“Allah qurban almağı xoşlamır” - FƏZAİL MEHDİYEV

“Allah qurban almağı xoşlamır” - FƏZAİL MEHDİYEV

“Allah yolunda qurban kəsmək bir mistikadır, bunu insanlar yaradıb”

“Mən Allaha inanıram, Allahı qəbul edirəm, amma dinlərin dediyi Allahı yox”

“Hər zaman demişəm ki, bütün səmavi kitablar, o cümlədən də Qurani-Kərim Allahın insanlara, öz bəndələrinə yolladığı sevgi məktubu, sevgi mesajıdır”

“Mən qismət, tale kimi anlayışları qəbul etmirəm. Bunlar yoxdur. Sadəcə insan düşdüyü çətin durumda, hansısa işi alınmayanda özünə təskinlik vermək üçün hər şeyi qismətin, taleyin üstünə yıxır”

Müsahibimiz “Hürriyyət”in oxucularına yaxşı tanış olan keçmiş ilahiyyatçı, deist, dinlə bağlı təzadlı, bəzən gözlənilməz fikirləri ilə həm qınaq obyekti olan, həm də diqqət çəkən Fəzail Mehdiyevdir.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/ibadet_allaha_yaxinlasmagin_birinci_merhelesidir_-_fzail_mehdiyev)

- Bəs siz kimin eşqi ilə səyahət edirsiniz? Təbii ki, qovuşmaq istədiyinizin bizim kimi bəndələrdən biri olmadığını bilirəm.

- Bunu sizə açıqlaya bilmərəm, çünki bu bir sirrdir. Mən səyahətin obyekti haqda deyil, səyahətə getmək haqda danışıram. Yüksəlmək üçün ilk olaraq inanmalı, əmin olmalısan. Qurani-Kərimdəki ayələrdən birində deyilir ki, yəqinə çatana qədər Allaha ibadət et. Yəqinlik, əmin olmaq deməkdir, nəyə əmin olmaq? Allahın, yaxud inanıb tapındığın hər hansı məbudun varlığına əmin olmaq və ona gedib çatacağına, ona qovuşacağına inanmaq. Məhəmməd peyğəmbər də deyir ki, axmaq o adamdır ki, istədiyinə nail ola bilmir. Peyğəmbərin bu fikri əslində insanlara mesajdır, yəni hər şeyi Allahın öhdəsinə buraxmayın. “Filan işin arxasınca getdim, alınmadı, demək Allahın məsləhəti belə imiş”. Çoxumuza tanış vəziyyətdir, deyilmi?

- Təbii. Allah insanı faili-muxtar yaradıb.

- Bəli. Mən qismət, tale kimi anlayışları qəbul etmirəm. Bunlar yoxdur. Sadəcə insan düşdüyü çətin durumda, hansısa işi alınmayanda özünə təskinlik vermək üçün hər şeyi qismətin, taleyin üstünə yıxır.

Artıq qeyd etdiyim kimi, astral səyahətin ilahi sevgi ilə bağlılığı var. Astral səyahətə yüksəlmək istəyən şəxsin qəlbində hökmən ilahi sevgi olmalıdır. Buna ümumi ilahi sevgi deyirik. Yəni ehtirasdan tamamilə uzaq bir hiss, duyğu nəzərdə tutulur.

- Mövlanə dərvişlərinin səmavi rəqsi son ucda astral səyahətlə nəticələnir?

- Yəqin ki, fikir vermisiniz, onlar saatlarla eyni formada rəqs edirlər. Kİmsə deyir ki, mən filankəsi sevirəm. Yaxşı edirsən. Amma sevdiyi insan, yəni qarşı tərəf onun sevgisinin gücünü yoxlamaq üçün ona işgəncə verməyə başlayanda müəyyən vaxt buna dözsə də, sonucda bezir və deyir ki, sən mənə gərək deyilsən, daha səni sevmirəm və çıxıb gedir. Deməli, burda sevgi yoxdur. Yalnız həmin işgəncəyə sonadək dözən həqiqi aşiqdir.

Xalqın yaratdığı “Əsli və Kərəm” dastanında həqiqi eşqin təsvirini görürük. Yanıb kül olmaqdan daha ağır bir işgəncə ola bilməz. Amma Kərəm sevgisinin yolunda bunu da qəbul edir. Təbii ki, bu əsərdə söhbət heyvani hisslərdən deyil, insani, ruhani duyğulardan gedir.

Ruhani, insani və heyvani hissləri fərqləndirmək lazımdır. Kərəm insani hisslərdən belə azad olub ruhani hissin, bunu mistika da adlandıra bilərik, arxasınca gedir.

Eşq sözü “aşaqə” sözündəndir. Ərəbcədən tərcümədə “sarmaşıq” deməkdir. Sarmaşıq hər hansı bir ağaca dolanır, budaqdan yaranan muğlarını ağacın (gövdənin) ən dərin yerlərinə qədər sancır, bütün şirəsini çəkib onu qurudur.

- Demək eşqin özündə bir vampirlik var?

- Təbii. Onu öldürür, özü isə yaşayır. Yəni qarşısına məqsəd qoyur: sevdiyim yalnız mənə aiddir, məndən başqa heç kimin ola bilməz. Son məqamda onu öldürəcəyəm.

- Necə ki, bəzi insanlar qısqanclığın son həddinə çatıb sevdiklərini öldürürlər.

- Təbii ki, söhbət bizim düşündüyümüz vampirlərdən getmir. Burda bir məcaz, bəlağət var. Yəni bu mənə aiddir, əgər mən eşqin əsiri olmuşamsa, bunu yaşamalıyam. Ölən kimdir? Eşqə düşən. Öldürən kimdir? Eşqin özü. Yəni səbəbkar odur. Mənə görə, sarmaşıq eşqin özüdür. Ağac isə onu sevir və sevdiyindən öz ətrafına dolayır, çünki onun ağuşunda olmaq istəyir. Sarmaşıq isə onu öldürür. Ağac bunu qəbul edir, sevgilisini özündən uzaqlaşdırmır, rədd etmir. Eşq budur.

Füzuli deyir: “Olsa məhbublərin eşqi cəhənnəm səbəbi, Hurü qilmanı qalır kəndisinə rizvanın”.

- Yəni, eşq qurban tələb edir.

- Təbii ki, eşq qurban tələb edir. Amma ilahi eşqdə qurban yoxdur. Çünki Allah qurban almağı xoşlamır. Dinlərdə peyğəmbərlərin Allah yolunda qurban kəsməsi haqda məlumat var. Amma bu başqa bir mövzudur. Allah yolunda qurban kəsmək – bu, bir mistikadır, bunu insanlar yaradıb.

Mən Allaha inanıram, Allahı qəbul edirəm, amma dinlərin dediyi Allahı yox.

- Biz Allahı seviriksə, Allah da bizi sevir, bizi sevə-sevə yaradıb. Bu qarşılıqlı sevgidir.

- Allah insanları sevgi ilə yaradıb. Əgər insan nəyi isə ixtira edir, nəsə yaradırsa, demək buna ehtiyac var, səbəbsiz yerə heç nə olmur.

Mənim bu mövzu ilə bağlı düşüncəm tamamilə fərqlidir. Amma hər kəsin anlayacağı tərzdə, bəşər düşüncəsinə görə izah etməyə çalışacağam insanın yaranışını. Allah baxıb gördü ki, yaratdığı dünya heç nədən xali deyil, amma bununla belə sanki bir boşluq var. Həmin boşluğu doldurmaq üçün Allah sevərəkdən insan adlı bir varlıq yaratdı. Amma Qurani-Kərimdə Allahın dili ilə deyilir ki, mən sizdən əvvəl bir neçə tayfa yaratdım və məhv etdim.

- Təbii ki, heç kəs Allahı görməyib. Amma dini kitablarda deyilir ki, Allah insanı özünə bənzər yaradıb.

- Qurani-Kərimin Tin surəsinin 4-cü ayəsində deyilir: “Ləqəd xələqəl insanə fi əhsən təqvim”. Yəni biz (Allah) insanı xüsusi biçimdə yaratdıq, insan başqa canlılardan fərqli olaraq idarəetmə və yaratma gücünə malikdir. Deyə bilərsiniz ki, heyvanlar da yaradır. Misalçün, quş özünə yuva tikir.

Milyon illərdir quş eyni formada yuva tikir, yaxud ilan eyni şəkildə sürünür. Amma insan daim inkişafdadır. Hər il insan övladı bəşəriyyətə yeni ixtiralar, yeni icadlar bəxş edir. Əgər heyvanlarda da insanlardakı kimi şüur, düşüncə, təfəkkür təkamülü baş versəydi, quş özünə fərqli dizaynda yuva tikərdi, heç vaxt özünə yuva qurmağı bacarmayan ilan yuva qurmaq öyrənərdi, amma bu baş vermir. Milyon illərdir ilan ya daşların altında gizlənir, ya da torpaq altda yaşayan canlıların yuvalarını zəbt edib orda yaşayır.

“Biz insanı xüsusi biçimdə yaratdıq” ayəsi ilə ilahi qüvvə demək istəyir ki, yaradılanlar arasında insan o dərəcədə fenomen bir varlıqdır ki, istəyinə nail ola bilər. Xüsusi biçim ifadəsinin açmasına gəldikdə isə, bu o deməkdir ki, insanın daxilində Allaha bir bağlılıq var. Hər zaman demişəm ki, bütün səmavi kitablar, o cümlədən də Qurani-Kərim Allahın insanlara, öz bəndələrinə yolladığı sevgi məktubu, sevgi mesajıdır.

Qurani-Kərimdə dövrünə uyğun olmayan, sətiraltı mənası dərk olunmayan bəzi fikirlər var, həmin fikirləri oxuyanda istər-istəməz səndə sual yaranır ki, bu yazılanların mənası nədir, nədən bu qədər məntiqsiz fikirlərə yer verilib? Amma birdən elə fikirlərlə qarşılaşırsan ki, baxıb görürsən, bəli, burda məntiq var, bununla yüksəlmək olar.

Mən nə dini təbliğ edirəm, nə də dindən çıxmıram. Sadəcə mötədil bir yoldayam. Dəfələrlə vurğulamışam, bir daha təkrar edirəm: mən dinləri qəbul etmirəm. Mənim qəbul etdiyim Allah vicdanımdır, qəbul etdiyim yeganə peyğəmbər isə düşüncələrimdir. Söylədiklərimsə ümumni bəşər düşüncəsinə söykənən fikirlər idi. Yəni dinlər bunu deyir.

İsa suyun üzərində necə gəzirdi? İsanın Allaha o qədər böyük bir sevgisi vardı ki, Allahı gözünün qarşısında canlandırırdı və təsəvvür edirdi ki, Allah suyun ortasındadır. Özünü inandırırdı ki, ona çatacaq. O qədər böyük inanc və mistika ilə o enerjini özündə toplayırdı ki, suyun üzü ilə gedirdi və batmırdı. Yaxud Musa əlindəki çəliyi yerə atanda daxilində elə güclü bir enerji toplayırdı ki, həmin enerjinin, gücün sayəsində hər kəsə əlindəki çəliyin adi ağac deyil, əjdaha olduğunu sübut edirdi.

Yəni astral səyahət o demək deyil ki, yatasan, ölüb çıxıb gedəsən və nə vaxtsa geri qayıdıb gələsən.

- Bəs astral səyahət nədir? Zamanda səyahətdir - zamanı qabaqlamaq, ya keçmişə dönməkdir?

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org