Arzuları yuxularında belə, çin olmayan sənətkar

Arzuları yuxularında belə, çin olmayan sənətkar

Deyirlər hər bir insan həyatda arzularla yaşayır. Ta doğuluşundan ömrünün son anlarına kimi arzu və istəkləri uğrunda çalışır. Çox zaman həyatda qazandığı nailiyyətlərinə görə bəzilərini bəxtəvərlər də adlandırırlar. Ancaq çox zaman tanıyıb, gördüklərimizin əksi də olur bu həyatda. Simasından hər an xoşbəxt talelilər sırasında görünsə də ancaq daxili dünyalarına, həyat tərzlərinə, yaşamlarına baş vurduqda isə heç də belə olmadığının şahidi olursan. Bu gün söhbət açmaq istədiyim sənətkarımız da elə həyatın heç də onun üzünə gülmədiyinin anında olmaqla buna rəğmən bütün olub və olacaqları belə dilə gətirib danışmaq istəməyən birisidir. Ancaq nədənsə bütün olanları bu dəfə mənə danışdı.

Əslində ilk olaraq mən onu tamam fəqli bir xanım kimi tanıyırdım. İlk olaraq səhnədə gördüyüm xanımla, həyatda gördüyüm xanım arasında çox böyük ziddiyyətlər vardı. Bayaqdan onunla həmsöhbət olduqca mənə daxili iç dünyasından danışdıqca gözlərim önündə tamam başqa bir xanım canlanır. Hətta bilirəm ki, ilk öncə ailəsində də bu sənəti yaşadanlar olub. Atası 30 ildir ki, müğənnidir. Ancaq onun xarakterinə bələd olduğumdan ilk anlarda deməzdim ki, ailədən, valideyndən görüb bəhrələnib gəlib bu sənətə. Əsla. Çünki onun kimi həyat düşüncəsinə malik olan bir xanım kiminsə diqtəsi və təkidi ilə hərəkət edə bilməzdi. Bu kimi insanlar özü həyat tərzlərini seçir. Elə bu qəhrəmanım da həyatını özü seçənlər siyahısındadır. Respublikanın əməkdar mədəniyyət işçisi, müğənni Mehbarə İrza qızı Cəfərova tək.

Söhbətimizi onunla uşaqlıq illərindən başladıq. Danışır və hərdən köksünü ötürür. Gözləri yaşarır, ancaq yenə də qüruru və zehni düşüncəsi qalib gəlir. Olanları bir-bir xatırlayır, sözünə davam edir: “Özünüz dediniz mənim atam müğənni olub. 30 il Gəncədə müğənnilik edib. Ancaq bir faktı deyəcəm ki, bəli elə bu sənət mənə atamdan gəlib. Bəlli ki, gendən gəlib. Düzdür ailəmizdə tamam fərqli qan qrupuna malik olsam da bu belədir. Ailə üzvlərimizlə birgə elə anam da bunu deyir ki, hətta bələkdə olarkən atam qarmon ifa etməsəydi mən gecələri yatmazdım. Atam evdə olmayanda isə anam ya radioda mahnı taparmış ya da ki, plastika qurarmış ki, musiqini eşidib sakitləşim. Görünür mən belə dünyaya gəlmişəm. Evdə dörd uşağıq. Heç birində yoxdur bu istedad. Tək məndə cəmləşib”.

Adətən atası evdə məşq edərkən ona icazə vermədiyindən digər otağın qapısı arxasından dinləyərdi məşq proseslərini. Bununla da onun məşq proseslərində etdiklərinin hər birini əzbər bilirdi. Gəncədə yerləşən 37 saylı orta məktəbdə birinci sinfə gedən bu balaca qız hamının diqqətini özünə cəlb etməyi bacarmışdı. İlk dəfə birinci sinifdə Əlifba bayramına hazırlıq zamanı kimin nə istedadı var soruşulduqda, tez qabağa çıxıb mən mahnı oxuya bilirəm demişdi. İstedadını və bacarığını göstərdiyi üçün bütün tədbirlərdə mahnı oxuyar və məktəbdə hər kəs balaca Mehbarəni “müğənni qız” deyə çağırardılar. Ancaq onun bu hərəkətlərindən tək atası xəbərsiz idi. Çünki ilk anlardan qəti olaraq müğənni olmayacağını deyərək onu öldürmək, hətta başını kəsməklə hədələmişdir.“Atam qəti olaraq demişdi ki, bu mümkün deyil. Sən müğənni olmayacaqsan. Bu minvalla 17 yaşımın içində idim. Arzular o qədər aşıb-daşırdı ki, hətta oxumağın üstündə dəfələrlə döyülürdüm. Əgər atam gəlib qəfil görsəydi ki, mahnı oxuyuram o zamanməni çox qəddarcasına döyürdü. Çox incidirdi, çox əziyyət verirdi. Elə məqamlar olurdu ki, dinlədiyim maqnitafonu da əlimdən alırdı. Televizora baxmağa belə icazə vermirdi. Hətta müsiqini belə eşitməyə haqqım yox idi. Ancaq o, bütün bunları etdikcə mənim həvəsim daha da artırdı. Mən az qalırdı ki, dəlilik dərəcəsinə çatım. Bu gün sizə deyim ki, atamda həddən artıq hər bir ailədə görülməyən dərəcədə bir qəddarlıq vardı. Nəysə... (gövrəlir və gözləri yaşarır–A.B)Bütün bunlara görə bu gün uşaqlıq illərimi heç xatırlamaq belə istəmirəm. Hətta çox zaman deyirlər ki, kaş uşaqlıq illərim geri qayıdardı. Ancaq mən o illərin geri qayıtmasını bir gün də olsun arzulamıram”.

Картинки по запросу mehbarə İrza qızı Cəfərova

Mehbarə xanım uşaqlıq illərinin şirin xatirələrinin çox az olduğunu söyləyir. Bəlkə də heç yoxdur, deyir. O, başına gələnləri danışdıqca ani bir xatirə onu yenə də özünün bilmədiyi bir anda elə uşaqlıq illərinə qaytarır. “Demək, hər kəs ailədə yatandan sonra xəlvət digər otaqdan maqnitafonu oğurlayıb, gətirib öz otağımda gecəni səhərə qədər qulaqcıqla dinləyirdim mahnıları. Səhərə yaxın ailə üzvlərimiz yuxudan ayılan zamanında aparıb maqnitafonu qoyurdum yerinə və gəlib yatağıma uzanırdım ki, guya yatmışam. Bu minvalla öz səsimi Ərəb və Türk mahnılarından ibarət musiqilərlə yazmışdım kasetə ki, sanki mənim səs yazılarımdır. Təsadüfdən bu kaset atamın necə oldusa əlinə keçdi. Hardan keçdi, niyə keçdi bilmirəm. Bu da bir qismət. Kaseti dinlədikdə artıq bilmişdi ki, nə məsələdir. Mənə axı demişdi ki, oxuduğunu nə vaxt görsəm öldürərəm. Yenə də xarakterinə uyğun olaraq çox böyük hay-küylə çağırdı ki, bura gəl görüm bu kimin səsidir? Qorxa-qorxa dedim ki, mənim. Allahdan içinə bir insaf gəldi. Sakit durdu. Bir söz demədi. Mən də gözləyirəm ki, indi bu nəsə etməlidir. Kaseti götürüb çıxıb getdi”.

O illərdə Namiq Verdiyevin rəhbərliyi ilə Ulu Gəncə ansambılı fəaliyyət göstərirdi. Atası İrza kişi kaseti Namiq Verdiyevə verib dinləməsini xahiş etməklə onun fikirlərini soruşur. Namiq Verdiyev isə kasetdəki səsə qulaq asdıqdan sonra deyir: “Bilmirəm bu səs kimindir. Amma bu səs Türk dünyasının Hilel Yamanı, Ərəb dünyasının Ümgülsümü olacaq qədər böyük bir səsdir. Çox qəribə bir səsdir və bənzəri də yoxdur”.

Atası İraz kişi bu fikirlərdən sonra səsin onun qızı Mehbarəyə aid olduğu bildirsə də, ancaq oxumasına icazə vermədiyini söyləyib. Namiq Verdiyev isə bir sənətkar olaraq bütün olanlara laqeyid qala bilmədiyindən elə bil bir rəssam şəkil çəkir sən də biləyini kəsirsən. Səncə bu nə qədər insaflı bir hərəkətdir- demişdir. O illəri xatırlayan Mehbarə xanım söyləyir: “Allah Namiq Verdiyevə qəni-qəni rəhmət etsin. O insana bir ömür boşluyam. Bu gün ruhu şad olsun. Mənə hər zamn atadan da əziz bir insan olub. Onu heç zaman unutmaram. Atama demişdir ki, gəl bu qızı bir-iki dənə konsertə çıxardaq. Ən azından ailə qurana kimi uşağın arzusu ürəyində qalmasın. Bundan sonra atam bir gün gəlib dedi ki, konsertdə oxuya bilərsən? Dedim ki, hə, oxuyaram. Dedi ki, sabah konsertdi. Səhəri gün məni məşqə gətirdi. Axşam dövlət tədbirinə çıxdım. İlk çıxışım çox uğurla qarşlandı. Bir, iki, üç konsertdən sonra atam dedi ki, dayanmaq lazımdır, daha oxumayacaqsan. Bu zaman da yenə Namiq müəllim köməyimə çatdı. Onun təklifi ilə mən Musiqi Kollecinə oxumağa getdim. Atamı razı salmışdı ki, heç olmasa diplom alıb, müəllimə işləyər. Hətta o günlərdə belə atam mənə necə əzablar verir bu barədə heç danışmaq istəmirəm. Dəhşətli bir addımlardır. Hətta istəsəniz belə o anları danışa bilmərəm. Hətta çox böyük əziyyətlərlə, strsslərlə kollecdə oxuyurdum. Belə oldu Namiq Verdiyevin köməkliyi ilə Gəncə Musiqi Kollecinə qəbul olundum”.

Gəncə Musiqi Kollecinə qəbul olunduqdan sonra çox qısa bir zamanda məşhur bir müğənni kimi tanınan Mehbarə Cəfərova burada sənətin sirrlərini daha dərindən müəllimlərindən öyrənməyə başlayır. Musiqi Kollecində 3-cü kursda təhsil alarkən VIII Respublika Musiqi müsabiqəsində iştirak edərək, birinci yerə layiq görülür.

Gəncə Musiqi Kolecini bitirən gənc Mehbarə ailə həyatı qurur. Bundan sonra bir müddət səhnə fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Çünki ailə həyatı qurarkən sənətini davam etdirmək barədə razılaşsa da toydan sonra yersiz qısqanclıqlar onun məqsədlərinin qarşısını kəsməli olur. “Bəxtimdən elə ailə həyatı qurduğum insan da məni aldatdı. Heç bir verdiyi vədinə əməl etmədi. Əminliklə deyim ki, bu illər ərzində səhnə fəaliyyətimi dayandırmaq məcburiyyətində qaldığım vaxtlar sanki dustaqlıq həyatımı yaşayırdım. Deyim ki, o illər bəlkə də həyatımın günlərindən sayılmır. Mən səhnəyə çıxmırdımsa, oxumurdumsa demək ki, yaşamırdım. Sonradan həyat yoldaşım gördü ki, üzüm gülmür, sevinmirəm heç. Bax o zaman səhnəyə qayıtmağıma icazə verdi”.

Mehbarə Cəfərova bu gün də hələ səhnədə tam olaraq istədiyi hər hansı bir mahnını belə oxumadığını söyləyir. Onun bu gün ifa etdiyi mahnıların hər birinin fəaliyyət göstərdiyi Gəncə Dövlət Filarmoniyasının tələblərinə cavab verən konsertlər üçün nəzərdə tutulduğunu deyir. Bu haqda xüsusi olaraq danışan sənətkar böyük şövqlə arzularını dilə gətirərək söyləyir: “Hələ ki, arzuladıqlarımı oxuya bilməmişəm. Hətta deyim ki, görmək istədiyim səhnəni belə görməmişəm. İstəklərim hələ ürəyimdədir. Ancaq buna baxmayaraq oxuduğum hər hansı bir musiqini dərindən duymasam, o dünyaya girməsəm, o anda mən sevgini yaşamasam oxuya bilmərəm. Vətənpərvər bir mahnını anında bir qəhrəman obrazını canlandırmadan oxumağım hətta sevgidən və ya bir ayrılıqdan mahnı oxuyaramsa o acını yaşamış biri olmadan ifa etməm belə mümkünsüzdür”.

Söhbətlərindən bir daha duydum ki, heç zaman sənət uğurlarına görə ona dəstək olan belə olmayıb. Hətta uğurlarını görüb zərif bir məxluq olan qadının üstünə olmazın həqarətləri də yağdırılıb. Böhtanlar deyilib. Onun dilindən eşitdiklərimin qarşılığında anında bir fikir formalaşır düşüncələrimdə. Əgər belədirsə, niyə dözür, susur və sənətdən getmir? Ani olaraq özünəxas bir gülüşlə maraqlı formada cavab verir: “Mənim üçün həyatda bir missiya var ki, təslim olmağı sevmirəm. Heç bir halda təslim olmağı sevmirəm. Yox deyə, olmaz deyə, mümkün deyil deyə həyatda mənim üçün bir anlam yoxdur. Mən belə düşünürəm. Əslində pis övlad və həyat yoldaşı deyiləm. Hər zaman qarşılıqlı hörməti qorumağı sevən birisiyəm. Ancaq buna baxmayaraq mənim istəklərimə qarşı duran hər hansı bir kəs mənə qalib gələ bilməz. Kim olursa, olsun. Mən bu üzdən məğlub olmağı sevmirəm. Mümkün deyil. Həyatımda tək bircə olmaz deyiləcək bir anlam var. O da ki, ölümdür. İnsan ölür, bitir hər şey. Sona qədər mübarizə isə mənim yaşam tərzimdir. Həyatda gücsüz insanları da sevmirəm. Düşüncəmə görə insan özünə güvənməyi bacarmalıdır. İnsan inanmalıdır. İnsan bacaracağına güvənməlidir. Anlayın ki, mən belə doğulmuşam. Mən səhnəsiz, sənətsiz qala bilmərəm”.

Özünə bu qədər güvəncli olan bir xanım bütün arzu və istəklərini də elə bu yenilməzliyi ilə əldə edə bilib. Belə olmasaydı, yəqin ki, ailə həyatı qurduqdan və üç övlad sahibi olduqdan sonra Milli Konservatoriyaya da qəbul oluna bilməzdi. Bu illərin də maraqlı bir tarixcəsi var. Bütün olanları artıq hiss edirəm ki, mənə inamla danışır. “Hər zaman arzu etmişdim ki, elə bir ailəyə gəlin gedim ki, o evdəqaynanam olsun. Düzdür indiki zamanda bunu çox az gəlinlər arzu edə bilər yəqin ki. Ancaq mən arzulayırdım. Belə də oldu. Düzdür ilk illərdə heç də qaynanam tərəfindən sevilməyən bir gəlinəm. Bəlkə də indi də belədir (gülür-A.B). Doğrudan da belədir. Bu minvalla qaynanamın evdə yanımda olması çox köməyimə çatmış oldu. Bütün işlərim cədvəl əsasında, qrafiklə olub. O ki, qaldı Konsrvatoriyaya qəbul məsələsinə. O qədər istəyim və arzum böyük idi ki... Beləliklə də vokalçı olsam da bir neçə segah və dəsgahlarımızı öyrənib 2012-ci ildə Milli Konservatoriyanın Muğam şöbəsinə qəbul olub, 2017-ci ildə oranı bitirdim. Arif Babayev, Qəzənfər Abbasov, Səkinə İsmayılova Zabit Nəbizadə kimi sənətkarlar qəbul imtahanlarımda iştirak ediblər. Əhsən Əhmədov, Zabit Nəbizadə və Azər Zeynalov kimi sənətkarlardan dərs almışam. Böyük oğlum pionistdir. Gəncə Musiqi Kollecində təhsil alır. Digər oğlumun biri skripka digəri isə Klarnet ifa edir. Xoşbəxtliyimdir ki, hər üç övladımı musiqiyə yönəldə bilmişəm. Çalışdığım qədər bu gün onları bayağı musiqilərdən uzaq tutmağa çalışıram”.

Bu gün Mehbarə Cəfərova sırf olaraq onun üçün yazılan mahnıların ifa olunmasını istəyir. Həm də artıq 22 ildir ki, səhnə fəaliyyəti olan müğənni solo konsert vermək arzusundadır. “Hələ ki, bu arzuma da çata bilmirəm. Bəlkə də bunların da günahı məndədir. Bəlkə də mənə əziyyət verib məni sıxan insanlardadır. Bəlli ki, eşidən insanlar məni qınayacaqlar ki, elə də. Ancaq elə deyil. Hər kəsə görünməyən tərəfləri var. Bu səbəbi bilmək üçün mən olmaq lazımdır. Mənə daha çox yaxın olmaq gərəkdir. Duyğularımla yaşamaq gərəkdir. Arzularım heç yuxularımda da çin olmayıb. Kaş ki, yuxularımda çin olaydı. Kaş ki, yuxularda yaşasaydım. Xoşbəxt anayam. Üç övladım var. Xoşbəxt qadınam. Gözəl sənətim var. Ailəm var. Xoşbəxtliyim isə ən güclü qadın kimi formalaşmağımdadır. Məğlub olmaz qadınam. Bu mənim xoşbəxtliyimdir. Acılarım isə ancaq mənə, mənə məxsusdur. Hər saat bölüşməyi, insanlara söyləməyi belə sevmirəm. Sadəcə olaraq özümdən xəbərsiz bütün bunları Sizə danışdım. Eeehh, heç bilmirəm niyə”.

Anar Bürcəliyev,

Teatrşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA