Almaniyanda “Azərbaycan günü” adlı tədbir təşkil edilib

Almaniyanda “Azərbaycan günü” adlı tədbir təşkil edilib

Almaniyanın Bonn səhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən “Azərbaycan günü” adlı tədbir təşkil edilib. Tədbirdə, əsasən, almanlar iştirak ediblər. Bu haqda Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva “Palitra”ya bildirib. Tədbirin məqsədi Azərbaycan tarixini və mədəniyyətini almanlara daha yaxından tanıtmaq olub.
Öncə Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Almaniya-Azərbaycan arasındakı münasibətlərin tarixindən, iki dövlət, xalq arasında dostluğun nə dərəcədə möhkəm olmasından danışıb.
Daha sonra N.Hacıyeva Azərbaycanın dövlətçilik tarixi barəsində məlumat verib, xalqımızın daim öz azadlığı və müstəqilliyi uğrunda mübarizə apardığını, bu müqəddəs amalın nəsildən-nəslə ötürüldüyünü və şərəfli mübarizənin məntiqi nəticəsi olaraq, bir əsrdə iki dəfə ölkəmizin öz müstəqilliyinə nail olduğunu vurğulayıb. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsində 20 Yanvar hadisələrinin əhəmiyyətli rolundan danışan N.Hacıyeva xalqımızın müstəqillik ideyalarının möhkəmləndiyini, milli həmrəyliyinin daha da gücləndiyini və Azərbaycanın müstəqillik prosesinin sürətləndiyini bildirib. O, 20 Yanvar hadisələrinin tariximizin acı olmaqla yanaşı, şanlı səhifələrindən biri kimi, xalqımız tərəfindən qürurla anıldığını diqqətə çatdırıb.
AADC sədri tədbirdə Xocalı faciəsi haqqında da danışıb. O, Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. N.Hacıyeva erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. N.Hacıyeva Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığını bildirib. N.Hacıyeva mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı haqqında da geniş danışıb. O, Almaniyada Xocalı faciəsi və Novruz bayramı ilə də bağlı da tədbirlər keçirəcəyini elan edib. Gecədə almanlar təmənnasız olaraq şəhidlərimizin ruhuna həsr olunan musiqilər səsləndiriblər. Həmçinin şəhidlərin ruhuna ehsan süfrəsi açılıb. Tədbirin sonunda almanlar N.Hacıyevaya belə bir tədbir keçirdiyinə görə təşəkkürlərini bildiriblər.

Elnur Eltürk

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA