“Artıq bu dünyada heç bir missiyam qalmayıb” - FAZAİL MEHDİYEV

“Artıq bu dünyada heç bir missiyam qalmayıb” - FAZAİL MEHDİYEV

“Mən nəhəng okeanın dibində kiçik bir iynə axtarıram”

“Daxilimdə təlatüm yaradan hədəfə gedib çatmaq, onu tapıb sakitləşdirmək üçün uçurumda durmaqdan çəkinmirəm və bilirəm ki, bir andaca həmin uçuruma yuvarlana bilərəm”

Müsahibimiz “Hürriyyət”in oxucularına yaxşı tanış olan keçmiş ilahiyyatçı, deist, dinlə bağlı təzadlı, bəzən gözlənilməz fikirləri ilə həm qınaq obyekti olan, həm də diqqət çəkən Fəzail Mehdiyevdir.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/qurani-kerimde_tezadli_meqamlar_coxdur_-_neden_insanlari_serabla_hurilerle_sirniklendirirler)

- Əslində özünüzə çox təhlükəli bir missiya seçmisiniz. Ölümlə olum arasında qalmaq kifayət qədər vahiməli və qorxuludur.

- Ölümlə olum arasında qalmaqda qorxulu nə var? Bax, bu, mənə çatmır.

- Yəni məchula doğru gedirsiniz.

- Guya məlumda olub nə etdim ki?

- Siz artıq astralda olmusunuz. Dəfələrlə cisminizlə ruhunuz bir-birindən ayrılıb. Hətta bu yaxınlarda koma vəziyyətinə də düşdünüz və doğrudan da sizi sevən, sizə dəyər verən insanlara böyük bir qorxu yaşatdınız. Yəni siz artıq müəyyən mənada ölümün gözünə baxmış adamsınız. Bu necə baş verir, bu zaman hansı hisslər keçirisiniz? Ümumiyyətlə ruhsal aləmi haqda nə deyə bilərsiniz? Orda dünyasını dəyişən, yaxud hələ bu dünyaya gəlməyən insanların ruhları ilə təmasda olursunuz?

- Orda baş verənlərin maddiyyatla, bu dünyada baş verən proseslərlə heç bir əlaqəsi yoxdur. Ora tamamilə fərqli bir dünyadır. İlk astral səyahətlərimdə ora mənim üçün vahiməli görünürdü, amma get-gedə ora uyğunlaşdım və rahat yaşamağım üçün ən önəmli məkanlardan birinə çevrildi.

İnsanlığına, şəxsiyyətinə, yaradıcılığına pərəstiş etdiyim Bəxtiyar Vahabzadənin “Yaşamadım bir sevdamı yarımçıq...” şeirində bir bənd yadıma düşdü:

Arzum üçün mələyən bir cüyürdüm,

O təpədən bu təpəyə yüyürdüm.

Niyə qorxum kəfənindən?

Nə gördüm

Beşiyindən, bələyindən dünyanın?

Bu təpə - hansı təpə? Ana bətni. Qəbrə oxşayır. O biri təpə, yəni qəbr təpəsi. Bu təpədən çıxdım, o təpəyə yüyürdüm. Bu təpədən çıxanda məni bir ağparçaya büküb qoydular taxta beşiyin içinə. Sonra böyüyüb bu dünyada yaşadım.Vaxt-vədə yetişəndə o biri təpəyə çatdım və məni yenə ağ parçaya - kəfənə büküb bu dəfə torpaq beşiyin içinə qoydular. Bu beşikdə qorxulu nə gördüm ki, orda da nədənsə qorxam?

- Mixail Bulqakovun “Ustad və Marqarita” əsərini təbii ki, oxumusunuz. Həmin əsərin sonunda Ustadla Marqarita birlikdə astral səyahət edirlər. İki sevən insanın bu dünyada öncə cismi, daha sonra ruhu birləşərək ötəki dünyaya keçir. Şübhəsiz, bu mistik bir əsərdir, əsərdə daha çox ruhsal aləm, ruhların eşqi təsvir olunub. Sizcə, belə bir şey mümkündürmü? Yəni iki insan eyni vaxtda, birlikdə astral səyahətə çıxa bilər?

- Yekunda ümumiyyətlə bütün ruhlar astral edir. Amma bir dəfə və əbədi olaraq. Bu astralın mənim etdiyim astralla heç bir əlaqəsi yoxdur. Ruhlar aləmində ruhların qovuşmasına gəldikdə isə deyim ki, orda elə bir həyat başlayır ki, bu dünyada bir-birinə doğma olan ruhlar artıq bir-biri üçün heç bir əhəmiyyət kəsb etmir.

- Amma əsərdə ustadla Marqaritanın ruhu birlikdə gedir astrala.

- Sözgedən əsərin qəhrəmanları o xəttə eyni vaxtda düşdülər. Bu dünyanın sevgi qanunlarına görə adama elə gəlir ki, iki sevən insan birlikdə dünyadan köçürsə, ötəki dünyada birlikdə xoşbəxt olacaqlar. Halbuki, o dünyanın sevgi anlamı tamamilə fərqlidir.

- O dünya dediyiniz ümumiyyətlə nədir?

- O dünya dedikdə, astral dünyanı nəzərdə tuturdum. Bu dünyada iki sevən insan bir-birinin yanında olur, bir-birinə qayğı, diqqət göstərir, bir-biri ilə ailə qurur, övladları olur, amma astralda bunlar yoxdur. Təəssüf ki, bunu sözlə ifadə etmək, bu haqda təsəvvür yaratmaq mümükünsüzdür.

Buna görə də müsahibənin əvvəlində məndən astral səyahət haqda danışmağı xahiş edəndə sizdən soruşdum ki, astral səyahətin nəyindən danışım? Elə bil deyirsiniz ki, yatmaqdan danış. Yatanda neynəyirsən? Heç nə. Başını yerə qoyub yatırsan. Astral səyahət də buna bənzəyir. Orda baş verən prosesi sizə necə izah edim? Bunu yalnız yaşamaq lazımdır.

- Fəzail bəy, çox maraqlı söhbət idi. Elə əvvəlki müsahibəniz qədər, hətta ola bilsin, ondan da məzmunlu idi. Maraqlı, eyni zamanda mistik məqamlara toxundunuz. Təbii ki, insan beyni müəyyən nəsnələri anlayıb dərk etməyə çətinlik çəkir. Siz dediyiniz kimi, onları yaşamaq lazımdır. Amma hər kəsə verilməyib bunu yaşamaq. Siz yaşamısınızsa, görünür sçilmiş insansınız və yəqin ki, bu da bir xoşbəxtlikdir.

Ən böyük arzunuz olan sonuncu astralı etməyi və bu dünyadakı missiyanızı yerinə yetirməyi diləmək istərdim. Amma dilim gəlmir. Çünki dediyiniz kimi, qayıtmamaq şansı çox böyükdür. Elə çıxır ki, sevdiklərinizdən, ailənizdən, övladlarınızdan ayrıla bilərsiniz. Bunu nə qədər nikbin təqdim etmək istəsən də, ayrılıq hər zaman ağrılıdır. Şübhəsiz ki, heç kəs öz yaxınını, doğmasını itirmək istəməz.

Amma hər şeyə rəğmən, seçdiyiniz yolda sizə uğurlar diləyirəm. Sizi müxtəlif cür qəbul edən insanlar var. Kimisi ateist, kimisi də deist adlandırıri, özünüz isə eks ilahiyyətçi kimi təqdim edirsiniz özünüzü. Necə tanınmağınızdan və təqdim olunmağınızdan asılı olmayaraq, sizdə bir Alla sevgisi gördüm. Ən gözəl xüsusiyyətiniz isə insanlara kömək etmək istəyinizdir. Bunun özü elə ən şərəfli və məsuliyyətli missiyadır. Müşkülə düşən insanlar sizə pənah gətirir, siz də bacardığınız köməyi onlardan əsirgəmirsiniz. Buna görə o sizə təşəkkür edirəm.

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Sonda Salam Sarvandan bir misra ilə fikrimi yekunlaşdırmaq istərdim. Deyir ki, “İlahi, içimi yedim qurtardım. Bu dəri süfrəni yığışdır indi”. Hansısa şairlərimizdən biri isə söyləyir ki: “Uçurumda dayanıb təlatümə tor atdım”. Yəni uçurumda dayanıb təlatümü özümə ram etmək istəyirəm. Mənə görə, həyat budur. Mən qarşıma bu missiyanı qoymuşam: uçurumda dayansam da təlatümü sakitləşdirməliyəm. Təbii ki, söhbət mənim daxilimdəki təlatümdən gedir.

Daxilimdə təlatüm yaradan hədəfə gedib çatmaq, onu tapıb sakitləşdirmək üçün uçurumda durmaqdan çəkinmirəm və bilirəm ki, bir andaca həmin uçuruma yuvarlana bilərəm. Amma bu mənim üçün önəmli deyil. Çünki çox düşünüb-daşındım, amma düşündüyümü burda tapa bilmədim.

Əgər hansısa fikir ağlıma gəlibsə, beynimdə suallar yaradıbsa, demək bunun bir məntiqi, sualların cavabı olmalıdır.

Bu o demək deyil ki, mən nə axtardığımı bilmirəm, xeyr, axtardığımın nə olduğunu bilirəm, amma axtardığımı kiməsə anlatsam, mənə dəli, Məcnun deyəcək. Mən isə Məcnun olub çöllərə düşmək istəmirəm.

Mən nəhəng okeanın dibində kiçik bir iynə axtarıram. Bunu kimə desəm, mənə güləcək. Amma bilirəm ki, o iynə var. Və nəyin bahasına olursa, olsun onu tapacağam.

Torpağa cəsədim aiddi, ruhumu isə özüm formalaşdırdım, ruhum özümdən başqa heç kəsə aid deyil. Mən lazım olan hədəfə gəlib çatmışam, burdan belə cəsədə ehtiyacım yoxdur. Çünki məni yaşadan cəsəd deyil, əksinə cəsəd məni yorur, məni müəyyən tələbatları ödəməyə məcbur edir. Mənim üçün önəmli olan məni yaşadan daxilimdəki ruhdur.

- Yəni fikriniz bu dünyadakı missiyanızı başa vurub buraları tərk etməkdir?

- Əslində bu dünyada artıq heç bir missiyam qalmayıb.

- Ən azından övladlarınızı yerbəyer etməlisiniz axı.

- Əgər cəsədim mənim üçün yorucudursa, demək övladlarım da yorucudur. Mən yalnız ruhani sevgini qəbul edirəm. Cismani sevgi heyvanlarda da var.

Dahi Nizami demiş:

"Nə şəhvət, nə yuxu, nə də ki, yemək

Həyatın mənası olmasın gərək.

Yatmağı, yeməyi bu aləmdə sən,

Eşşək, öküzdə də görə bilərsən."

- Amma övlad sevgisi şəhvətdən, ehtirasdan tamamilə uzaq bir hissdi, zənnimcə, övlad sevgisi məhz ruhani sevgidir.

- Təbii. Sevgilərin fərqli təbiəti var. Övlad sevgisi, vətən sevgisi - bunlar ruhani sevgidir. Bəlkə də müharibə başlasa və mən gedib vətənimin bütövlüyü naminə döyüşüb şəhid olsam, axtarışında olduğum hədəfə çataram və bununla da rahat olaram. Əsl sevgi odur ki, sən onu həm qazana, həm də qazandıra biləsən.

- Sonda belə nəticə çıxarmaq olar ki, siz əslində bütün həyatınız boyu öz sevginizi axtarırsınız və dediyiniz o son ( inşallah ki, son olmaz) astral səyahətə də məhz o sevgini tapmaq ümidi ilə çıxacaqsınız?

- Bəli. Amma insanların anladığı sevgi deyil axtardığım.

Bu elə bir sevgidir ki, məni düşündürür. Onu tapmaq, anlamaq, dərk etmək istəyirəm. Amma bunu sözlə ifadə etmək, açıqlamaq mümkünsüzdür. Əsas odur ki, axtardığım sevgi Yer Kürəsində yoxdur.

-Təşəkkür edirəm. Müsahibəyə görə sağ olun.

- Siz də sağ olun.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org