“Aqrolizinq” monopoliyasına son: KTN-də yeni subsidiya qaydaları necə olacaq? - Mütəxəssis rəyi

“Aqrolizinq” monopoliyasına son: KTN-də yeni subsidiya qaydaları necə olacaq? - Mütəxəssis rəyi

Fevral ayının 15-dən kənd təsərrüfatı texnikaları yeni qaydalarla satılacaq.

Ovqat.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq” ASC-dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.

Bəs yeni qaydalar necə olacaq?

Əməkdaşımızla söhbətimizdə məlumatı şərh edən ADAM sədri Mürvət Həsənlinin bildirdiyinə görə, yeni qaydalar Prezident İlham Əliyevin ötən il dekabrın 20-də imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə Lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən tənzimlənəcək.

“Fərmanda bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlərin bütün təchizatçı şirkətlərə şamil edilməsi nəzərdə tutulur. Həmçinin, vurğulanır ki, texnika və damazlıq heyvan satışı təkcə “Aqrolizinq” tərəfindən deyil, həm də təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək”.

Bu addımın kənd təsərrüfatı texnikasının satış bazarında rəqabəti gücləndirmək məqsədi daşıdığını qeyd edən həmsöhbətimizin fikrincə, nəticədə həm aqrar sektorda inhisarlaşmanın qarşısı alınacaq, həm də qiymətlərdə azalma müşahidə olunacaq:

“Bəllidir ki, məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı sahələrinin yeni texnikalarla təchiz olunması vacibdir. İndiyə qədər isə bütün texnikaların yalnız bir qurum tərəfindən tədarük edilir, bu da istər-istəməz rəqabət imkanını azaldır və tələb olunan avadanlıqlar fermerlərə baha qiymətə satılırdı. Üstəlik, fermerlər texnika təchizatçıları ilə birbaşa təmas qura bilmir, bu da müəyyən bürokratik əngəlləri artırırdı. İndisə təchizatçılarla fermerlər arasındakı maneələr ortadan qalxacaq, müəssisələr daha çox seçim inkanları qazanacaq, öz təsərrüfatları üçün ən əlverişli texnikanı daha asan almaq imkanı əldə edəcəklər”.

Fərmana əsasən, kənd təsərrüfatı texnikasının lizinqi zamanı alınacaq əmtəənin dəyərinin 40 faizinin subsidiya şəklində dövlət tərəfindən qarşılanacağını xatırladan Mürvət Həsənli ödənişin digər 40-nin isə kreditlərlə ödənəcəyini bildirib: “Fermerlərə sadəcə satış qiymətinin 20%-lik hissəsini ilkin ödəniş şəklində ödəmək qalacaq. Daha aydın desək, fermerlər faktiki olaraq 100 min manatlıq texnika üçün bəri başdan 20 min manat xərc çəkəcək. Qalan 40 mini dövlət onun əvəzinə təchizatçıya ödəyəcək. Digər 40 min manat isə kredit yoluyla ödəniləcək”.

ADAM sədrinin sözlərinə görə, fermerin banklardan aldığı kredit də faktiki olaraq onlara 0%-lə veriləcək: “Fermerlər aldıqları kredit üçün heç bir faiz ödəməyəcəklər. Çünki onların banklardan aldıqları kredit 7%-i keçməyəcək və bu ödənişi də dövlət öz boynuna götürəcək”.

Yeni qaydaların yalnız texnikaların alınışına deyil, həm də heyvandarlığın inkişafına şamil olunacağını bildirən həmsöhbətimizin fikrincə, damazlıq heyvanlarda dövlətin tətbiq etdiyi subsidiyalar da artırılıb:

“Əvvəl subsidiyaların dəyəri 50% idi. İndisə faiz dərəcəsi 60-a yüksəldilib. Yəni heyvanlar üçün nəzərdə tutulan qiymətin yalnız 40%-i fermerlər, qalan 60% isə dövlət tərəfindən ödənəcək: “Fermer ilkin ödəniş olaraq sadəcə ümumi məbləğin 25 faizini ilk başdan ödəməli olacaq. Qalan 15% isə yenə bankdan alınan kreditlər hesabına qarşılanacaq”.

Yeni qaydaları Prezident İlham Əliyevin aqrar sektora qayğısının təzahürü kimi dəyərləndirən iş adamı yaxın illərdə bunun müsbət nəticələrinin ortaya çıxacağına və kənd təsərrüfatı sahəsinin inkişafına təkan verəcəyinə inanır:

“Dünya təcrübəsi göstərir ki, yalnız bu cür subsidiyalarla aqrar sektoru inkişaf etdirmək olar və Cənab Prezident məlum Fərmanla bu istiqamətdə mühüm addımlar atıb”.

Bəs, faktiki olaraq səlahiyyətlərinin böyük hissəsi əlindən alınan “Aqrolizinq” bundan sonra nə işlə məşğul olacaq?

Mürvət Həsənlinin fikrincə, qurum digər təchizatçılardan heç nəy ilə fərqlənməyəcək:

“O da gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri kimi fəaliyyət göstərəcək, digər təchizatçılar kimi fermerlərə texnikaların alışını təklif edəcək”.

Qeyd edək ki, hələ iki il bundan əvvəl “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bəzi regional nümayəndəliyində audit yoxlamaları aparılmış, texnika və gübrələrin fermerlərə satışında ciddi nöqsanlar aşkarlanmışdı. Audit yoxlamalarının nəticəsində aşkarlanan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmışdı. Həmin ilin sonlarda KTN-də “Aqrolizinq”in fəaliyyəti ilə bağlı xüsusi müşavirə keçirilmiş, fəaliyyətlərində nöqsana yol verən regional şöbələrin rəhbərləri işdən qovulmuş, ASC-nin rəhbəri Elşən Məmmədova ciddi xəbərdarlıq, idarənin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilmişdir. Korrupsiyada adları hallanan “Aqrolizinq”çilərin sonrakı taleyi barədə informasiya saytlarından heç bir məlumat əldə edə bilmədik.

Bütün bu nöqsanlara yol verdiyinə görə, Prezident İlham Əliyev ötən il dekabrın 20-də imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə Lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamış, beləcə, “Aqrolizinq”in bir sıra səlahiyyətləri əlindən alınmışdır.

Heydər Oğuz

Ovqat.com