AMERİKADAN ÇİNƏ HAQLI BASQI - “Azərbaycan da bu məsələdə səsini qaldırmalıdır”

AMERİKADAN ÇİNƏ HAQLI BASQI - “Azərbaycan da bu məsələdə səsini qaldırmalıdır”

Qabil Hüseynli: “Çinin Uyğurustan muxtar vilayətində insanlığa qarşı böyük cinayət törədilir”

“Çin dünyanın ən qəddar və anti-humanist dövlətidir”

ABŞ illik hesabatında Çini uyğurların haqlarını pozmaqda ittiham etdi. Dünən yayılan məlumata görə isə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino bu haqda danışıb: “Biz bu pozuntularda günahkar olanların məsuliyyətə cəlb edilməsi fikrinə bağlıyıq, biz sanksiyaların tətbiqini nəzərdən keçiririk”.

Əlbəttə, ABŞ Çinin Sincan-Uyğur Muxtar Rayonundakı müsəlmanların haqlarının pozulmasına görə bu ölkəyə sanksiyalar tətbiq edə bilər. Əslində, Çinə uyğurlara etdiyi zülmə görə sanksiya tətbiq olunmalıdır. Çünki Çin hakimiyyəti Sincan-Uyğur Muxtar Rayonunda “siyasi təhsil” adı altında yüz minlərlə uyğur türkünü həbs edib, çoxsaylı qətliamlar var.

ABŞ senatoru Marko Rubionun Konqresə təqdim etdiyi məktuba görə, Çin hakimiyyəti bu istiqamətdə cəmi 500 min -1 milyon arasında insanı həbs edib. Amma Dünya Uyğur Konqresinin rəhbəri İsa Dolkun Çinin düşərgələrə apardığı müsəlmanların sayının 3 milyona çatdığını deyib. BMT isə bu düşərgələrdə məhkəməsiz bir milyona qədər insanın saxlandığı haqda etibarlı məlumatlar olduğunu bildirib. Çox güman ki, Dünya Uyğur Konqresinin rəhbərinin məlumatı düzgündür.

Əslində, Çin hakimiyyətinin bu davranışı insan haqlarının pozulmasıdır. Bu baxımdan, uyğurlara edilən zülmə görə bütün dünya narazılıq etməlidir. Çinin hökumətinin bütün addımlarında uyğurlara qarşı amansız olduğu aydın ifadə olunur. Belə ki, mətbuata nəzər yetirdikcə, Çinin uyğurlara qarşı anormal qaydalarına da rast gəlmək olur. Hətta Çinin şimali-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonuna (SUMR) səyahət etmək istəyən uyğurlar yerli hakimiyyət orqanlarına lazımi sənədlərlə birlikdə DNK test nümunələrini də təqdim etməlidirlər. Məlumata görə, bu qaydalar Ramazan ayının gəlişi ilə əlaqədar tətbiq olunur. Belə ki, İli-Qazax muxtar dairəsində yaşayan uyğurlar SUMR-a səfər edərkən DNK nümunələrini, barmaq izlərini və üç ölçülü fotoşəkillərini təqdim etməlidirlər.

Şübhəsiz ki, bu cür anormal qaydaları tətbiq etmək də uyğurlara təzyiqdən başqa bir şey deyil.

BMT-nin İnsan Hüquqları üzrə məsul şəxsi Mişel Baçeletin “Çin hakimiyyətinin Sincan Uyğur Muxtar Rayonunda müsəlman azlıqlarını saxladığı və rəsmi Pekinin təlim mərkəzi kimi təqdim etdiyi düşərgəyə giriş yollarını axtarırıq. Çin uyğur türklərini kütləvi düşərgələrdə saxlayır və orada beynəlxalq təşkilatların müşahidə aparmasına icazə vermir” açıqlamasından görünür ki, Çinin insan hüquq və azadlıqlarını pozması BMT tərəfindən təsbit olunsa da, BMT də bu məsələdə Çinlə bacara bilmir. Dünya dövlətlərinin əksəriyyətinin təmsil olunduğu ən ali beynəlxalq təşkilat belə Çinin uyğur türklərini kütləvi düşərgələrdə saxladığını bilə-bilə “Çin beynəlxalq təşkilatların müşahidə aparmasına icazə vermir” deməsinin özu utancverici haldır. Bəs, BMT nə vaxt işlək qurum kimi insan hüquqlarının qorunmasında yardımçı olacaq?

Qeyd edək ki, Çin hökuməti ötən il müsəlmanlara qarşı daha bir addım atıb və İslamı “çinliləşdirməyə” çalışan qanun layihəsi qəbul edib. “Çin rejiminə uyğun İslam” layihəsinin olduğu 5 illik plan qəbul edilib. Bu da onu göstərir ki, dünyada İslam dininin düşməni olan dövlətlərdən biri də məhz Çindir.

“Bu cinayətin qarşısını almaq üçün bütün dünya səsini qaldırmalıdır”

Картинки по запросу Qabil Hüseynli

ABŞ-ın uyğurlara görə Çinə sanksiya tətbiqini nəzərdən keçirməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Vaşinqton uyğurlara görə Çinə sanksiya tətbiq etməlidir: “Rəsmi statistikaya görə Çində 30 milyon, amma faktiki olaraq 50 milyondan çox uyğur millətindən olan əhali yaşayır. Onların böyük hissəsinə qarşı sözün həqiqi mənasında soyqırım siyasəti həyata keçirilir, hərbi düşərgələr düzəldilir, orada guya, yenidən tərbiyə adı altında uyğurlar yerləşdirilir, antisanitariya vəziyyətindən, doyunca yeməməkdən adamların çoxu xəstələnir və həyatlarını itirirlər. Mənim zənnimcə, Çinin Uyğurustan muxtar vilayətində insanlığa qarşı böyük cinayət törədilir. Bu cinayətin qarşısını almaq üçün bütün dünya səsini qaldırmalıdır.

Türkiyə bu istiqamətdə fəal rol oynayır. İndi də bu məsələ Amerikanın diqqətini çəkib. Mən güman edirəm ki, Amerika bu məsələni aktuallaşdırsa, populyarlaşdırsa, dünya Çini bu cinayətlərinə görə ciddi surətdə lənətləyəcək”.

“Çin uyğurları milli mənsubiyyətini itirməyə vadar etməyə çalışır”

Q.Hüseynli hesab edir ki, ABŞ-ın burada hər nə marağı olursa-olsun, bu addımı təqdirəlayiqdir: “Bəli, ABŞ-ın ticarət maraqları var, Çinin surətlə inkişaf etməsi onu narahat edir, amma konkret olaraq insan haqlarından söhbət gedirsə, böyük bir xalqa qarşı zülm aparatının işə salınmasından, onların bütün hüquqlarından məhrum edilməsindən danışırsa, bunu niyə alqışlamayaq?! Çin dünyaya meydan oxumağa çalışır. Çin monqollara, uyğurlara, digər azsaylı xalqlara qarşı da bu cür vəhşi, barbar üsullarla mübarizə aparır. Orada çox zaman uyğurları assimliyasiya siyasətinə uğradaraq öz dilini, dinini, milli mənsubiyyətini itirməyə vadar etməyə çalışır. Bu nöqteyi-nəzərdən Amerikanın Çinə qarşı atacağı addımları səmimi hesab edirəm”.

“Azərbaycan da bu məsələdə səsini qaldırmalıdır”

“Türkiyə dəfələrlə Uyğurustanın problemini qaldırıb. Təxminən bir ay bundan əvvəl Çavuşoğlu xusüsi mətbuat konfransı keçirdi və Çinin uyğurlara qarşı bu konsentrasiya, hərbi düşərgələr yaratması siyasətini, dilinə, dininə, mədəniyyətinə qarşı assimliyasiya siyasətini kəskin surətdə pislədi və Çindən bu cür təcrid siyasətinin dayandırılmasını tələb etdi. Zatən, hazırda türk dünyası dövlətləri içərisində Türkiyədən başqa heç kim geridə qalan türk xalqlarının hüquqlarını qorumur ki. Mənim zənnimcə, elə çox ciddi məsələləri Türkiyə qaldırır. Azərbaycan da bu məsələdə səsini qaldırmalıdır. Çünki söhbət insan haqlarından və özü də soyu, kökü bizimlə eyni olan böyük türk qövmünün bir hissəsinin ciddi soyqırıma məruz qalmasından gedir. Bu məsələyə heç olmasa Xarici İşlər Nazirliyimiz öz etiraz səsini qaldırmalıdır”,-deyə politoloq vurğuladı.

“Çinə qarşı müəyyən sanksiyalar tətbiq edilməlidir”

Hüseynli hesab edir ki, adi bəyanatlarla, hətta Amerikanın hesabatları ilə bu iş praktiki səmtə yönəlməyəcək: “Əsas məsələ Çinə qarşı müəyyən sanksiyalar tətbiq edilməlidir. İndi Amerika tətbiq edərsə, bu, nə gözəl olar. Bundan öncə, bəli, bu məsələ beynəlxalq təşkilatların ən aparıcısı olan BMT-də qaldırılmalıdır. Məsələ ilə bağlı ciddi surətdə məruzəçi, yaxud məruzəçilər qrupu təyin edilməlidir, onlar da gedib yerlərdə bu vəziyyəti öyrənməlidirlər. Bu insanların niyə öz dilində məktəb yoxdur, mədəniyyətinin inkişafına meydan verilmir, nəyə görə hətta hamilə qadını həbs düşərgəsinə atırlar? Bir balaca səsini çıxardan, haqqını tələb edən insanı niyə süngünün altına salırlar? Çin ayrı yerlərdə inkişafdan, sivilizasiyadan danışır, hazırda dünyanın ən qəddar və anti-humanist dövləti Çin olub. Ona görə də BMT öz səlahiyyətlərindən istifadə edib, bu siyasətin ifşa edilməsində mühüm rol oynamalıdır”.

“Çinin bu alçaqlıqları, zülmkarlıqları yerində qalmayacaq”

Q. Hüseynli düşünür ki, Amerika Çinə sanksiya tətbiq etsə, bu ölkənin siyasəti ifşa olunar: “İfşa olunmuş siyasət populyarlaşsa, digər türk dövlətləri də buna qoşular, nəhayət, bu siyasətin zəiflədilməsi, hətta durdurulmasına gəlib çıxmaq olar. Onsuz da uyğuların mühacirətdə olan hökuməti var, Amerikadadır. Nobel sülh mükafatına layiq görülmüş bir qadın onların işinə rəhbərlik edir. Məncə, Çinin bu alçaqlıqları, zülmkarlıqları yerində qalmayacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA