (I, II cild müəl­liflər kollektivi və prof. F.Veysəllinin redaktorluğu və müəllifliyilə) ilə müqayisə edərkən gördüklərimizə inana bilmədik. İnsanı təəccübləndirən odur ki, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə özünə alim deyən bu insanlar söz­bəsöz, cümləbəcümlə hərfinə, nöqtəsinə toxunmadan mərhum alimlərimiz M.Adilov, Z.Ver­diyeva və hazırda yaşayan F.Ağayevanın “İzahlı dilçilik terminləri” (1989) və ADU-nun mənəvi mülkiyyəti olan “Dilçilik ensiklope­di­ya­sını” öz adlarına çıxaraq çap etdirmişlər. Yəqin ki, bu əldə­qayırma kitabın çap xərclərini də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ödəmişdir.

Ortalıqda plagiat faktı olan bir halda adamda sual yaranır: “Necə olur ki, eyni bir Respub­likada yaşayan alimlər konkret məsələlərdə özlərini görmə­məzliyə vururlar?” Onlar öz vicdanları qarşısında hesabat verirlərmi? Doğrudanmı, onlar belə güman edirlər ki, yeni nəsə kəşf etmişlər? Məsələnin nə yerdə oldu­ğunu aşağıdakı faktlarla açıb göstəməklə oxucuların özlərinin konkret nəticələrə gəlməsinə imkan yaratmaq istərdik.

Köçürülmə variantında plagiatın içərisində üzən alimciklərin əməllərinə qoy oxucuların özləri qiymət versinlər:

“Dilçilik ensiklopediyası” (səh. 4)

“Burada hər bir linqvistik termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qaşılığı, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərqi nəzərə alaraq terminlərin bu dildə trans­kripsiyası verilmiş, sonra terminlərin Azər­­baycan dilində açıqlanması özünə yer almış­dır. …Sözlərin semantik mənalarının açıl­ması və şərhi zamanı imkan daxilində Azər­bay­can dilçiliyindəki mənbələrdən istifadə edil­mişdir. … bəzən şərh olunan məsələlərlə bağlı başqa dillərin də misallarına müraciət olunur”

“İzahli dilçilik terminləri lüğəti” (s. 4)

“…Dilçilik ensiklopediyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qaşılığı veril­miş, ingilis dilində sözün tələffüzü ilə yazılış forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra terminlərin Azərbaycan dilində açılması özünə yer almışdır. Sözlərin semantik mənalarının açılması və şərhi zamanı imkan daxilində Azərbaycan dilçiliyindəki mənbə­lərdən istifadə edilmiş, bəzən də şərh olunan məsələ ilə bağlı başqa dillərdən də misallar verilmişdir.”

Sonuncu cümlədə ikinci “də” ədatının artırılmasını köçürənlərin “yaradıcılıq”şedevri adlandırmaq olar.

Çox maraqlıdır ki, “Dilçilik ensiklopediyası”ndakı verilən qısaltmalar da (s. 8-9) “İzahli dilçiliklər terminləri lüğəti” ndə, demək olar ki, olduğu kimi saxlanılmışdır (s. 6-7).

“Dilçilik ensiklopediyası” üçün vacib olan SDƏ (Struktur dilçiliyin əsasları), GDG (German dilçiliyinə giriş), BFƏ (Beynəlxalq Fonetika əlifbası), PDM (Praqa Dilçilik məktəbi) , YBD (Yardımçı Beynəlxalq dil) və s-lər, hətta cümlələrin transkripsiyaları üçün tətbiq olunan işarələr də eynilə lüğətə köçürülüb. Görəsən, “Azərbaycan dilinin izahlı terminlər lüğəti”nə “Qədim alman dili” (q.a.d.) və ya “ingilis dili” (ing.d.) və s. qısaltmaların nə aidiyyatı var?!.

Bu lüğətlərin qarşılaşmasında diqqəti cəlb edən bir məsələ də vardır. “Dilçilik ensklo­pe­diyası”nda adları çəkilən dilçilər- rəyçilər dilçilik sahəsində həm Azərbaycanda, həm də xaricdə tanınmış alimlərdir: fransız dili üzrə B.B.İsmayılov, R.Cab­barov, Azərbaycan dilçiliyi üzrə İ.Z.Qa­sımov, ümumi dilçilik üzrə A.Y.Məm­mədov, alman dili üzrə H.Quliyev və başqaları həqiqətən eksklopediyanı oxumuş, irad və təkliflərini mütəmadi olaraq onun əməkdaşlarına bildirmişlər. Bir şeyi də əlavə edək ki, “Dilçilik ensiklopediyası” Respublikamızın tanınmış mütəxəssislərinin iştirakı ilə 28 fevral 2009-cu ildə müzakirə olunmuşdur (müzakirədə AMEA-nın müxbir üzvü mərhum T.Hacıyev, professorlar S.Seyidov, H.İsaxanlı, A.Ələkbərli, A.Həsənov və b. çıxış edərək öz təklif və iradlarını bildirmişlər. Bax: “Azərbaycanda Xarici Dillər” jurnalı, 2009, №: 3-4).

Bundan başqa, “Dilçilik ensiklopediyası” haqqında qardaş Türkiyədə geniş həcmli məqalə çap olunmuşdur.

Bu iki çap məhsulunu müqayisə etdikdə məlum olur ki, “Dilçilik ensklopediyası”nda 4545 söz verilmişdir. “İzahlı dilçilik terminləri lüğəti”ndə 5307 termin verilmişdir. Rəqəmlər arasındakı bu fərq mərhum M. Adilov və b. lüğətindən götürülmüş terminlərlə izah edilə bilər. Köçürmənin dərəcəsini və miqdarını müəyyənləşdirmək üçün “Dilçilik ensiklopediyası” və “İzahlı dilçilik terminləri lüğəti” tutuşdurularaq müqayisə aparılmış və məlum olmuşdur ki, lüğətlərdə terminlərə verilən şərhlər ya M.Adilovun, ya da F.Y.Veysəllinin müvafiq lüğətlərində verdikləri şərhlərlə eynidir.

Məsələnin nə yerdə olduğunu əyani şəkildə göstərmək üçün lüğətlərdəki faktlara müraciət edək:

“Dilçilik ensiklopediyası”

“İzahlı dilçilik terminləri lüğəti”

Abazin dili – Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dil­də 30 mindən çox adam danışır. İki əsas di­a­lek­tə bölünür – tapant və axşar. 1932-33-cü il­lər­­də latın qrafikası əsasında yazısı hazırlan­mış­­dır. 1938-ci ildən kiril əlifbasına keçmişdir (s. 8).

 

Afaziya – Əsəb sisteminin pozulması ilə bağlı da­­nışıq və eşitmə qabiliyyətinin itirilməsi. Afa­ziya danışığın düzgün qrammatik tərtiba­tının pozulmasından, lazım olan şeylərin seçilməsin­də və tələffüzündə danışanın səhvə yol vermə­sindən ibarətdir (s. 78).

 

Aksentləşdirmə - Sözdə və ya ifadədə müəy­yən elementin vurğu ilə nəzərə çarpdırılması. Vurğu dildə sözü tanıma vasitəsidir (s. 30).

 

Akustik – Səs qavrayışına aid olan, səs qav­ra­yışı ilə əlaqədar; danışıq səslərinin fiziki xas­sələri. Danışıq səslərinin akustik xüsusiy­yəti. Seqment və superseqment vahidlərin akustik təsnifi. Akustik təhlil. Akustik fonetika (s. 29).

 

Aktualizator – Dil vahidinin müəyyən vəzifə kəsb etməsinə səbəb olan ifadə vasitəsi, işa­rənin (dil vahidinin) konkret mətndəki məna­sını ifadə edən vasitə, virtual işarənin aktual­laşması üsulu, dilin danışığa çevrilməsi. Mor­foloji aktualizator. Sintaktik aktualizator. Eksplisit (açıq, ifadə olunmamış) aktualizator. Dil işarəsinin elə aktuallaşdırma vasitəsidir ki, o, formal şəkildə ifadə edilir (s. 27).

Aktuallaşdırma – Dilin gizli (virtual) işarələ­ri­nin nitq işarələrinə çevrilməsi, nitqdə bu işarə­lə­­rən istifadə, aktualizator vasitəsilə (köməyilə) vir­tual işarələrdən konkret olaraq istifadə etmə (s. 27).

 

Akustik fonetika – Fonetikada səslərin fiziki xassələrini öyrənən, fonasiya zamanı eşidib anlamanı təmin edən xüsusiyyətləri öyrənən bölmə.Akustik baxımdan səsin yaranması, ci­yər­lərdən gələn hava axını xirtdəkdən ke­çərkən səs tellərini hərəkətə gətirir, bu da dilçəyi titrədir və hava molekulları xirtdəküstü boşluğa daxil olarkən hava dalğalarının sıxılması və genişlənməsi hava təzyiqini titrədir. Səsin yayılması hava təzyiqinin gücündən, digər qilim və təkandan asılı olur (s. 28).

 

Akut – a) kəskin ton; b) yüksələn ton, bir söz daxilində ən açağı tondan başlayıb yüksək tonda qurtaran; c) əski (köhnə) yunan dilində maksimum bir kvintə bərabər tutulan səs tonunun qalxması; 2) bir heca daxilində nisbətən zəif (aşağı) tonda başlayıb yüksək tonda bitən ton hərəkəti (s.29).

 

Aqlütinativ morfologiya – Heç bir morfoloji dəyişməyə məruz qalmayan, morfemlərin yanaşı (bir-birinin ardınca) gəlməsi vasitəsilə qrammatik kateqoriyaların ifadə olunması (s. 17).

Antonomaziya – Metonimiyanın növlərindən biri kimi şəxs adının təsvirinin apelativumla əvəz edilməsi. ... 2) Müəyyən şəxsin adının təsviri şəkildə istifadə edilməsi. Məs.: /Tanrı/ əvəzinə /Yeri-göyü yaradan/, /Napoleon/ əvəzinə /Austerlitsanın qalibi/, /Vaterloonun məğlubiyyəti/ və s. 3) Tarixdən, bədii ədəbiyyatdan və s. hamıya məlum olan xüsusi adların ümumi ad yerinə işlədilməsi. Məs.: Azərb. d. /Xəsis/ əvəzinə /Hacı Qara/, /fırıldaqçı/ əvəzinə /Şeyx Nəsrullar/ (s. 55).

 

 

 

 

Axlaut – Dilarxası kar samit. Məs.: alm. d. “ch” hərf birləşməsinin arxa sıra saitlərinin qonşuluğunda /x/ kimi tələffüzünü nəzərə çarpdırmaq üçün işlənən termin (, s. 83).

 

Bağlayıcısız əlaqə - Həmcins üzvlərilə səciy­yələnən, yaxud bağlayıcıların köməyi olmadan mürəkkəb cümlələrin arasındakı əlaqə.Belə üzvlər arasındakı əlaqə intonasiya vasitəsilə ifadə olunur (s. 94).

 

Baqirmi – Mərkəzi Sudan dil qrupuna aid dil­dir. Çad respublikasında yayılmışdır. Təqribən 1.5 milyon daşıyıcısı vardır. Yazısız dildir (s. 84).

 

Bazis dili – İngilis məntiqçisi C.K.Oqden 1930-cu ildə ingilis dilinin Beynəlxalq ünsiy­yət dilinə çevrilməsini təklif edib. O, qram­ma­tik cəhətdən qüsursuz sayılan ingilis dilini əc­nəbilər üçün yararlı hala salmaq üçün onu sa­də­ləşdirdi, onda daha az qrammatik forma sax­ladı ki, onları yaxşı yadda saxlamaq olsun. Məs.: o, /to be/ (olmaq) feilinin 7 formasını və bir neçə qaydasız saylarının düzəlişini saxladı (s. 85).

 

Bemol – bemol əlaməti sait və samitlərin do­daqlanma ilə yaranmasında müşahidə olu­nur, bu da tonun kəskin şəkildə aşaöı düşməsinə səbəb olur. Onlarda tonun aşağı düşməsini müsiqi terminilə bildirirlər və transkripsiyada /Ƅ/ diakritik işarəsindən istifa­də olunur. O, do­daqlanmanı göstərir. Akustik baxımdan bemol səslər formant göstəricilərin aşağı düşməsilə səciyyələnir. Artikulyator baxımdan bemol səslərdə nov dar, sadələrdə isə enli olur (s. 92).

 

Blek-boks təhlil – Girişdə və ya çıxışda müşahidə oluna bilən daxili strukturu və ordakı əlaqələri görə bilməyən sistemlərin təhlili. Kibernetikadan götürülmüş bu üsul qrammatik qaydalar sistemini dilin törəmə strukturları ilə eyniləşdirir. İnsan beynindəki prosesləri qara qutuya bənzədir (s. 100).

 

Bilateral – 1) Dildə işarənin ikitərəfli olması: işa­rələyən və işarələnən; 2) Dilin hər iki ya­nı­nın üst damağa doğru qalxması ilə yaranan səs. Adətən bu səs unilateral (təkyanlı) olur. Məs.: Azərb. d. /l/. Müq. et: /læl/, /lal/ və s. (s. 96).

 

Birema – İki hissədən ibarət ifadə, deyim. Cüttərkibli cümlə (s. 97).

 

Danışıq həlqəsi – Danışıq aktının parçalan­ması, bu zaman məzmunca müxtəlif məna həlqələri, yəni cümlə, söz və morfem kimi mənalı vahidlər alınır. Digər tərəfdən, bu parçalanmada maddi varlığına, yəni fonetik təzahürünə görə də müxtəlif elementlər alınır: söyləm, sintaqm, heca, səs (s. 171, II cild).

 

Danışıq ünsiyyəti – Təbii dil vasitəsilə baş tutan ünsiyyət (s. 172, II cild).

 

Danışıq zənciri – Danışığın xətti zənciri, səs­lən­mənin aramsız ardıcıllığı. O, eşidən tərə­fin­dən üzvlərə bölünən və semantik cəhətdən müəyyən semantik ardıcıllıqla düzülmüş vahidlər kimi dərk edilir (s. 172, II cild).

 

Even dili – Tunqus-mancur dillərinə aid dillər­dən biridir. Əsasən Oxot dənizinin sahillərində, Maqadan vilayətində və Yakutiya ərazisində yayılmışdır. Təqribən 15 minə qədər daşıyıcısı vardır. Yazısı 1931-ci ilə qədər latın, 1936-cı ildən isə kiril əlifbasındadır (, s 421, II cild).

 

Ekolaliya – Nitq qüsurlarından əzab çəkən uşaqlara və şəxslərə məxsus əlaqəsiz (rabitəsiz) danışıq (s. 424, II cild).

 

Ekspirator heca nəzəriyyəsi – Tələffüzü zamanı güclü hava axınının təsiri nəticəsində heca düzəldən elementin fərqləndiyini göstərən nəzəriyyə. Bu nəzəriyyə hecanın bir nəfəs­vermə zamanı tələffüz edilən səs birləşməsini hesab edir. Amerika alimi Stetsona görə, heca nəfəsvermədə yaranır. O, bir nəfəsvermə ilə tələffüz edilən fonem və ya fonem qrupunu heca adlandırır. Məsələnin belə həlli ilə razı­laşmaq olmaz, çünki bir nəfəsvermədə bir neçə heca, söz, hətta sinaqm tələffüz etmək olar: /mən çox razıyam/ tərkibində bir neçə heca vardır. Hecanın saitlə başlaması və ya bitməsi məsələnin ikinci tərəfidir (s. 427, II cild)

 

Enən diftonq – Tərkibindəki komponentlərdən birincisi vurğulu, gərgin, heca nüvəsi əmələ gətirən, ikincisi isə vurğusuz, zəif, heca nüvəsi əmələ gətirməyən diftonqdur (s. 57, II cild).

 

Evfonik – 1) Bir səsdən digərinə keçməni yüngülləşdirən; 2) Kakfoniyanın (ahəngsiz­liyin, səsin qulağa xoş gəlməməsinin) əksi (s. 422, II cild).

Falset – Qığırdaqlararası cığır qapalı olduğu və səs telləri arasında cığır yarımçıq (və yarım­qapalı) olduğu zaman yaranan yüksək tonlu səs (s. 332, II cild).

 

Fasilə (pauza) – müxtəlif səbəblərlə əlaqədar və müxtəlif məqsədlərlə danışıq aktının mü­vəqqəti kəsilməsi, danışığa ara verilməsi. Dildə funksiyası sintaqmları və məna qrup­larını ayır­maq, sonda gələrsə fikrin bitməsini bildir­məkdir. Fasilə üç cür olur: fakültativ, kiçik (/), böyük (//). Məs.: Azərb d. /Axşamdan başlayan dartışma/ səhərə yaxın, başa çatdı// (s. 76, II cild)

 

Fonika – Danışıq aktında səs quruluşunun təşkili: alternasiya, assonans, səs təqlidi və s. kimi danışıq prosesində müşahidə olunan hadisələr (s. 350, II cild).

 

Fonometriya – Danışıq dilini eksperimental-fonetik yolla tədqiqini inkişaf etdirən elm sa­hə­si. Eksperimental yolla təhlil edilən, din­ləyi­ci­lər tərəfindən qəbul edilən göstəricilərin müqa­yisəsinə söykənən tədqiqatlar (s. 354, II cild).

 

Fonestem – Bəzi xüsusiyyətlərinə görə müəy­yən mənada morfemə uyğun gələn, yəni onun qismən hər hansı bir məzmun, yaxud məna təsəvvürləri arasında əlaqə yaradaraq təkrar­lanan səs birləşmələri. Lakin morfemdən fərqli olaraq belə səs birləşmələri söz formasının qalan hissələrinin morfoloji­ləşməsinə gətirib çıxarır (s. 346, II cild).

 

Geminat - 1.Uzun tələffüz olunan samitlər. Məs.: italyan dilində samitlərin uzun və qısa­lığı fonoloji cəhətdən relevant əlamətdir. Məs.: /fat:o/ (tale), ancaq /fat/ (etdi) /mon:o/ (baba), /mono/ (doqquzuncu rəqəm). Azər­baycan di­lində uzun samitlərin olması məsələsi müba­hi­sə­lidir. Tələffüz üçün qoşa yazılan samitlərin uzun tələffüzü səciyyəvi deyildir (s. 146, I cild).

 

Havay dili – Şərqi polineziy dil yarımqrupuna aid olan dildir. Əsasən havay adalarında yayılmışdır. 30 minə qədər daşıyıcısı vardır. Fonoloji sistemi bəsitdir, bu dildə 5 sait, 8 samit vardır. Əsasən açıq heca CV quruluşuna malikdir. 1922-ci ildən latın qrafikası əsasında yazısı mövcuddur (s. 144, I cild).

 

Harmonizasiya – Sözün başlanğıc hecasında gələn saitin bu sözdə gələn digər saitləri öz məxrəcində (dodaq və ya damaq ahənginə görə) kökləməsi. Türk dilləri üçün səciyyə­vi­dir. Məs.: Azərb. d. /göy+lər/, ancaq /son+lar/ (s. 145, I cild).

 

Xantı dili – Fin-uqor dillərinə aid dildir. Əsa­sən xanta-mansi vilayətində, Tümen vilayətinin Yamal-nenes rayonunda və Tomsk vilayətinin Aleksandrovsk və Qarqasok rayonlarında ya­yıl­mışdır. Ədəbi dili kazım və şurişkar dialekt­ləri əsasında formalaşmışdır (s. 376, II cild).

 

Xron - İngilis alimi D.Counzun işlətdiyi bu ter­min fonoloji vahidi bildirmək üçündür. Uzun və qısa xronomlar ingilis dili saitlərinin fərql­əndirici əlaməti hesab edilir. Eynilə xron uzun­luğun fonetik fərqini bildirir (s. 380, II cild).

 

İdeofon – Hər hansı bir məfhumun səslə təsviri. Onlar əksər hallarda səs təqlidi üsulu ilə yaranır. Məs.: /bööö/ - dana böyürtüsü, /ham-ham/ - it hürüşü (s. 270, I cild).

 

İkonizm – Semiotikada təsvir olunanla təsvir edənin qarşılıqlı əlaqəsinə əsaslanan mətn şəh­ri. Məs.: məruzəçi öz məruzəsini maraqlı et­mək üçün bir sıra təsvir və əyani vasitələrdən istifadə edir ki, bu da onun hərəkətlərini ardı­cıllıqla izləməyə imkan verir (s. 278, I cild).

 

İzoton – Ton müxtəlifliyinin işlənmə xüsusiyyətlərinin yayım coğrafiyasını göstərən (izoqlos) xətlər (s. 277, I cild).

 

Janr üslubu – Üslubların janr təsnifatı zamanı müəyyən janrlarla əlaqədə götürülən üslub (s. 233, I cild).

 

Jarqonizmlər – jarqonizmlərdə profes­sio­na­lizm­lərdən fərqli olaraq əşya və predmetlər ilkin (ümumişlək, uzual) adıyla deyil, süni şəkildə, müəyyən məqsədlə adlandırılır və buna görə də bu qəbildən olan sözlərdə ekspressiv-üslubi çalarlıqlar daha kəskin ifadə olunur (s. 234, I cild).

 

Kadensiya – Cümlənin intonasiya konturunda sonda (mürəkkəb cümlənin sonunda) reallaşan sintaqm. Məs.: Azərb. d. /Nahaq yerə deyilmə­mişdir ki, / (antikadensiya), /iş usta­sından qorxar/ (kadensiya). (mübtəda budaq cümləsi). (s. 314, I cild)

 

Kakofoniya – Səslərin qulağa xoş gəlməyən səslənməsi, qarmaqarışıq səs kompleksi. Əksər hallarda kakofoniya hadisəsi danışıqda eyni səslərin və onların birləşməsinin düzgün işlənməməsi zamanı yaranır. Məs.: Azərb d. /yemək-içmək/ əvəzinə /yımax/içmax/, /bərk/ əvəzinə /bərik/ və s. (s. 314, I cild).

 

Kakuminal samit – Tələffüzü zamanı dilin yanları sərt damağa doğru qalxır. İng. d. /r/ -da dilin yanları yuxarı qalxır və çalovabənzər şəkil alır (kakumus ən yüksək nöqtə deməkdir) ona görə də ona kakuminal səs deyilir (s. 314).

 

Kontekst – Dil vahidinin linqvistik əhatəsi, işlənmə şəraiti və xüsusiyyətləri. Hər bir leksemin tam şəkildə anlaşılmasını təmin edən əhatə, danışan və dinləyənin qarşılıqlı anlaşılmasına xidmət edən mətn və s. Dilçilikdə linqvistik və ekstralinqvistik (fiziki) kontekst fərqləndirilir (s. 360, I cild).

 

Qalf dilləri – Meksika körfəzinin sahillərində yayılmış hindi dillərinin Şimali Amerika ailəsinə daxildir. Ümumilikdə 30 mindən yuxarı daşıyıcısı vardır. qalf dilləri ailəsinə natez, tunik, çitimaç, atakapa və s. dillər daxil­dir. yazısı olmayan dillərdəndir (s. 145, I cild).

 

Qlottallaşmış – Tələffüzü zamanı kipləşmiş səs telləri açılarkən boğazda partlayış yaran­maqla tələffüz olunan samit. Məs.: gürcü d. /p˅/, /t˅/, /k˅/ (s. 163, I cild).

 

Qlottis – Canlılarda xirtdəkdəki səs telləri arasındakı arasındakı cığır. Səs tellərinin vəziyyəti səslənməni və fonasiyanı müəyyən edir (s. 163, I cild).

 

Ladino- Roman dillərindən biridir. Bu dilin daşıyıcıları 1942-cı ildən İspaniyadan qovul­muş və Avropanın cənubunda, Niderlandda, İngiltərədə, Almaniyada və türkiyədə məs­kun­laşmış yəhudilərin törəmələridir. 100 minə qədər daşıyıcısı məlumdur. Ədəbi ladino dili XVI əsrdə koyne əsasında yaranmışdır (s. 374, I cild).

 

Laletika – Dilçilikdə danışığın artikulyator tərəfinə üstünlük verən cərəyan. Fonetikanı laletika termini ilə əvəz etmək fikrini ilk dəfə G.Forxhammer irəli sürmüşdür. G.Forxham­mer qeyd edirdi ki, nitq səsləri danışıq üzv­lərinin hərəkətindən yaranır. Ona görə də G.Forxhammerin səslərin əmələ gəlməsinə dair fikirlərini dilçilik tarixində dönüş nöqtəsi adlandırır, fonetikanı dilçilikdən çıxarır, onu “laletika” ilə əvəz etməyi təklif edirdi (s. 374, I cild).

 

Larinqal nəzəriyyəsi – Hind-Avropa ulu dilinin bir hissəsinin bərpası sayəsində bie neçə dəfə sınaqdan çıxmış fərziyyə. Bu gün 3 larinqal samit bərpa edirlər /h1/, /h2/, /h3/. Bunların mövcudluğu morfoloji-struktur təhlillər əsasın­da müəyyənləşir. Digər tərəfdən, bu fonemlər ayrı-ayrı dillərdəki reflekslə açıla bilir. Hind-Avropa dillərində e-nin a-ya h2 , o-ya isə h3 –lə dəyişməsi sübut oluna bilər, xet dilində h2 bir çox mövqedə samit fonem kimi qalmışdır. Larinqal nəzəriyyəsi bunu Hind-Avropa dillərinin morfoloji sistemində ablautla daha aydın aça bilir. Məs.: lat. d. /est/, xet dilində /eszi/ -dir deməkdir. Tədqiqatlar göstərir ki, /peh2/ sözündə /e/ /a/ -ya çevrilib və olub latın dilində /pa:sco/, xet dilində isə /pahsimi/ (mən qoruyuram). Göründüyü kimi bu formalarda heç bir /e/ yoxdur. Larinqal nəzəriyyəsi göstərir ki, latin dilində bu əlavə uzanma ilə yox olur, xet dilində isə /h/ kimi saxlanılır. Sonralar h2 larinqalı kimi bərpa olunan xet dilində /h/-nın yerində gəlməsi empirik fakt­larla təsdiq olundu. Larinqal nəzəriyyəsi F. de Sössürün adı ilə bağlıdır (s. 376-377, I cild).

 

Makrofonem – Amerikan dilçiliyində dilin mənalı vahidlərinin (morfem, söz, söz bir­ləş­məsi) əmələ gəlməsində və onların səs qabı­ğının fərqləndirilməsində əsas rol oynayan ən kiçik dil vahidi. “İki müxtəlif forma arasındakı səs fərqlərinin dərəcəsi müxtəlif ola bilər. İki oxşar olmayan forma arasındakı səs fərqi müəyyən səs kompleksinin tərkib hissələrinə uyğun gəlir. Öz aralarında minimal cəhətdən fərqlənən formaların qrupu “sinif” yaradır. Bu sinif bütün üzvlər üçün eyni olan səs kompleksləri ilə səciyyələnir və bütün bu üzvlərdə minimal fərqi eyni səs parçası təşkil edirsə (məs.: sonu və ya əvvəli) onda belə sinfə “nizamlanmış” sinif deyilir. Məs.: Azərb. sözləri /qaz-yaz- paz-naz-saz/ və s. nizam­lanmış sinif yaradır. Belə bir sinfin üzvləri ara­sındakı münasibətlər minimal fono­loji qar­şılaşmalardır. Bu cür qarşılaşmaların üzvlərini V.F.Tvoddel (1906-1982) mikrofo­nemlər ad­lan­dırır (deməli, bizim misallarda /g-j-n-s/ özündən sonra gələn /az/ seqmenti ilə səciy­yələnən formal sinfin mikrofonemləridir). Belə mikrofonemin fonetik qarşılığı bir neçə artikulyator xüsusiyyətə malikdir. İki forma sinfi o zaman “eyni cür nizaml” adlanır ki, onların mikrofonemləri arasındakı münasibət eyni olsun. Məs.: /will, till, kill, bill/ və /nar-gnar-knack-nab/ sinifləri eyni cür nizamlanıb. Hər iki halda mikrofonemlərin fonetik təbi­ətinin müxtəlif olmasına baxmayaraq, (/p, t, k/) söz əvvəlində nəfəsli, söz sonunda isə nəfəssiz tələffüz olunur) məhs bu mikrofonemlər arasındakı münasibətlər hər halda eynidir. Eyni cür nizamlanmış müxtəlif forma siniflərində həmişə eyni yerdə gələn bütün mikrofonemlər bir “makrofonem” əmələ gətirirlər ki, bu da bizim “fonem” anlayışımıza uyğun gəlir (s. 404-405, I. cild).

 

Makrostruktur –Mətnin ümumi semantik və praqmatik strukturu. Semantik makrostruktur “xüsusi makroqaydalarla” (informasiyanın sax­lanması və ümumiləşməsi) cümlə və cümlə ar­dıcıllıqlarının semantik strukturundan yaranır. O, danışanların mətn düzəltmək qabiliyyətini, mətnin temasını ehtiva edir. Semantik makro­strukturların düzəlməsinə analoq olaraq ayrı-ay­rı danışıq aktları praqmatik makro­struk­tur­ları mətnin illokusiyonunu yaradır (s. 404, I cild).

 

Makrosintaksis – Mətn qrammatikasında cümləfövqü vasitələrin qrammatik təsviri. Məs.: mətnlərin koheziyası, tekst forikası, transfrastik təhlil, mətnin təhlili (s. 404, I cild).

 

Naqa dilləri – Hindistanın Naqalend və Mani­pur ştatlarında yayılmış tibet-birma dillərinin ümumi adı. Bu dillərdə danışanların sayı 950 mi­nə yaxındır. Lxota, ao, empeo, kabui, kio­yrenq, maram, kuxoyaro, banpara, namsanq, mo­şanq və s. naqa dillərinə daxildir (s. 458, I cild).

 

Neksus – O.Yespersenin nəzəriyyəsinə görə xəbərlə birləşmənin xüsusi sintaktik növü (s. 481, I cild).

 

Nominal dil – Bask dilindən başqa bütün Avropa dilləri üçün səciyyəvi dil xüsusiyyəti. Cümlə adlıq halda olan spzlə başlayır, fel tranzitivdə olur, sonra başqa formalar işlənir. Məs.: Azərb. d. /Əhməd yazır//, /Əhməd məktub yazır//, /Məktub Əhməd tərəfindən yazılır// və s. (s. 504, I cild).

 

Oberton - əlavə, nisbətən yüksək ton. Simin bü­tövlükdə titrəməsi əsas tonu, onun hissə­lərinin titrəməsi isə parsial (hissə, ayrı) tonu verir. Obertonlar səsə müəyyən rəng, əlavə çalar verir ki, buna da fonetikada tembr deyilir (s. 7; II fəsil)

 

Obertonal – səsin əsas tonuna xüsusi çalarlıq verən ton (s. 7; II fəsil).

 

Okkazional – Təsadüfi, fərdi zövqlə bağlı iş­lənən, kontekst və məqamdan asılı olan dü­zəltmələr, sözlərin təsadüfi işlənməsi. On­lara bəzən ani düzəltmələr də deyilir (s. 30, II cild).

 

Oksiton – Son hecası vurğu ilə səciyyələnən. Qədim yunan dilində axırıncı hecası akkut vurğu ilə deyilən sözlər. Adətən baritona qarşı qoyulur (s.32, II cild).

 

Orfofoniya – Bir dilin tələffüz normasını, fo­nem reallaşmalarını, vurğu və intonasiya xüsu­siyyətlərini öyrənən elmə orfofoniya deyilir (s. 42, II cild).

 

Orfoton – Sözün söyləndiyi şəraitdən asılı olmayaraq öz prosodik xüsusiyyətlərini saxlaması (s. 42, II cild).

 

Parafaza – Neyrolinqvistikada afatiklərin və dil xətaları olan uşaqların danışıq fəaliyyətinin göstəricisi. Ənənəvi olaraq parafazanın aşağı­dakı növləri fərqləndirilir: a) fonematik para­faza – samitlərdən biri və ya bir qrupu tələffüz olunmur. Məs.: Azərb. d. /stol/ əvəzinə /tol/; qonşuluqda və ya məsafəcə aralı yerləşən səslərin təsiri. Məs.: alm. d. /Glockensignal/ əvəzinə /Gnockelsignal/; b) semantik və ya ver­bal parafaza. Sözün səhvən seçilərək işlən­məsi. Məs.: Azərb. d. /banan/ əvəzinə /kolbasa/ və s. (s. 71, II cild).

 

Paralaliya – Dislaliyanın xüsusi forması. Bu zaman bir səs sistematik olaraq başqa səslə əvəz edilir. Məs.: Azərb. d. /gəlmək/ sözündə /l/ bir qayda olaraq sonor samitlə əvəzlənir və /gərmək/ kimi tələffüz olunur (s. 67, II cild).

 

Paradiqm – Söz formalarının bir-birinin qarşı duran müəyyən çoxluğu, yəni söz formaları bir bütöv daxilində qarşılıqlı münasibətdə olurlar, bu formalar şəkilçi dəyişmələri ilə bütövdə yeni məna kəsb edir. Məs.: Azərb. d. (hallar, feilin təsriflənən formaları və s.) (s. 67, II cild).

 

Parataksis – Sintaktik vahidlərin bir-birilə ya­na­şı işlədilməsindən ibarət birləşmə; cüm­lə­lərdə komponentlərdən birinin digərindən asılı­lığının (tabeliyin) qrammatik –formal va­sitə­lərlə əks olunmaması.Tarixən koordina­siya ki­mi dəyərləndirilərək hipotaksisə qarşı qoyulur. Məs. Azərb. d. /Mən yorğunam//, /Mən acam// (s. 70, II cild).

 

Presuppozisiya – Dildə ifadə və söyləmlərin məlum (gizli) danışıqqabağı fikri bildirməsi. Ötən əsrin 70-ci illərində analitik dil fəl­sə­fəsindən dilçiliyə gətirilmiş məfhumdur. Məsə­lənin mürəkkəbliyi bəzən adekvat tərcümənin qeyri-mümkünlüyü və məntiqlə dilçilik arasın­da münasibətlərin qaranlıq qalmasında və ya təbii dillərin təhlilində onların bərabər şəkildə götürülməsindədir (s. 128, II cild).

 

Reduplikasiya – Eyni dil vahidinin eynilə və ya qismən dəyişdirilməsilə təkrarı: 1) Fonetik tək­rar: sözün birinci hecasının və ya bütövlükdə iki dəfə təkrarı ilə yaranan yeni söz. Məs. Azərb. d. /xal-xal/, /tər-tər/. Bu zaman təkrar əsasən məlumatı gücləndirmək vasitəsi kimi çıxış edir. Məs.: Azərb. d. /tez-tez/, /oyum-oyum/; rus d. /чуть-чуть/, /давным-давно/ və s. Fonetik təkrarlarda təqlidi sözlər xüsusi yer tutur. Müq. et: Azərb. d. /kiş-kiş/, /ham-ham/; rus d. /кря-кря/ (ördək); ing. d. /tick-tick/; 2) Morfoloji təkrar: hind-Avropa dillərində feilin birinci hecasının təkrarı ilə zaman formasını düzəltmək olur. Məs.: qot d. preteritum /haitan (adlanıram), /haitrait/ (mən adlanıram), latın dilində /tanga/ (toxunuram), /tetiqi/ (toxun­dum) formasında düzəlir və ya Malayziya di­lin­də sözün təkrarı cəm formasınının düzəl­mə­sinə xidmət edir. Müq. et: /orang/ (adam), an­caq /orang-orang/ (adamlar); 3) Ritmik tək­rar. Məs.: Azərb. d. /hətərən-pətərən/, /həlləm-qəl­ləm/; 4) Sintaktik təkrar. Məs.: Azərb.d. /Ağıl yaşda deyil, başdadır, başda// (s. 161, II cild).

 

Referensiya – 1) Ənənəvi qrammatikada refe­rensiya dil vahidi ilə (söz, ad) gerçək aləmin predmet və ya əşyası arasındakı əlaqəni bildirən ifadə kimi başa düşülür.

2.Danışıq aktı nəzəriyyəsində danışanın ifa­dəsi mərkəzə çəkilir. Burada referensiya danı­şa­nın ətraf aləmə verbal və qeyri-verbal vasitə­lərlə mövqe bildirməsi. Bəzi koqnitiv araşdır­ma­lar­da referensiya artıq ətraf aləmə deyil, pro­yek­siya olunan aləmə, yəni bizim şüuru­muz­dakı kon­septual sistemə aid olmağı bil­di­rir. Ancaq burada tam yekdillilik yoxdur: təkcə əşyalar, şəxs­lər, referentlər kimi götürül­məli­dir, yoxsa hadisələr də belə nəzərdən keçirilməlidir (s. 169, II cild).

 

Refonolojiləşmə - Dilin fonem sistemində əsa­sən üç dəyişmə mövcuddur. Bunlar sistemdə fonemlərin sayının azalmasına, fonemlər ara­sındakı qarşılıqlı münasibətlərin dəyişməsinə və, nəhayət, sistemdə fonemlərin sayının artıb-azalmasıyla müşayiət olunan dəyişmələrdir. Praqa dilçilik məktəbinin linqvistik irsində belə dəyişmələri əksər hallarda defonolojiləşmə, refo­nolojiləşmə və fonolojiləşmə terminlərilə ad­landırırlar. Sistemdəki digər iki dətişmədən fərqli olaraq refonolojiləşmə fonemlərin miq­darının artıb-azalmasına təsir etmir. Refo­no­lojiləşmə sistemdə mövcud olan hər hansı bir fonoloji fərqin yeni fonoloji fərqə transfor­masiyasıdır, daha doğrusu, dildəki əvvəlki fonoloji münasibətin yeni fonoloji münasibətlə əvəzlənməsidir. Məs.: orta alman dilində /u:/, /i:/ uzun saitləri müvafiq olaraq /ao/ və /ae/ diftonqlarına çevrildilər. Müq. et: /hu:s/ - /haos/ (ev), /ʦi:t/ - /ʦæt/ (vaxt) (s. 170, II cild).

 

Rirmik qrup – Vurğusuz hecaların vurğulu he­ca­lar ətrafında birləşməsinə ritmik qrup deyilir. Məs.: alm. d. /İn der Schule gibt es viele Schüler// (məktəbdə çoxlu şagird var) cüm­ləsində 3 ritmik qrup var (s. 181).

 

Saam dili – Fin-uqor dillərindən biri. Pri­bal­ti­ka-fin dillərinə çox yaxındır. Norveçin şomal hissəsində (30 min), İsveçdə (17 min), Fin­lan­diyada (5 min), Rusiya Federasiyasının Kolsk yarımadasında (2 min) yayılmışdır. İki dialektə bölünür: qərb (Norveç, Finlandiya və İsveç) və şərq (Rusiya Federasiyası) ərazisində yayılmış dialektlər. Fonem sistemində saitlərin uzunluğu fonoloji mahiyyət daşıyır. Sintaktik cəhətdən sifət isimlə hal və kəmiyyətə görə uzlaşır (s. 192, II cild).

 

Sait dördbucağı – Dilin saitlər sistemi dörd­bucaqlı həndəsi fiqur şəklində verilir. Bu cür dördbucaqlı şəkillər əksər hallarda yəni dilin vəziyyətinə və dodaqların hərəkətinə əsaslanır. İlk dəfə /i/, /u/ və /a/ saitlərinin üçbucağı şək­lində K.F.Helvaq (1754-1835) tərəfindən irə­li sürülən bu sxem sonrada arxa sıra saiti /a/ saitinin əlavə edilməsilə saitlər dördbucağı və ya saitlər trapezi kimi inkişaf etdirilmişdir. Bu sxem üç əlamətə əsaslanır: a) dilin şaquli isti­qamətdə hərəkətinə və ya çənənin açılması də­rə­cəsinə (yüksək, orta, aşağı); b) dilin üfüqi istiqamətdə hərəkətinə (neytral, mərkəz, arxa) və c) dodaqların iştirakına (dodaq, qeyri-do­daq). Bu sait dördbucağı Beynəlxalq Fonetika Cəmiyyəti tərəfindən bütün dillər üçün məqbul sxem kimi tövsiyə olunur (s. 397, II cild)

 

Qeyd: İkinci cümlədə orfoqrafik səhv, “yəni”dən əvvəlki vergülün qoyulmaması “qondarma lüğətin” tərtibçilərin onu elektron formatını sadəcə oğurlamalqa məşğul olduqlarını göstərir.

 

Semantem – Fonologiyada fərqləndirici əla­mət­lər üzrə təsvir olunduğu kimi, struktur se­mantika da dil vahidlərinin semantik təsvirində ən kiçik məna komponenti kimi semantemdən – semantik əlamətlərdən istifadə edir. Məs.: Azərb. d. /getmək/ feli /+hərəkətdə olmaq+ yer­də+düz/ əlamətlərinin cəmi kimi götürülə bilər. Bundan fərqli olaraq /addımlamaq/ felinə isə /+yavaş+yavaş+qürurla/ kimi əlamətləri əla­və etmək lazımdır. Burada adi sözlərdən is­ti­fadə edilir, ancaq onlar termin kimi götü­rülür və böyük mötərizələrdə plyus işarəsilə verilir. Semantik əlamətlərin statusu müba­hisəlidir. Onlar gerçəkliyin bilavasitə fiziki əlamətləri deyil, insanların ətraf aləmi dil vasitəsilə əks etdirməyin psixi şərtləridir. Müq. et: /ölü/, /cəmdək/, /leş/. Onlar eyni reallığın ifadəsi olsalar da, aralarında müəyyən semantik fərq vardır ki, bu da dildə öz əksini müxtəlif şəkildə tapır. Məs.: biz deyə bilmərik ki, /Mən də cəm­dəklərlə dost idim//, ancaq /Mən ölülərlə dost idim// deyə bilərik. Fonologiyadan fərqli ola­raq, biz semantik əlamətlərin hamı tərə­findən qəbul edilmiş klasını müəyyənləşdirə bilmərik. Ona görə də müxtəlif dilçilik mənbələri se­mantik əlamət dedikdə, müxtəlif terminlərdən istifadə edirlər: noen←, plerem←, sem ←, fiqur→ (s. 205-206, II cild).

 

Sinerezis – Etimoloji cəhətdən müxtəlif hecalarda işlənmiş saitlərin birləşməsi. Vurğu­nun söz kökünə düşməsi sbəbindən hecalar arasındakı sait ixtisara düşür (s. 218, II cild).

 

Sinapsiya – Fransız dilçisi E.Benvenistin (1902 -1976) sintaktik cəhətdən bir-birinin da­lın­ca gələn leksemlərin mənasını bildirmək üçün işlətdiyi termin. Bu zaman təyin edən söz təyin edilən sözdən qabağa keçir (s. 218, II cild).

 

Tabulaşma – Müəyyən dil cəmiyyətlərində sözlərin işlənməsində müşahidə olunan qadağa. Məs.: Azərb. d. ölümlə bağlı sözlərin əvəz­lənməsi /öldü/ əvəzinə /gözlərini bir­dəfəlik yumdu/, /həyatla vidalaşdı/, /ömrünü bağışla­maq/. Bo proses dildə yeni sözlərin və alın­maların yaranmasına gətirib çıxarır. danışıqda bəzən də tabu əvəzinə üvfemizmlər işlədilir (s. 286, II cild).

 

Takt – Danışıq aktında eyni ritmik parçaların təkrarından yaranan ritmik qruplar. Məs.: /ta+ˈta/, /ta+ta+ˈta/ və ya / ˈta+ta/, / ˈta+ta+ta/ (s. 290, II cild).

 

Tembr – Səsin əsas tonuna və ya küyünə harmonik oberton və rezonator ton əlavə etməklə meydana gələn (səs) çaları. Səsin tembri əsas ton ilə digər tonların (oberton, rezonator ton) birləşməsindən ibarətdir. Səsin təmizliyi və şəffaflığı kimi başa düşülən “cingiltilik” və “səslilik” tembr məfhumuna aid edilir. Mürəkkəb səsin yüksəkliyi onun əsas tonu ilə müəyyən edilir, obertonlar isə səsə müəyyən rəng, əlavə səd verir ki, buna da tembr deyilir (s. 294, II cild).

 

 

 

 

Variant – Eyni bir dil və ya em səviyyəsi va­hidinin (yəni fonemin, morfemin və s.) müx­təlif şəkillərdə təzahürü və ya işlənməsi. Mü­a­sir dilçilikdə variantların aşağıdakı növləri fərq­ləndirilir:1) Xüsusi variantlar. Məs.: Azərb. d. /o/ - 3-cü şəxsin təki, ayrılıqda bir söz; 2) Kombinator variant. Əsas variant, yəni əha­tə­dən və mövqedən ən az asılı olan və da­nı­şıq aktının neytral üslubunda maksimum fərq­lən­dirmə qabiliyyətinə malik olan variant. Məs.: Azərb. d. /dºuz/ sözündəki dodaqlanan /dº/ variantı; 3) Mövqedən asılı olan variant. Məs.: alm. d. saitlər anlautda knaklautla tələf­füz olu­nur. Müq. et: /˃ˊa: bənt/ (axşam) və s.; 4) Fa­kültətiv variant. Məs.: alm. d. /r/ və /R/ bu­na bariz nümunədir; 5) İşlənmə tezliyinə gö­rə va­riantlar. Məs.: Azərb. d. /ə/ və /a/ ən çox iş­lə­nən saitlərdir. Bundan başqa, fərdi və so­si­o­va­riant da fərqləndirirlər. (Qeyd: oriji­nal­da /bun­­dan başqa/ ifadəsindən sonra vergül səh­vən qoyulmamışdır. Bu səhv “qondarma lüğə­tin” tərtibçiləri tərəfindən də edilmişdir. (s. 107).

 

Variativlik – Danışıq şəraitində və ya danı­şanların ictimai və məhəlli mənsubiy­yətindən asılı olaraq meydana gələn danışıq müxtə­lifliyi, danışıqdakı fərqlər (s. 108).

 

Variofon - D.Counzun (1881- 1967) işlətdiyi termindir. Müxtəlif fonetik mətn parçalarından asılı olaraq çüşidli tələffüz edildiyi üçün müx­təlif cür eşidilən səs. Bu Amerika dilçili­yin­də sərbəst variativliyə uyğun gəlir (s. 108).

 

Variasiya – Moskva fonoloji məktəbi zəif möv­qedə çıxış edən variantı çalar və ya variasiya, qüvvətli mövqedə çıxış edən variantı isə əsas çalar adlandırır. .... Variasiyalar həmişə eyni fonemə aid olur, variantlar isə fonem sırasına və ya hiperfonemə, arxifonemə aid olur (s. 108).

 

Velyarlaşma – Dil arxasının yumşaq damağa yaxınlaşmasından ibarət olan və dilarxası samitlərdən başqa bütün samitlərin əmələ gəlməsində özünü göstərən əlavə artikulyasiya növü. Velyarlaşma samitlərdə ton və küyü azaltmaqla, onların qalınlığını artırır. Ona görə də bu hadisə “qalınlaşma” adlandırılır. Buna əks hadisə palatallaşma (“incələşmə”) hesab olunur. Məs.: Azərb. d. /l/ samiti arxa sıra samitləri /a, o, u, ı/ qarşısında qalın [l] (məs.: /lal, bala/ və s., incə saitlər qarşısında isə yumşaq [lˈ] tələffüz olunur (məs.: /lil/, /lülə/ (s. 111).

 

Yeni akut – Praslavyan dilində köhnə sirkum­fleksi (qalxıb-enən tonu ) əvəz edən yüksələn ton (s. 502, I cild)

 

Yukagir dili – Yukagir-çuvan dillərinin yeganə canlı təmsilçisi. Əsasən Kolıma və Alazey çaylarının sahillərində, qismən də Maqadan vilayətində yayılmışdır. Yukagir dilində təqri­bən 300 nəfər əhali danışır. Yukagir dilinin fonoloji sistemi 13 sait (7 qısa, 6 uzun) və 20 samit fonemdən ibarətdir. Yukagiq dili mor­foloji cəhətdən aqlütinativ dil hesab olunur (s. 444, II cild).

 

Abazin dili – Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dil­də 30 mindən çox adam danışır. İki əsas di­a­lek­tə bölünür – tapant və axşar. 1932-33-cü il­lər­də latın qrafikası əsasında yazısı hazırlan­mış­dır. 1938-ci ildən kiril əlifbasına keçmişdir (s. 11).

 

Afaziya – Əsəb sisteminin pozulması ilə bağlı da­­nışıq və eşitmə qabiliyyətinin itirilməsi. Da­nışığın düzgün qrammatik tərtiba­tının pozul­masından, lazım olan şeylərin seçilməsin­də və tələffüzündə danışanın səhvə yol vermə­sindən ibarətdir (s. 20).

 

Aksentləşdirmə - Sözdə və ya ifadədə müəy­yən elementin vurğu ilə nəzərə çarpdırılması. Vurğu dildə sözü tanıma vasitəsidir (s. 24).

 

Akustik – Səs qavrayışına aid olan, səs qav­ra­yışı ilə əlaqədar; danışıq səslərinin fiziki xas­sələri. Danışıq səslərinin akustik xüsusiy­yəti. Seqment və superseqment vahidlərin akustik təsnifi. Akustik təhlil. Akustik fonetika (s. 25).

 

Aktualizator – Dil vahidinin müəyyən vəzifə kəsb etməsinə səbəb olan ifadə vasitəsi, işarə­nin (dil vahidinin) konkret mətndəki mənasını ifadə edən vasitə, virtual işarənin aktuallaşması üsulu, dilin danışığa çevrilməsi. Morfoloji ak­tu­­alizator. Sintaktik aktualizator. Eksplisit (açıq, ifadə olunmamış) aktualizator. Dil işarə­sinin elə aktuallaşdırma vasitəsidir ki, o, formal şəkildə ifadə edilir (s. 25).

Aktuallaşdırma – Dilin gizli işarələrinin nitq işarələrinə çevrilməsi, nitqdə bu işarələrən istifadə, aktualizator vasitəsilə virtual işarələr­dən konkret olaraq istifadə etmə (s. 25).

 

 

Akustik fonetika – Fonetikada səslərin fiziki xassələrini öyrənən, fonasiya zamanı eşidib anlamanı təmin edən xüsusiyyətləri öyrənən bölmə. Akustik baxımdan səsin yaranması, ci­yər­lərdən gələn hava axını xirtdəkdən ke­çərkən səs tellərini hərəkətə gətirir, bu da dilçəyi titrədir və hava molekulları xirtdəküstü boşluğa daxil olarkən hava dalğalarının sıxılması və genişlənməsi hava təzyiqini titrədir. Səsin yayılması hava təzyiqinin gücündən və məkandan asılı olur (s. 25).

 

Akut – a) kəskin ton; b) yüksələn ton, bir söz daxilində ən açağı tondan başlayıb yüksək ton­da qurtaran; c) əski (köhnə) yunan dilində mak­simum bir kvintə bərabər tutulan səs to­nunun qalxması; 2) bir heca daxilində nis­bətən zəif (aşağı) tonda başlayıb yüksək tonda bitən ton hərəkəti (s.29).

 

Aqlütinativ morfologiya – Heç bir morfoloji dəyişməyə məruz qalmayan, morfemlərin yanaşı (bir-birinin ardınca) gəlməsi vasitəsilə qrammatik kateqoriyaların ifadə olunması (s. 17).

Antonomaziya – Metonimiyanın növlərindən biri kimi şəxs adının təsvirinin apelativumla əvəz edilməsi.1.Müəyyən ad bildirən söz əvəzinəonun əlamətini bildirən söz və ifadə­lərin işlədilməsi (M.İ.Adilov və b. İzahlı dilçilik terminləri.1989, s. 20. 2) Müəyyən şəxsin adının təsviri şəkildə istifadə edilməsi. Məs.: /Tanrı/ əvəzinə /Yeri-göyü yaradan/, /Napo­leon/ əvəzinə /Austerlitsanın qalibi/, /Vater­loonun məğlubiyyəti/ və s. 3) Tarixdən, bədii ədəbiyyatdan və s. hamıya məlum olan xüsusi adların ümumi ad yerinə işlədilməsi. Məs.: Azərb. d. Xəsis əvəzinə Hacı Qara, fırıldaqçı əvəzinə Şeyx Nəsrullar (s. 44-45).

 

Axlaut – Dilarxası kar samit. Məs.: alm. d. “ch” hərf birləşməsinin arxa sıra saitlərinin qonşuluğunda /x/ kimi tələffüzünü nəzərə çarpdırmaq üçün işlənən termin (, s. 62).

 

Bağlayıcısız əlaqə - Həmcins üzvlərilə səciy­yələnən, yaxud bağlayıcıların köməyi olmadan mürəkkəb cümlələrin arasındakı əlaqə.Belə üzvlər arasındakı əlaqə intonasiya vasitəsilə ifadə olunur (s. 65).

 

Baqirmi – Mərkəzi Sudan dil qrupuna aid dil­dir. Çad respublikasında yayılmışdır. Təqri­bən 1.5 milyon daşıyıcısı vardır. Yazısız dildir (s. 67).

 

Bazis dili – İngilis məntiqçisi C.K.Oqden 1930-cu ildə ingilis dilinin Beynəlxalq ünsiy­yət dilinə çevrilməsini təklif edib. O, qram­ma­tik cəhətdən qüsursuz sayılan ingilis dilini əc­nəbilər üçün yararlı hala salmaq üçün onu sa­də­ləşdirdi, onda daha az qrammatik forma sax­ladı ki, onları yaxşı yadda saxlamaq olsun. Məs.: o, /to be/ (olmaq) feilinin 7 formasını və bir neçə qaydasız saylarının düzəlişini saxladı (s. 69).

 

Bemol – bemol əlaməti sait və samitlərin do­daqlanma ilə yaranmasında müşahidə olu­nur, bu da tonun kəskin şəkildə aşaöı düşməsinə səbəb olur. Onlarda tonun aşağı düşməsini müsiqi terminilə bildirirlər və transkripsiyada /Ƅ/ diakritik işarəsindən istifa­də olunur. O, do­daqlanmanı göstərir. Akustik baxımdan bemol səslər formant göstəricilərin aşağı düşməsilə səciyyələnir. Artikulyator baxımdan bemol səslərdə nov dar, sadələrdə isə enli olur (s. 70).

 

Blek-boks təhlil – Girişdə və ya çıxışda müşahidə oluna bilən daxili strukturu və ordakı əlaqələri görə bilməyən sistemlərin təhlili. Kibernetikadan götürülmüş bu üsul qrammatik qaydalar sistemini dilin törəmə strukturları ilə eyniləşdirir. İnsan beynindəki prosesləri qara qutuya bənzədir (s. 77).

 

Bilateral – 1) Dildə işarənin ikitərəfli olması: işa­rələyən və işarələnən; 2) Dilin hər iki ya­nı­nın üst damağa doğru qalxması ilə yaranan səs. Adətən bu səs unilateral (təkyanlı) olur. Məs.: Azərb. d. /l/. Müq. et: /læl/, /lal/ və s. (s. 76).

 

Birema – İki hissədən ibarət ifadə, deyim. Cüttərkibli cümlə (s. 76).

 

Danışıq həlqəsi – Danışıq aktının parçalan­ması, bu zaman məzmunca müxtəlif məna həlqələri, yəni cümlə, söz və morfem kimi mənalı vahidlər alınır. Digər tərəfdən, bu parçalanmada maddi varlığına, yəni fonetik təzahürünə görə də müxtəlif elementlər alınır: söyləm, sintaqm, heca və s. (s. 94).

 

Danışıq ünsiyyəti – Təbii dil vasitəsilə baş tutan ünsiyyət (s. 95)

 

Danışıq zənciri – Danışığın xətti zənciri, səslənmənin aramsız ardıcıllığı. O, eşidən tərə­findən üzvlərə bölünən və semantik cəhətdən müəyyən semantik ardıcıllıqla düzülmüş vahidlər kimi dərk edilir (s. 95).

 

Even dili – Tunqus-mancur dillərinə aid dillər­dən biridir. Əsasən Oxot dənizinin sahillərində, Maqadan vilayətində və Yakutiya ərazisində yayılmışdır. Təqribən 15 minə qədər daşıyıcısı vardır. Yazısı 1931-ci ilə qədər latın, 1936-cı ildən isə kiril əlifbasındadır (, s 137).

 

Ekolaliya – Nitq qüsurlarından əzab çəkən uşaqlara və şəxslərə məxsus əlaqəsiz (rabitəsiz) danışıq (s. 424, II cild).

 

Ekspirator heca nəzəriyyəsi – Tələffüzü zamanı güclü hava axınının təsiri nəticəsində heca düzəldən elementin fərqləndiyini göstərən nəzəriyyə. Bu nəzəriyyə hecanın bir nəfəs­vermə zamanı tələffüz edilən səs birləşməsini hesab edir. Amerika alimi Stetsona görə, heca nəfəsvermədə yaranır. O, bir nəfəsvermə ilə tə­ləf­füz edilən fonem və ya fonem qrupunu heca adlandırır. Məsələnin belə həlli ilə razılaşmaq olmaz, çünki bir nəfəsvermədə bir neçə heca, söz, hətta sinaqm tələffüz etmək olar: tərki­bin­də bir neçə heca vardır. Hecanın saitlə başla­ması və ya bitməsi məsələnin ikinci tərəfidir (s. 121).

 

Enən diftonq – Tərkibindəki komponentlərdən birincisi vurğulu, gərgin, heca nüvəsi əmələ gətirən, ikincisi isə vurğusuz, zəif, heca nüvəsi əmələ gətirməyən diftonqdur (s.128).

 

Evfonik – 1) Bir səsdən digərinə keçməni yüngülləşdirən; 2) Kakfoniyanın (ahəngsiz­liyin, səsin qulağa xoş gəlməməsinin) əksi (s. 138).

Falset – Qığırdaqlararası cığır qapalı olduğu və səs telləri arasında cığır yarımçıq (və yarım­qapalı) olduğu zaman yaranan yüksək tonlu səs (s. 156).

 

Fasilə (pauza) – müxtəlif səbəblərlə əlaqədar və müxtəlif məqsədlərlə danışıq aktının mü­vəq­qəti kəsilməsi, danışığa ara verilməsi. Dildə funksiyası sintaqmları və məna qrup­larını ayır­maq, sonda gələrsə fikrin bitməsini bildir­məkdir. Fasilə üç cür olur: fakültativ, kiçik (/), böyük (//). Məsələn: /Axşamdan baş­layan dartışma/ səhərə yaxın, başa çatdı// (s. 156)

 

 

Fonika – Danışıq aktında səs quruluşunun təşkili: alliterasiya, assonans, səs təqlidi və s. kimi danışıq prosesində müşahidə olunan hadisələr (s. 197).

 

Fonometriya – Danışıq dilini eksperimental-fonetik yolla tədqiqini inkişaf etdirən elm sa­həsi. Eksperimental yolla təhlil edilən, dinlə­yicilər tərəfindən qəbul edilən göstəricilərin müqayisəsinə söykənən tədqiqatlar (s. 199).

 

Fonestem – Bəzi xüsusiyyətlərinə görə müəy­yən mənada morfemə uyğun gələn, yəni onun qismən hər hansı bir məzmun, yaxud məna təsəvvürləri arasında əlaqə yaradaraq təkrar­lanan səs birləşmələri. Lakin morfemdən fərqli olaraq belə səs birləşmələri söz formasının qalan hissələrinin morfoloji­ləşməsinə gətirib çıxarır (s. 193-194).

 

Geminat - 1.Uzun tələffüz olunan samitlər. Məsələn, italyan dilində samitlərin uzun və qısa­lığı fonoloji cəhətdən relevant əlamətdir. Məs.: /fat:o/ (tale), ancaq /fat/ (etdi) /mon:o/ (ba­ba), /mono/ (doqquzuncu rəqəm). Azərbay­can di­lin­də uzun samitlərin olması məsələsi müba­hisəlidir. Tələffüz üçün qoşa yazılan sa­mit­lərin uzun tələffüzü səciyyəvi deyildir (s. 215).

 

Havay dili – Şərqi polineziy dil yarımqrupuna aid olan dildir. Əsasən havay adalarında yayılmışdır. 30 minə qədər daşıyıcısı vardır. Fonoloji sistemi bəsitdir, bu dildə 5 sait, 8 samit vardır. Əsasən açıq heca CV quruluşuna malikdir. 1922-ci ildən latın qrafikası əsasında yazısı mövcuddur (s. 224-225).

 

Harmonizasiya – Sözün başlanğıc hecasında gələn saitin bu sözdə gələn digər saitləri öz məxrəcində (dodaq və ya damaq ahənginə görə) kökləməsi. Türk dilləri üçün səciyyə­vi­dir. Məs.: Azərb. d. göy+lər, ancaq son+lar (s. 224).

 

Xantı dili – Fin-uqor dillərinə aid dildir. Əsa­sən xanta-mansi vilayətində, Tümen vilayətinin Yamal-nenes rayonunda və Tomsk vilayətinin Aleksandrovsk və Qarqasok rayonlarında yayılmışdır. Ədəbi dili kazım və şurişkar dialektləri əsasında formalaşmışdır (s. 244).

 

Xron – İngilis alimi D.Counzun işlətdiyi bu termin fonoloji vahidi bildirmək üçündür. Uzun və qısa xronomlar ingilis dili saitlərinin fərqləndirici əlaməti hesab edilir. Eynilə xron uzunluğun fonetik fərqini bildirir (s. 252).

 

İdeofon – Hər hansı bir məfhumun səslə təsviri. Onlar əksər hallarda səs təqlidi üsulu ilə yaranır. Məs.: bööö - dana böyürtüsü, ham-ham - it hürüşü (s. 264).

 

İkonizm – Semiotikada təsvir olunanla təsvir edənin qarşılıqlı əlaqəsinə əsaslanan mətn şəhri. Məs.: məruzəçi öz məruzəsini maraqlı etmək üçün bir sıra təsvir və əyani vasitələrdən istifadə edir ki, bu da onun hərəkətlərini ardıcıllıqla izləməyə imkan verir (s. 279).

 

İzoton – Ton müxtəlifliyinin işlənmə xüsusiyyətlərinin yayım coğrafiyasını göstərən (izoqlos) xətlər (s. 277, I cild).

 

Janr üslubu – Üslubların janr təsnifatı zamanı müəyyən janrlarla əlaqədə götürülən üslub (s. 305).

 

Jarqonizmlər – jarqonizmlərdə profes­sio­na­lizm­lərdən fərqli olaraq əşya və predmetlər ilkin (ümumişlək, uzual) adıyla deyil, süni şəkildə, müəyyən məqsədlə adlandırılır və buna görə də bu qəbildən olan sözlərdə ekspressiv-üslubi çalarlıqlar daha kəskin ifadə olunur (s. 307).

 

Kadensiya – Cümlənin intonasiya konturunda sonda (mürəkkəb cümlənin sonunda) reallaşan sintaqm. Məs.: Azərb. d. (Nahaq yerə deyilməmişdir ki,) (antikadensiya), (iş usta­sından qorxar) (kadensiya). (mübtəda budaq cümləsi). (s. 308)

 

Kakofoniya – Səslərin qulağa xoş gəlməyən səslənməsi, qarmaqarışıq səs kompleksi. Əksər hallarda kakofoniya hadisəsi danışıqda eyni səslərin və onların birləşməsinin düzgün işlənməməsi zamanı yaranır. Məs.: Azərb d. /yemək-içmək/ əvəzinə /yımax/içmax/, /bərk/ əvəzinə /bərik/ və s. (s. 308).

 

Kakuminal samit – Tələffüzü zamanı dilin yanları sərt damağa doğru qalxır. İng. d. /r/ -da dilin yanları yuxarı qalxır və çalovabənzər şəkil alır (kakumus ən yüksək nöqtə deməkdir) ona görə də ona kakuminal səs deyilir (s. 309).

 

Kontekst – Dil vahidinin linqvistik əhatəsi, işlənmə şəraiti və xüsusiyyətləri. Hər bir leksemin tam şəkildə anlaşılmasını təmin edən əhatə, danışan və dinləyənin qarşılıqlı anlaşılmasına xidmət edən mətn və s. Dilçilikdə linqvistik və ekstralinqvistik (fiziki) kontekst fərqləndirilir (s. 343).

 

Qalf dilləri – Meksika körfəzinin sahillərində yayılmış hindi dillərinin Şimali Amerika ailəsinə daxildir. Ümumilikdə 30 mindən yuxarı daşıyıcısı vardır. qalf dilləri ailəsinə natez, tunik, çitimaç, atakapa və s. dillər daxildir. yazısı olmayan dillərdəndir (s. 358).

 

Qlottallaşmış – Tələffüzü zamanı kipləşmiş səs telləri açılarkən boğazda partlayış yaran­maqla tələffüz olunan samit. Məs.: gürcü d. p˅, t˅, k˅ (s. 394).

 

Qlottis – Canlılarda xirtdəkdəki səs telləri arasındakı arasındakı cığır. Səs tellərinin vəziyyəti səslənməni və fonasiyanı müəyyən edir (s.395).

 

Ladino- Roman dillərindən biridir. Bu dilin daşıyıcıları 1942-cı ildən İspaniyadan qovul­muş və Avropanın cənubunda, Niderlandda, İngiltərədə, Almaniyada və türkiyədə məs­kun­laşmış yəhudilərin törəmələridir. 100 minə qədər daşıyıcısı məlumdur. Ədəbi ladino dili XVI əsrdə koyne əsasında yaranmışdır (s. 418).

 

 

Laletika – Dilçilikdə danışığın artikulyator tərəfinə üstünlük verən cərəyan. Fonetikanı laletika termini ilə əvəz etmək fikrini ilk dəfə G.Forxhammer irəli sürmüşdür. G.Forxham­mer qeyd edirdi ki, nitq səsləri danışıq üzv­lərinin hərəkətindən yaranır. Ona görə də G.Forxhammerin səslərin əmələ gəlməsinə dair fikirlərini dilçilik tarixində dönüş nöqtəsi adlandırır, fonetikanı dilçilikdən çıxarır, onu “laletika” ilə əvəz etməyi təklif edirdi (s. 374, I cild).

 

Larinqal nəzəriyyəsi – Hind-Avropa ulu dilinin bir hissəsinin bərpası sayəsində bie neçə dəfə sınaqdan çıxmış fərziyyə. Bu gün 3 larinqal samit bərpa edirlər /h1/, /h2/, /h3/. Bunların mövcudluğu morfoloji-struktur təhlillər əsasın­da müəyyənləşir. Digər tərəfdən, bu fonemlər ayrı-ayrı dillərdəki reflekslə açıla bilir. Hind-Avropa dillərində e-nin a-ya h2 , o-ya isə h3 –lə dəyişməsi sübut oluna bilər, xet dilində h2 bir çox mövqedə samit fonem kimi qalmışdır. Larinqal nəzəriyyəsi bunu Hind-Avropa dillərinin morfoloji sistemində ablautla daha aydın aça bilir. Məs.: lat. d. /est/, xet dilində /eszi/ -dir deməkdir. Tədqiqatlar göstərir ki, /peh2/ sözündə /e/ /a/ -ya çevrilib və olub latın dilində /pa:sco/, xet dilində isə /pahsimi/ (mən qoruyuram). Göründüyü kimi bu formalarda heç bir /e/ yoxdur. Larinqal nəzəriyyəsi göstərir ki, latin dilində bu əlavə uzanma ilə yox olur, xet dilində isə /h/ kimi saxlanılır. Sonralar h2 larinqalı kimi bərpa olunan xet dilində /h/-nın yerində gəlməsi empirik fakt­larla təsdiq olundu. Larinqal nəzəriyyəsi F. de Sössürün adı ilə bağlıdır (s. 419-420).

 

Makrofonem – Amerikan dilçiliyində dilin mənalı vahidlərinin (morfem, söz, söz bir­ləş­məsi) əmələ gəlməsində və onların səs qabı­ğının fərqləndirilməsində əsas rol oynayan ən kiçik dil vahidi. “İki müxtəlif forma arasındakı səs fərqlərinin dərəcəsi müxtəlif ola bilər. İki oxşar olmayan forma arasındakı səs fərqi müəyyən səs kompleksinin tərkib hissələrinə uyğun gəlir. Öz aralarında minimal cəhətdən fərqlənən formaların qrupu “sinif” yaradır. Bu sinif bütün üzvlər üçün eyni olan səs kompleksləri ilə səciyyələnir və bütün bu üzvlərdə minimal fərqi eyni səs parçası təşkil edirsə (məs.: sonu və ya əvvəli) onda belə sinfə “nizamlanmış” sinif deyilir. Məs.: Azərb. sözləri /qaz-yaz- paz-naz-saz/ və s. nizam­lanmış sinif yaradır. Belə bir sinfin üzvləri ara­sındakı münasibətlər minimal fono­loji qar­şılaşmalardır. Bu cür qarşılaşmaların üzvlərini V.F.Tvoddel (1906-1982) mikrofo­nemlər ad­lan­dırır (deməli, bizim misallarda /g-j-n-s/ özündən sonra gələn /az/ seqmenti ilə səciy­yələnən formal sinfin mikrofonemləridir). Belə mikrofonemin fonetik qarşılığı bir neçə artikulyator xüsusiyyətə malikdir. İki forma sinfi o zaman “eyni cür nizaml” adlanır ki, onların mikrofonemləri arasındakı münasibət eyni olsun. Məs.: /will, till, kill, bill/ və /nar-gnar-knack-nab/ sinifləri eyni cür nizamlanıb. Hər iki halda mikrofonemlərin fonetik təbi­ətinin müxtəlif olmasına baxmayaraq, (/p, t, k/) söz əvvəlində nəfəsli, söz sonunda isə nəfəssiz tələffüz olunur) məhs bu mikrofonemlər arasındakı münasibətlər hər halda eynidir. Eyni cür nizamlanmış müxtəlif forma siniflərində həmişə eyni yerdə gələn bütün mikrofonemlər bir “makrofonem” əmələ gətirirlər ki, bu da bizim “fonem” anlayışımıza uyğun gəlir (s. 440-441).

 

Makrostruktur –Mətnin ümumi semantik və praqmatik strukturu. Semantik makrostruktur “xüsusi makroqaydalarla” (informasiyanın sax­lanması və ümumiləşməsi) cümlə və cümlə ar­dıcıllıqlarının semantik strukturundan yaranır. O, danışanların mətn düzəltmək qabiliyyətini, mətnin temasını ehtiva edir. Semantik makro­strukturların düzəlməsinə analoq olaraq ayrı-ay­rı danışıq aktları praqmatik makro­struk­tur­ları mətnin illokusiyonunu yaradır (s. 443).

 

 

Makrosintaksis – Mətn qrammatikasında cümləfövqü vasitələrin qrammatik təsviri. Məs.: mətnlərin koheziyası, tekst forikası, transfrastik təhlil, mətnin təhlili (s. 443).

 

Naqa dilləri – Hindistanın Naqalend və Mani­pur ştatlarında yayılmış tibet-birma dillərinin ümumi adı. Bu dillərdə danışanların sayı 950 minə yaxındır. Lxota, ao, empeo, kabui, kio­yrenq, maram, kuxoyaro, banpara, namsanq, moşanq və s. naqa dillərinə daxildir (s. 522).

 

 

Neksus – O.Yespersenin nəzəriyyəsinə görə xəbərlə birləşmənin xüsusi sintaktik növü (s. 524).

 

Nominal dil – Bask dilindən başqa bütün Avropa dilləri üçün səciyyəvi dil xüsusiyyəti. Cümlə adlıq halda olan spzlə başlayır, fel tranzitivdə olur, sonra başqa formalar işlənir. Məs.: Azərb. d. /Əhməd yazır//, /Əhməd məktub yazır//, /Məktub Əhməd tərəfindən yazılır// və s. (s. 504, I cild).

 

Oberton - əlavə, nisbətən yüksək ton. Simin bütövlükdə titrəməsi əsas tonu, onun hissələ­rinin titrəməsi isə parsial (hissə, ayrı) tonu verir. Obertonlar səsə müəyyən rəng, əlavə çalar verir ki, buna da fonetikada tembr deyilir (s. 560)

 

Obertonal – səsin əsas tonuna xüsusi çalarlıq verən ton (s. 560).

 

Okkazional – Təsadüfi, fərdi zövqlə bağlı işlənən, kontekst və məqamdan asılı olan düzəltmələr, sözlərin təsadüfi işlənməsi. Onla­ra bəzən ani düzəltmələr də deyilir (s. 562).

 

Oksiton – Son hecası vurğu ilə səciyyələnən. Qədim yunan dilində axırıncı hecası akkut vurğu ilə deyilən sözlər. Adətən baritona qarşı qoyulur (s.563).

 

Orfofoniya – Bir dilin tələffüz normasını, fo­nem reallaşmalarını, vurğu və intonasiya xüsu­siy­yətlərini öyrənən elmə orfofoniya deyilir (s. 577).

 

Orfoton – Sözün söyləndiyi şəraitdən asılı olmayaraq öz prosodik xüsusiyyətlərini saxlaması (s. 578).

 

Parafaza – Neyrolinqvistikada afatiklərin və dil xətaları olan uşaqların danışıq fəaliyyətinin göstəricisi. Ənənəvi olaraq parafazanın aşağı­dakı növləri fərqləndirilir: a) fonematik para­faza – samitlərdən biri və ya bir qrupu tələffüz olunmur. Məs.: Azərb. d. /stol/ əvəzinə /tol/; qonşuluqda və ya məsafəcə aralı yerləşən səslərin təsiri. Məs.: alm. d. /Glockensignal/ əvəzinə /Gnockelsignal/; b) semantik və ya ver­bal parafaza. Sözün səhvən seçilərək işlən­məsi. Məs.: Azərb. d. /banan/ əvəzinə /kolbasa/ və s. (s. 588).

 

Paralaliya – Dislaliyanın xüsusi forması. Bu zaman bir səs sistematik olaraq başqa səslə əvəz edilir. Məs.: Azərb. d. /gəlmək/ sözündə /l/ bir qayda olaraq sonor samitlə əvəzlənir və /gərmək/ kimi tələffüz olunur (s. 589).

 

Paradiqm – Söz formalarının bir-birinin qarşı duran müəyyən çoxluğu, yəni söz formaları bir bütöv daxilində qarşılıqlı münasibətdə olurlar, bu formalar şəkilçi dəyişmələri ilə bütövdə yeni məna kəsb edir. Məs.: Azərb. d. (hallar, feilin təsriflənən formaları və s.) (s. 587).

 

Parataksis – Sintaktik vahidlərin bir-birilə ya­na­şı işlədilməsindən ibarət birləşmə; cüm­lə­lərdə komponentlərdən birinin digərindən asılı­lığının (tabeliyin) qrammatik –formal va­sitə­lərlə əks olunmaması.Tarixən koordina­siya ki­mi dəyərləndirilərək hipotaksisə qarşı qoyulur. Məs. Azərb. d. /Mən yorğunam//, /Mən acam// (s. 593).

 

Presuppozisiya – Dildə ifadə və söyləmlərin məlum (gizli) danışıqqabağı fikri bildirməsi. Ötən əsrin 70-ci illərində analitik dil fəlsəfə­sindən dilçiliyə gətirilmiş məfhumdur. Məsələ­nin mürəkkəbliyi bəzən adekvat tərcümənin qeyri-mümkünlüyü və məntiqlə dilçilik arasın­da münasibətlərin qaranlıq qalmasında və ya təbii dillərin təhlilində onların bərabər şəkildə götürülməsindədir (s. 616).

 

Reduplikasiya – Eyni dil vahidinin eynilə və ya qismən dəyişdirilməsilə təkrarı: 1) Fonetik tək­rar: sözün birinci hecasının və ya bütövlükdə iki dəfə təkrarı ilə yaranan yeni söz. Məs. Azərb. d. /xal-xal/, /tər-tər/. Bu zaman təkrar əsasən məlumatı gücləndirmək vasitəsi kimi çıxış edir. Məs.: Azərb. d. /tez-tez/, /oyum-oyum/; rus d. /чуть-чуть/, /давным-давно/ və s. Fonetik təkrarlarda təqlidi sözlər xüsusi yer tutur. Müq. et: Azərb. d. /kiş-kiş/, /ham-ham/; rus d. /кря-кря/ (ördək); ing. d. /tick-tick/; 2) Morfoloji təkrar: hind-Avropa dillərində feilin birinci hecasının təkrarı ilə zaman formasını düzəltmək olur. Məs.: qot d. preteritum /haitan (adlanıram), /haitrait/ (mən adlanıram), latın dilində /tanga/ (toxunuram), /tetiqi/ (toxun­dum) formasında düzəlir və ya Malayziya dilində sözün təkrarı cəm formasınının düzəl­məsinə xidmət edir. Müq. et: /orang/ (adam), ancaq /orang-orang/ (adamlar); 3) Ritmik tək­rar. Məs.: Azərb. d. /hətərən-pətərən/, /həlləm-qəlləm/; 4) Sintaktik təkrar. Məs.: Azərb.d. /Ağıl yaşda deyil, başdadır, başda// (s. 628).

 

Referensiya – 1) Ənənəvi qrammatikada refe­rensiya dil vahidi ilə (söz, ad) gerçək aləmin predmet və ya əşyası arasındakı əlaqəni bildirən ifadə kimi başa düşülür. 2. Danışıq aktı nəzəriyyəsində danışanın ifadəsi mərkəzə çəkilir. Burada referensiya danışanın ətraf aləmə verbal və qeyri-verbal vasitələrlə mövqe bildirməsi. Bəzi koqnitiv araşdırmalarda refe­ren­siya artıq ətraf aləmə deyil, proyeksiya olunan aləmə, yəni bizim şüurumuzdakı kon­septual sistemə aid olmağı bildirir. Ancaq burada tam yekdillilik yoxdur: təkcə əşyalar, şəxslər, referentlər kimi götürülməlidir, yoxsa hadisələr də belə nəzərdən keçirilməlidir (s. 629).

 

 

 

 

Refonolojiləşmə - Dilin fonem sistemində əsa­sən üç dəyişmə mövcuddur. Bunlar sistemdə fonemlərin sayının azalmasına, fonemlər ara­sındakı qarşılıqlı münasibətlərin dəyişməsinə və, nəhayət, sistemdə fonemlərin sayının artıb-azalmasıyla müşayiət olunan dəyişmələrdir. Praqa dilçilik məktəbinin linqvistik irsində belə dəyişmələri əksər hallarda defonolojiləşmə, refo­nolojiləşmə və fonolojiləşmə terminlərilə ad­landırırlar. Sistemdəki digər iki dətişmədən fərqli olaraq refonolojiləşmə fonemlərin miq­darının artıb-azalmasına təsir etmir. Refo­no­lojiləşmə sistemdə mövcud olan hər hansı bir fonoloji fərqin yeni fonoloji fərqə transfor­masiyasıdır, daha doğrusu, dildəki əvvəlki fonoloji münasibətin yeni fonoloji münasibətlə əvəzlənməsidir. Məs.: orta alman dilində /u:/, /i:/ uzun saitləri müvafiq olaraq /ao/ və /ae/ diftonqlarına çevrildilər (s. 630).

 

 

Rirmik qrup – Vurğusuz hecaların vurğulu he­calar ətrafında birləşməsinə ritmik qrup deyilir. (s. 635).

 

 

 

Saam dili – Fin-uqor dillərindən biri. Pri­bal­ti­ka-fin dillərinə çox yaxındır. Norveçin şomal hissəsində (30 min), İsveçdə (17 min), Fin­lan­diyada (5 min), Rusiya Federasiyasının Kolsk yarımadasında (2 min) yayılmışdır. İki dialektə bölünür: qərb (Norveç, Finlandiya və İsveç) və şərq (Rusiya Federasiyası) ərazisində yayılmış dialektlər. Fonem sistemində saitlərin uzunluğu fonoloji mahiyyət daşıyır. Sintaktik cəhətdən sifət isimlə hal və kəmiyyətə görə uzlaşır (s. 640).

 

Sait dördbucağı – Dilin saitlər sistemi dörd­bucaqlı həndəsi fiqur şəklində verilir. Bu cür dördbucaqlı şəkillər əksər hallarda yəni dilin vəziyyətinə və dodaqların hərəkətinə əsaslanır. İlk dəfə /i/, /u/ və /a/ saitlərinin üçbucağı şək­lində K.F.Helvaq (1754-1835) tərəfindən irə­li sürülən bu sxem sonrada arxa sıra saiti /a/ saitinin əlavə edilməsilə saitlər dördbucağı və ya saitlər trapezi kimi inkişaf etdirilmişdir. Bu sxem üç əlamətə əsaslanır: a) dilin şaquli isti­qamətdə hərəkətinə və ya çənənin açılması də­rə­cəsinə (yüksək, orta, aşağı); b) dilin üfüqi istiqamətdə hərəkətinə (neytral, mərkəz, arxa) və c) dodaqların iştirakına (dodaq, qeyri-do­daq). Bu sait dördbucağı Beynəlxalq Fonetika Cəmiyyəti tərəfindən bütün dillər üçün məqbul sxem kimi tövsiyə olunur (s. 646)

 

Qeyd: İkinci cümlədə orfoqrafik səhv, “yəni”-dən əvvəlki vergülün qoyulmaması “qondarma lüğətin” tərtibçilərin onu elektron formatını sadəcə oğurlamalqa məşğul olduqlarını göstərir.

 

Semantem – Fonologiyada fərqləndirici əla­mət­lər üzrə təsvir olunduğu kimi, struktur se­mantika da dil vahidlərinin semantik təsvirində ən kiçik məna komponenti kimi semantemdən – semantik əlamətlərdən istifadə edir. Məs.: Azərb. d. /getmək/ feli /+hərəkətdə olmaq+ yer­də+düz/ əlamətlərinin cəmi kimi götürülə bilər. Bundan fərqli olaraq /addımlamaq/ felinə isə /+yavaş+yavaş+qürurla/ kimi əlamətləri əla­və etmək lazımdır. Burada adi sözlərdən is­ti­fadə edilir, ancaq onlar termin kimi götü­rülür və böyük mötərizələrdə plyus işarəsilə verilir. Semantik əlamətlərin statusu müba­hisəlidir. Onlar gerçəkliyin bilavasitə fiziki əlamətləri deyil, insanların ətraf aləmi dil vasitəsilə əks etdirməyin psixi şərtləridir. Müq. et: /ölü/, /cəmdək/, /leş/. Onlar eyni reallığın ifadəsi olsalar da, aralarında müəyyən semantik fərq vardır ki, bu da dildə öz əksini müxtəlif şəkildə tapır. Məs.: biz deyə bilmərik ki, /Mən də cəm­dəklərlə dost idim//, ancaq /Mən ölülərlə dost idim// deyə bilərik. Fonologiyadan fərqli ola­raq, biz semantik əlamətlərin hamı tərə­findən qəbul edilmiş klasını müəyyənləşdirə bilmərik. Ona görə də müxtəlif dilçilik mənbələri se­mantik əlamət dedikdə, müxtəlif terminlərdən istifadə edirlər: noen←, plerem←, sem ←, fiqur→ (s. 657).

 

Sinerezis – Etimoloji cəhətdən müxtəlif he­calarda işlənmiş saitlərin birləşməsi. Vurğunun söz kökünə düşməsi sbəbindən hecalar arasındakı sait ixtisara düşür (s. 681).

 

Sinapsiya – Fransız dilçisi E.Benvenistin (1902-1976) sintaktik cəhətdən bir-birinin dalınca gələn leksemlərin mənasını bildirmək üçün işlətdiyi termin. Bu zaman təyin edən söz təyin edilən sözdən qabağa keçir (s. 681).

 

 

Tabulaşma – Müəyyən dil cəmiyyətlərində sözlərin işlənməsində müşahidə olunan qadağa. Məs.: Azərb. d. ölümlə bağlı sözlərin əvəz­lənməsi /öldü/ əvəzinə /gözlərini bir­dəfəlik yumdu/, /həyatla vidalaşdı/, /ömrünü bağışla­maq/. Bo proses dildə yeni sözlərin və alın­maların yaranmasına gətirib çıxarır. danışıqda bəzən də tabu əvəzinə üvfemizmlər işlədilir (s. 733).

 

Takt – Danışıq aktında eyni ritmik parçaların təkrarından yaranan ritmik qruplar. Məs.: ta+ˈta, ta+ta+ˈta və ya ˈta+ta, ˈta+ta+ta (s. 734).

 

Tembr – Səsin əsas tonuna və ya küyünə har­mo­nik oberton və rezonator ton əlavə etməklə meydana gələn (səs) çaları. Səsin tembri əsas ton ilə digər tonların (oberton, rezonator ton) birləşməsindən ibarətdir. Səsin təmizliyi və şəf­faflığı kimi başa düşülən “cingiltilik” və “səs­lilik” tembr məfhumuna aid edilir. Mürək­kəb səsin yüksəkliyi onun əsas tonu ilə müəy­yən edilir, obertonlar isə səsə müəyyən rəng, əla­və səd verir ki, buna da tembr deyilir (s. 750).

2. Nitqə müəyyən ekspressiv-emosionallıq verən superseqment mahiyyətli əlavə çalarlıq. Nitqin tembri (M.Adilov və b. s. 268).

 

Variant – Eyni bir dil və ya emanın səviyyəsi vahidinin (yəni fonemin, morfemin və s.) müxtəlif şəkillərdə təzahürü, işlənməsi və ya ifadə olunması. Üslubi variant. Fərdi variant. Səhv variant. Müasir dilçilikdə variantların aşağıdakı növləri fərqləndirilir: 1) Xüsusi variantlar. Məs.: Azərb. d. /o/ - 3-cü şəxsin tə­ki, ayrılıqda bir söz; 2) Kombinator variant. Əsas variant, yəni əhatədən və mövqedən ən az asılı olan və danışıq aktının neytral üslubunda maksimum fərqləndirmə qabiliyyətinə malik olan variant. Məs.: Azərb. d. /dºuz/ sözündəki dodaqlanan /dº/ variantı; 3) Mövqedən asılı olan variant. Məs.: alm. d. saitlər anlautda knak­lautla tələf­füz olunur. Müq. et: /˃ˊa: bənt/ (axşam) və s.; 4) Fakültətiv variant. Məs.: alm. d. /r/ və /R/ buna bariz nümunədir; 5) İşlənmə tezliyinə görə variantlar. Məs.: Azərb. d. /ə/ və /a/ ən çox işlənən saitlərdir. Bundan başqa, fərdi və sosiovariant da fərqləndirirlər. (s. 842)

 

 

 

Variativlik – Nitq (danışıq) şəraitində və ya danı­şanların ictimai və məhəlli mənsubiy­yə­tindən asılı olaraq meydana gələn danışıq müx­təlifliyi, danışıqdakı fərqlər (s. 843).

 

Variofon - D.Counzun (1881- 1967) işlətdiyi termindir. Müxtəlif fonetik mətn parçalarından asılı olaraq çüşidli tələffüz edildiyi üçün müx­təlif cür eşidilən səs. Bu Amerika dilçili­yində sərbəst variativliyə uyğun gəlir (s. 843).

 

Variasiya – Moskva fonoloji məktəbi zəif mövqedə çıxış edən variantı çalar və ya variasiya, qüvvətli mövqedə çıxış edən variantı isə əsas çalar adlandırır. .... Variasiyalar həmişə eyni fonemə aid olur, variantlar isə fonem sırasına və ya hiperfonemə, arxifonemə aid olur (s. 843).

 

Velyarlaşma – Dil arxasının yumşaq damağa yaxınlaşmasından ibarət olan və dilarxası sa­mit­lərdən başqa bütün samitlərin əmələ gəl­məsində özünü göstərən əlavə artikulyasiya nö­vü. Velyarlaşma samitlərdə ton və küyü azal­tmaqla, onların qalınlığını artırır. Ona görə də bu hadisə metaforik mənada “qalınlaşma” ad­lan­dırılır. Buna əks hadisə palatallaşma (meta­­forik mənada “incələşmə”) hesab olunur. Məs.: Azərb. d. /l/ samiti arxa sıra samitləri /a, o, u, ı/ qarşısında qalın [l] (məs.: /lal, bala/ və s., incə saitlər qarşısında isə yumşaq [lˈ] tələffüz olunur (məs.: /lil/, /lülə/ (s. 850).

 

Yeni akut – Praslavyan dilində köhnə sirkum­fleksi (qalxıb-enən tonu ) əvəz edən yüksələn ton (s. 877)

 

Yukagir dili – Yukagir-çuvan dillərinin yeganə canlı təmsilçisi. Əsasən Kolıma və Alazey çaylarının sahillərində, qismən də Maqadan vilayətində yayılmışdır. Yukagir dilində təqri­bən 300 nəfər əhali danışır. Yukagir dilinin fonoloji sistemi 13 sait (7 qısa, 6 uzun) və 20 samit fonemdən ibarətdir. Yukagiq dili mor­foloji cəhətdən aqlütinativ dil hesab olunur (s. 886).

 

 

Sonda qeyd etmək istərdik ki, bu müqayisəni biz asanlıqla davam etdirə bilərdik, çünki başdan ayağa köçürmələrin tüğyan etdiyi “İzahlı dilçilik terminləri lüğəti”ndə belə hallar yetə­rincədir. “Dəryanın suyunun dadını bilmək üçün onun hamısını içməyə nə ehtiyac, bir qurtum içmək də yetərlidir” deyimindən çıxış edərək ifratçılığa varmadıq. Lakin ehtiyac duyulduğu halda, biz həmin oğurluq faktlarını sübut etməyə hazırıq.

Bu kiçik tutuşdurma göstərir ki, Sayalı Sadıqova nəinki özü, hətta öz şöbəsinin gənc əmək­daşlarını bilərəkdən səhv yola yönəltmiş, onların alim etikasına yaraşmayan hərəkətlərinə göz yummuşdur. Səhv bir olar, iki olar, amma başdan-başa köçürtməyə heç cür haqq qazan­dır­maq olmaz. Azərbaycan Respublikası Konstitutsiyasının 94-cü maddəsinin 13-cü bəndinə əsasən, əqli mülkiyyət hüququ rəsmi şəkildə dövlət tərəfindən qorunur. “Dilçilik ensiklopediyası”nın tərtibçiləri bu xətalara yol vermiş şəxslərin cəzalanması üçün məhkəməyə müraciət etmək hüququnu özlərində saxlayırlar. Fikrimizcə, həmin insanların çalışdığı müəssisələr mənəvi mülkiyyətin mənimsə­nilməsinə yol vermiş şəxsləri ciddi şəkildə cəzalandırmalı, hətta onların elmi dərəcələri və adları ləğv olunmalıdır.

Sonda qeyd etmək istərdik ki, respublikamızın elmi ictimaiyyəti bu biabırçılığı lənət­ləyəcək və aidiyyəti təşkilatlar elmi plagiata tutarlı cavab verəcəkdir. Kimliyindən asılı olma­yaraq hər bir azərbaycanlı bu elmi oğurluğa laqeyd qala bilməz və qalmamalıdır.

 

“Dilçilik Ensiklopediyası”nın tərtibçiləri

 

Redaksiyadan: Xatırladırıq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri professor Sayalı Sadıqova və qızı dosent Şəbnəm Həsənli-Qəribova bir neçə nəfərin həmmüəllifliyi ilə M. Adilov, Z. Verdiyeva və F. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti”nin və professor F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”nın üzünü köçürüb dövlət büdcəsindən xeyli pul mənimsəmişdirlər. Həm dünyasını dəyişmiş insanların ruhuna hörmətsizlik, həm oğurluq, həm də dövlət vəsaitinin ikiqat, üçqat mənimsənilməsi ictimaiyyət arasında ciddi etiraz və ümidsizlik doğursa da, AMEA tərəfindən indiyədək məsələyə obyektiv münasibət bildirilməyib, əksinə, dövlət vəsaitini mənimsəyənlər Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu tərəfindən qızğın müdafiə olunur, hətta həvəsləndirilir də.

Redaksiyamıza daxil olan məlumata görə, institut əməkdaşlarına plagiat əsəri və onun müəlliflərini müdafiə etmək tapşırığı verilib. Bir neçə gün əvvəl plagiatçılardan birinin 2000AZN ilə təkrar mükafatlandırılması xeyli müəmmalı suallar doğurub.

Məlum olub ki, oğurluq kitabın baş redaktorları Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri (?!) akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitunun direktoru akademik Möhsün Nağısoyludur.

Hörmətli akademiklər! Plagiatçıları stimullaşdırmaq və onların ətrafında müdafiə qalası qurmaqdansa, akademik məsuliyyəti dərk edib bu biabırçılığa aydınlıq gətirin və elm ictimaiyyətinə cavab verin! Obyektiv mövqeyiniz dövlətimizə xidmət ola bilər!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA