AMEA-nın elmin inkişafına verdiyi TÖHFƏLƏR

AMEA-nın elmin inkişafına verdiyi TÖHFƏLƏR

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elmə göstərilən diqqət və qayğı ənənəsi bu gün Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən xüsusi diqqət və qayğı bütün elm ocaqları kimi Naxçıvanda elmin mərkəzi məbədgahına çevrilən AMЕA-nın Naxçıvan Bölməsinə də öz müsbət təsirini göstərir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, cari ildə bu elmi-tədqiqat müəssisəsinin kollektivi göstərilən qayğı müqabilində fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq elmin inkişafına böyük töhfələr vermək üçün gərgin səylərini davam etdiriblər. Yola salmağa hazırlaşdığımız 2017-ci ildə bölmədə Naxçıvanın tarixi, arxeоlоgiyası, etnоqrafiyası, fоlklоru, ədəbi və mədəni mühiti, оnоmastikası, biоmüxtəlifliyi, təbii ehtiyatlarının hərtərəfli araşdırılmasında elmi istiqamətlər müəyyən olunan müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nailiyyətlər əldə edilib.

Bölmənin fəaliyyətini xarakterizə edən, onun başlıca göstəricisi olan elmi əsərlərin nəşridir ki, bu il bölmə əməkdaşlarının 33 monoqrafiyası, 17 kitabı, 1 atlası, 2 dərsliyi, 1 kitabçası, 1 metodik vəsaiti, 515 elmi məqaləsi, 190 konfrans materialı və 6 tezis olmaqla 767 elmi əsəri nəşr edilib. Əsərlərdən 1 monoqrafiya, 1 kitab, 90 elmi məqalə, 72 konfrans materialı, 3 tezis olmaqla 165 əsər xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 45-i impaktfaktorlu jurnallarda, o cümlədən 10-u Thomson Reuters İnstitutu tərəfindən müəyyən olunan jurnallarda çap olunub. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat ilində 151 əsər, o cümlədən 17 kitab və monoqrafiya çox çap olunub. Həmçinin çap olunan monoqrafiya sayı (33 monoqrafiya) 2016-cı ilin illik göstəricisindən (23 monoqrafiya) çox olub. Hesabat dövründə bir elmi əməkdaşa düşən əsər sayı 10,2 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 ədəd artıqdır. Elmi məqalələrdən 104-ü xaricdə olmaqla 473-ü beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Eyni zamanda Bölmə əməkdaşlarının 5 monoqrafiyası, 8 kitabı və 277 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub. Bunlardan əlavə Bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları bir patent alıb, 5 patent hazırlayaraq aid qurumlara təqdim edib. Həmçinin bölmədə yerinə yetirilən iki qrant layihəsinə yekun vurulub və 1 beynəlxalq və 3 respublika səviyyəli qrant layihəsinin icrası uğurla davam etdirilib. Hesabat dövründə bölmədə 6 konfrans, 6 iclas, 34 seminar, 29 kitab və monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Bundan əlavə, Fransanın Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçərək beynəlxalq kod almış və iki seriyada (ictimai və humanitar elmlər və təbiət və texniki elmlər seriyası) ildə dörd dəfə nəşr olunan “Xəbərlər” jurnalının 50-ci, “Axtarışlar” jurnalının isə 26-cı nömrəsi çapdan çıxıb.

Hesabat dövründə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsi ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında, həmçinin Əlyazmalar Fondu ilə AMEA-nın Əlyazmalar İnstitutu arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb, müştərək işlər görülüb.

Bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının 5 məşğələsi keçirilib. 36 əməkdaş respublikada və xaricdə 22 beynəlxalq simpozium, konfrans və tədbirlərdə məruzələrlə çıxış edib. “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində Bölmə ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında müxtəlif mövzularda interaktiv açıq dərslər təşkil olunub.

Eyni zamanda plandan əlavə olaraq bölmədə yaradılan tədqiqat qrupu tərəfindən (üç dildə) 460 səhifədən ibarət olan “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas hazırlanaraq nəşr olunub. Həmçinin “Qarabağlar Türbə Kompleksi” (üç dildə) məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib. Hazırda AMEA-nın Coğrafiya İnstitutu ilə birgə “Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir. Birinci cild nəşriyyata təqdim edilib, ikinci cildin yazılması işi yekunlaşaraq üzərində redaktə işləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam həmrəyliyi İli” elan edilməsi və Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə İdarəsi ilə birgə “Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri” albom-kataloqu və “İslamda müdrik kəlamlar” kitablarının hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb və hər iki kitab beynəlxalq konfrans ərəfəsində çap olunub. Hazırda Naxçıvan imamzadələri, Naxçıvan kəhrizləri, Naxçıvan hamamları kitabçaları hazırlanır.

AMEA Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi kitabı 2017-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası mükafatına, həmçinin AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin mükafatına layiq görülüb.

Ötən dövr ərzində elmi əməkdaşlardan kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinə üzv seçilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrolgiya və Patent üzrə Dövlət Komitəsinin İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV respublika müsabiqəsində yer tutmuş və mükafatlandırılmış, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Qars Valiliyi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Qars Bələdiyyəsi və Qars Qafqaz Universitetinin birgə təşkil etdiyi Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsində fərqləndiyinə görə “Təşəkkür” sertifikatına, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu təşkilatçılığı ilə keçirilən tədbirdə “İlin fəal gənci” nominasiyası üzrə diploma, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova Naxçıvan Muxtar Respublikasında 2017-ci il üçün “İlin yazıçısı”, “Ədəbiyyat qəzeti”ndə çap olunan əsərlərinə görə Azərbaycan Yazıçılar Birliyi və “Ədəbiyyat” qəzetinin “Əli bəy Hüseynzadə” mükafatlarına layiq görülmüş, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyeva elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, elmi işçi Turac Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib.

Aparılan elmi-tədqiqat işlərində 24 şöbə və 8 laboratoriyada 2 akademik, 5 müxbir üzv, 5 elmlər doktoru, 53 fəlsəfə doktoru, 3 doktorant, 7 elmi işçi olmaqla 75 elmi və köməkçi heyət yaxından iştirak edib. Təbii ki, həyata keçirilən elmi-tədqiqat işlərinin əsasında dövlətin diqqət və qayğısı dayanır. 2018-ci il AMEA-nın Naxçıvan Bölməsi üçün “İnkişaf ili” elan edilib. Yaradılan şəraitin, göstərilən dövlət qayğısının nəticəsində kollektiv yeni ildə də yeni-yeni uğurlara müvəffəq olmağı qarşılarına məqsəd qoyub.

Loading...

QALEREYA