ALİMİ-MÜTƏMƏLLİQ - ÖLÜMƏ APARAN ANESTEZİOLOQ

ALİMİ-MÜTƏMƏLLİQ - ÖLÜMƏ APARAN ANESTEZİOLOQ

Qonşumuz 80 yaşlı Tükəz xala deyir: "Bala, o boyutda şura hökümətini abrazovannıların yaltaxlığı, yalanı yıxdı. Dəəsən, onnar gənə də baş alıb gedillər". Araşdırmalar göstərir ki, yaltaqlıq təkamülün yeni mərhələsinə qədəm qoyub. Yüksək analgetik və psixotrop təsirə malik, doza həddini aşdıqda "mərkəzi sinir sitemi"ni iflic edən bu sosial bəlanın spesifik cəmiyyətlərdə qarşısının alınması çox çətindir. Alimi-mütəməlliq (yaltaq) həya istismarçısıdır. Təməllüq prosesinin subyektləri mütəməlliq (yaltaq) və mütəməlləqdir (yaltaqlıq edilən). Subyektlər həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Neoyaltaqlıq dövründə mahiyyət yaltağın xeyrinə bir qədər dəyişib. Artıq o, yaltaqlıq etdiyi şəxsə obyekt kimi baxır, ona asanlıqla psixoloji təsir edir, “ obyektini” xəfifcə mandraja və qorxuya salır, gah boynuna minnət qoyur, gah utandırır, gah ekstaza gətirir, gah da eyforiyaya vardırır, bir sözlə, ovunu keyləşdirib “uğurlu” əməliyyat keçirir. Möhtəkir, ikiüzlü, beyni piylənmiş, xain alimi-kəbirlərdən ibarət yaltaqlar dəstəsi xaos, ölüm və tənəzzül kortejinin əvəzsiz subyektidir. Onların var-dövlət, səlahiyyət ehtirası ilə çırpınan qəlbləri məkr, hiylə və xəyanətlə doludur. Hələ ki, funksionaldırlar, hətta gənc yetişdirmələri də var. Yaltaqların elmi ədəbiyyatda "zəngin" təsnifatı vardır. Bir-ikisini göstərək: Quşəppəyi yaltaq: bir yeyib-içməyə nə desən, edir (adam yerinə qoyulmur). Peşəkar yaltaq: adətən, ali təhsilli və mənsəbli olur. Quşəppəyi yaltaqdan fərqli olaraq tabeliyində müəyyən qədər şəxslər olur, yəni məharəti sayəsində yalançı nüfuza sahibdir. Şəbəkədaxili baş məddahı məlumatlandırır (derjit v kurse)... Yüksək kompetensiyalı baş məddah: Elmi mühitin və sivil cəmiyyətin gəmiriciləri olan Məddahlar şurasının başçısı. O, daha dərin strukturlara nüfuz etmək qabiliyyətinə malikdir. Tənəffüsü: xaos və siyasi təhdidlər! Həyat tərzi: tutduğu vəzifədə xalqa, dövlətə maksimum ziyan vurmaq hesabına varlanmaq, şantaj və intriqaları körükləmək və s. Ümumiyyətlə, elmimizi, eyni zamanda mənəviyyatımızı şikəst edən məddahın dərhal kimliyi araşdırılmalıdır. Bu məddah nəyə görə başqalarında qıcıq və acıq yaratmağa çalışır? Məddah özünü elə göstərir ki, sanki o, dövlətə və hakimiyyətə ən lazımlı adamdır. Həqiqətdə isə, "Xoruz banlamasaydı, səhər açılmayacaqdı?" məsəli yada düşür. Bəs onda nə üçün mədhiyyə oxuyur? Bax, elə düyün də burdadır. Cavab: İnzibati resurslardan maksimum faydalanaraq pul və mal-mülk yığmaq, daha çox nüfuz sahibi olmaq və laübalı həyat yaşamaq üçün. Nə vecinə...? Gedən onun yox, dövlətin və xalqın "balansı"ndandır. Deməli, alimi-mütəməlliq və ya məddah yüksək elmi titul alsa da, həm bisavad, dünyagörüşü dar, həm də xalqı və dövləti aldadaraq mülklərə sahib çıxan, elm müəssisəsini viran qoyan, dövlətin ruhuna şığıyan potensial yırtıcı, moşennik və xaindir. "Yuxarı"nın adından istifadə edib iri mülkədarlara çevrilən, üzdə xidməti, əməldə xəyanəti olan, alimlikdən başqa istənilən xəyanəti bacaran, cilddən-cildə girən buqələmun-xəyanətkarlar, məhz vicdanlı ziyalıların, sadə vətəndaşların Prezidentin başlatdığı islahatlara ciddi dəstəyi nəticəsində, layiqli cəzalarına çata bilərlər.

İdris ABBASOV

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA