ANKARANIN XƏYALLARINI PUÇ ETMİŞ ÇEVRİLİŞ: isti bölgədə Misirlə soyuq əlaqələr Türkiyəyə ziyan gətirir

ANKARANIN XƏYALLARINI PUÇ ETMİŞ ÇEVRİLİŞ: isti bölgədə Misirlə soyuq əlaqələr Türkiyəyə ziyan gətirir

Semih İdiz

“Əl-Monitor”, 08.03.2019

Ankara ilə Qahirə arasındakı əlaqələrin inkişaf perspektivləri 2015-ci ildə baş prokuror Hişam Bərəkətə sui-qəsddə iştirak etdiyi iddiası ilə Misirdə 9 adamın edam edilməsi ilə dumanlı görünür.

Edam olunan adamlar Rəcəb Tayyib Ərdoğanın İslamçı Ədalət və İnkişaf Partiyası (AKP) ilə sıx əlaqəsi olan “Müsəlman Qardaşlar”ın üzvləridir.

Fevralın 23-də “CNN Türk”ə müsahibə verən Ərdoğan edam qərarlarını qınayıb və Misir prezidenti Sisi ilə heç vaxt danışmayacağına söz verib.

Ərdoğan Qərbi, Misirdəki insan haqları pozuntularına göz yummaqda günahlandırıb. Misirin Şarm əl-Şeyx kurortunda keçirilən Aİ-Ərəb Birliyi zirvəsi Ankaranın qəzəbinə əlavə olunub.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu bu sammitlə Avropanın “ikili standartların zirvəsinə” çatdığını söyləyib.

Hökumətyönlü KİV-lərin şərhçiləri Ərdoğan və Çavuşoğlunun “tapşırığı”nı tez icra ediblər. “Yeni Şafak” qəzetinin köşə yazarı Səlcuq Türkyılmaz Aİ-Ərəb Birliyi zirvəsi və 2016-cı ildə Türkiyədə baş verən çevriliş cəhdi arasında əlaqəni vurğulayıb. “Misirdə 9 günahsız gəncin edamı 2016-cı ildən sonra çevrilişin baş tutduğu halda, Türkiyəni nə gözlədiyini göstərir”.

Onun sözlərinə görə, Şarm el-Şeyx sammitinə qatılaraq Aİ liderləri Misirdə edamlara dəstəyi təsdiqləyiblər. Türkyilmaz, Türkiyədəki çevriliş təşəbbüsünə Aİ-nin səssiz qalmasını da xatırladıb.

Sisi ölkənin demokratik olaraq seçilmiş islamçı prezidenti Məhəmməd Mursini devirəndən – 2013-cü ilin hərbi çevrilişindən bəri Türkiyə-Misir əlaqələrinin vəziyyəti az dəyişib.

Yaxınlaşmaya dair bütün cəhdləri Ankara rədd edib. Ərdoğanın son şərhləri vəziyyətin tezliklə dəyişməyəcəyini göstərir.

“Ərəb Baharı” əsnasında Ankara “Müsəlman Qardaşlar”la olan sıx əlaqələri ilə Yaxın Şərqdə nüfuzunu təmin edəcəkdi. Onun yanlış fərziyyələri Misirdə alt-üst olub.

Səudiyyə Ərəbistanı başda olmaqla, sünni-ərəb rejimlərinin əksəriyyəti Sisini dəstəkləyib. Qətər istisna olmaqla, “Müsəlman Qardaşlar”ın fəaliyyəti bu dövlətlərdə qadağan edilib.

Bir çox analitik Yaxın Şərqdə ərəb millətçiliyi, eləcə də ərəb rejimlərinin siyasi İslamdan qorxuya düşməsini təyinedici amil kimi qeyd edir.

Ankaranın “Müsəlman Qardaşlar”a dəstəyi onu terrora dəstək ittihamları ilə üz-üzə qoyub. Qahirə Ərdoğanın Sisi haqqında şərhlərinə cavab olaraq bu ittihamı təkrarlayıb.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Hafiz Ərdoğanın Misirə nifrət etdiyini açıqlayıb. Ərdoğanın “terrorist “Qardaşlar” qrupunu davamlı qucaqlaşması” ifadəsini işlədib.

Hafiz Ankaranı qıcıqlandırmaq üçün 175 türk jurnalistini həbs etməklə birlikdə onun 70 min siyasi məhbusa sahib olduğunu söyləyib. Bununla yanaşı, 2016-cı il dövlət çevrilişinə aid iddialarla bağlı təxminən 130 min məmurun işdən çıxarıldığını gözə soxub.

“Bu, Türkiyə prezidentinə etimadsızlığı göstərir”, – Hafiz bildirib.

Qahirə ilə əlaqələri normallaşdırmaqdan imtina etməsinə baxmayaraq, Ərdoğan bir dilemma ilə üzləşir. Misir, AB-Ərəb Birliyi zirvəsinə ev sahibliyi etdiyi kimi, beynəlxalq səviyyədə də irəliləyir.

Şərqi Aralıq dənizində aşkar edilmiş zəngin ehtiyatlardan təbii qaz çıxarmaq, onu emal və tədarük etmək üçün Qahirə Türkiyənin Yunanıstan, Kipr və İsrail kimi rəqibləri ilə ittifaq qurub.

Bir çox sabiq türk diplomatı və müstəqil analitik Ankaranın Yaxın Şərqdəki mühüm bir zamanda Qahirəni özündən uzaqlaşdırmasını Türkiyənin maraqlarına qarşı olması fikrini qəbul edir.

Əmmanda səfir olmuş təqaüdçü diplomat Suha Ömər Ərdoğanın Misirdəki edamlarla bağlı Sisiyə qəzəblənməsinə kinayə ilə yanaşır.

“Ərdoğanın sözlərində mənəvi zəmin ola bilər, amma özü Türkiyədəki çevriliş cəhdindən sonra ölüm cəzasının bərpa olunmasını istəyib”.

“Tarixi olaraq Türkiyə, Misir və İranla yanaşı, Yaxın Şərqdə mühüm oyunçu olub. Bu mövqe Ankaradan həmişə ehtiyatlı, təmkinli iş tələb edib. Lakin AKP-nin ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi ilə onun regional təsiri itib”.

Suha Ömər əlavə edir: “Türkiyənin bölgənin ən nüfuzlu gücləri ilə təmasda olması üçün bu, ağıllı hərəkət deyil”.

Türkiyənin Misir, Səudiyyə Ərəbistanı və İsraillə əlaqələrinə toxunan diplomatın fikrincə, Ankaranın Tehranla olan əlaqəsi də hökumətin təqdim verməyə çalışdığı kimi güvənli deyil.

“Hər halda, əgər Misiri tənqid etsəniz, bunu diplomatik tərzdə, Türkiyənin maraqlarına zərər vermədən etməlisinz. Bu xarici siyasətin məqsədidir”.

Bilgə Universitetinn siyasətşünaslıq professoru İlter Turanın sözlərinə görə, Sisi Türkiyəyə Yaxın Şərqdə istədiyi “sünni blok” qurmağa mane olub. “Ərdoğan bununla barışmaqda çətinlik çəkir”.

Turanın sözlərinə görə, Türkiyə “Ərəb Baharı”ndan sonra Misirdən böyük iqtisadi qazanc gözləyirdi, lakin bu, Ankaranın siyasəti ucbatından alınmayıb. “Bununla yanaşı, Misir İsrail, Yunanıstan və Kiprlə birlikdə Şərqi Aralıq dənizinin enerji layihələrində Türkiyənin iştirakına mane olmağa çalışır”.

İlter Turan əlavə edib ki, Misirin nüfuzlu regional mövqeyinə görə Ankaranın Ərəb Dünyası ilə əlaqəsinə də xələl gəlib.

Türkiyənin Misirdəki hadisələrə təsir etmə imkanının olmadığını vurğulayan Turan deyib: “Türkiyənin mövcud siyasətindən nə qazandığı hələ dəqiq məlum deyil, ancaq bunun itki olduğu açıq-aşkardır”.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA