“Astral səyahətə gedərkən odun içindən keçdim” - FƏZAİL MEHDİYEV

“Astral səyahətə gedərkən odun içindən keçdim” - FƏZAİL MEHDİYEV

“Allahın kiməsə tale, bəxt yazması yanlış fikirdir”

“Ruhlar yer üzünü tərk etmirlər, sadəcə insanlar formalarını dəyişir”

“Ətdən-qandan ibarət olan bir varlıq, bir insan odun içindən necə keçə bilər axı. Halbuki, mən bunu etmişəm. Od yanır, sənsə rahatca onun içindən keçib gedirsən...”

Müsahibimiz “Hürriyyət”in oxucularına yaxşı tanış olan keçmiş ilahiyyatçı, deist, dinlə bağlı təzadlı, bəzən gözlənilməz fikirləri ilə həm qınaq obyekti olan, həm də diqqət çəkən Fəzail Mehdiyevdir.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/allah_qurban_almagi_xoslamir_-_fzail_mehdiyev)

- Bəs astral səyahət nədir? Zamanda səyahətdir - zamanı qabaqlamaq, ya keçmişə dönməkdir?

- Astral səyahətdə zaman və məkan anlayışı yoxdur. Əgər mən astral səyahət zamanı yaşadıqlarımı kiməsə danışsam, həmin adama elə gələr ki, orda baş verən proseslər hardasa 3-4 saat davam edib. Halbuki, ən uzunmüddətli astral səyahət iki dəqiqədən çox çəkmir. Astral səyahətdə iki dəqiqə içində bəzən iki günlük olaylar yaşanır.

- Astral səyahət zamanı həm keçmişə, həm də gələcəyə getmək olur?

- Bəli. Astralda zaman yoxdur.

- Yəni zamanı hiss etmirsiz?

- Xeyr. Mən qarşıma məqsəd qoyuram: hədəfə çatmaq. Hədəfin keçmişdə, yaxud gələcəkdə, həmçinin hansı məkanda olmasının isə mənim üçün heç bir əhəmiyyəti yoxdur. Odun üstündən keçmək lazım olsa belə, hədəfə çatmaqdan çəkinmirəm. Mən astral səyahət üçün özümü sınamaq məqsədi ilə bunu etmişəm. Yəqin çoxları kimi, siz də düşünəcəksiniz ki, bu mümkün deyil. Ətdən-qandan ibarət olan bir varlıq, bir insan odun içindən necə keçə bilər axı. Halbuki, mən bunu etmişəm. Od yanır, sənsə rahatca onun içindən keçib gedirsən. Çünki yaxıb-yandıran alovu görmürsən. İnsanda qorxu o vaxt yaranır ki, həmin qorxunu yaşayır. Mən o qorxunu, alovun istisini yaşamıram axı. O istilik mənim üçün adi bir şeydir. Ümumiyyətlə, astral səyahət zamanı cismani hissiyyat ölür. Necə ki, yuxuda kənarda durub suda necə batdığına baxırsan və heç nə hiss etmirsən, astral səyahət vaxtı alovun içindən də eləcə keçirsən.

- Demək, yuxu ilə astral səyahət arasında bir yaxınlıq, oxşarlıq var?

- Bəli, yuxu ilə astral səyahət arasında oxşarlıq çoxdur. Astral səyahət zamanı cisim tamamilə hərəkətsiz olur. Yəni alovun içindən keçən cismim deyil, ruhumdur...

- Bəs astral səyahət zamanı insan öz taleyində, yaxud kiminsə taleyində nəyisə dəyişdirə bilər?

- Əvvəla, insan iradəsini toplasa, astralsız da öz taleyini dəyişə bilər. Bizim taleyimiz kim tərəfindənsə yazılmır. Allahın kiməsə tale, bəxt yazması yanlış fikirdir. Çünki insanlar bütün dinlərdə Allahı ədalətli və rəhmli bir məbud kimi qələmə verir. Amma baxırsan, bir insan çox acınacaqlı tale yaşayır, onda elə çıxır ki, ona bu taleyi Allah yazıb? Bəs, elə isə Allahın ədaləti, mərhəməti harda qaldı? Demək, bu məsələdə Allahlıq bir iş yoxdur.

Primitiv bir misal çəkim. Mobil telefonlar işləmək üçün hökmən elektrik enerjisi yığmalıdır. Bunun üçün tutaq ki, onu oturduğumuz bu otaqda elektrik yuvasından elektrik cərəyanına qoşursan. Bax, Allah telefonun topladığı həmin elektrik enerjisi, elektrik cərəyanıdır. O cərəyan bundan başqa bu otaqda heç bir iş görə bilməz. Telefon elektrik enerjisi yığıb qurtarandan sonra onu elektrik yuvasından ayırırıq və o sərbəst olur. Onu yaşadan, işlədən elektrik enerjisi artıq onun daxilində olur.

Allah da isana yaşamaq üçün enerji verir. Biz daim meditasiya etmirik ki. Yalnız yaşam enerjisinə ehtiyac duyanda meditasiya edirik. Meditasiya yaşamaq, nəyəsə nail olmaq üçündür.

- Elə isə insanda Allah xofu yaratmaq və daim insanı Allahla qorxutmaq nə dərəcədə doğrudur?

- Əslinə qalsa, insan elə bir varlıqdır ki, məhz qorxu altında yaşamalıdır. Çünki insan qorxmasa, çox işlər görə bilər. Sadə bir misal çəkim. Avtomobillə yol gedirik, yolda hərəkət nişanları var, həmin nişanlarda yolun sürət həddi göstərilib. Amma biz buna əhəmiyyət vermirik, istədiyimiz sürətlə gedirik, yəni əksəriyyət belə edir. Radarı görən kimi isə sürəti azaldırıq. Nədən? Çünki cərimə olunacağıq, pulumuz çıxacaq. Biz bilərəkdən həyatımızı təhlükəyə atırıq, amma pulumuzdan keçmək istəmirik. Demək, radar, cərimə qorxusu olmasa, yol hərəkəti qaydalarına əməl edən olmaz.

- Yəni insan qorxusuz yaşaya bilməz?

- Bəli, cəmiyyət arasında çəkinmədən istədiyimizi edirik, amma polis nəfəri görən kimi özümüzü düzəldirik. Elə Allah xofu da buna hesablanıb. Necə ki, cəmiyyətdə güc strukturlarının xofu olmasa, insanlar bildiyini edər, Allah xofu da olmasa, Adəm övladları bir-birini didər. Hələ xof var, yenə didirlər.

Təbii ki, sağlam düşüncəli insanların qorxuya, xofa ehtiyacı yoxdur. Çünki ağlın, şüurun varsa, düşünürsən ki, bu hərəkəti etmək olmaz, bununla kiməsə ziyan vura bilərsən, yaxud bu səni nüfuzdan sala bilər. Yəni cəmiyyət bunu yaxşı qarşılamaz, bu üzdən də həmin hərəkətdən, həmin əməldən çəkinirsən. Nəyə görə kimsə sənə qadağa qoymalıdır?

- Mən yenidən astral səyahət mövzusu üzərinə qayıtmaq istərdim. Bayaq özünüz də qeyd etdiniz, məchul olan hər şey həm cəlbedici, həm də qorxuludur. Təbii ki, çoxları zamanda səyahət etmək, keçmişə, gələcəyə getmək, zaman-məkan anlayışını itirmək, ruhsal aləmə düşmək istəyər. Amma sadalananlar çəkiçi, maraqlı olduğu qədər də qorxuludur. Çünki ruhun cisimdən ayrı nəyə qadir olduğu bizim üçün müəmmadır. Ümumiyyətlə ruhlar aləmi haqda təsəvvürümüz yox dərəcəsindədir. Amma anladığım qədər, astral səyahət zamanı məhz ruhlar aləmi ilə təmasda olursan, həmin aləmin bir parçasına çevrilirsən. Belə çıxır ki, orda artıq dünyada olmayan insanların ruhunu da görürsən, onlarla da ünsiyyət qura bilirsən. Bu necə ünsiyyətdir? Dünyasını dəyişmiş insanların ruhu ilə danışmaq, onlardan nəsə soruşub öyrənmək mümkündürmü?

- Ümumiyyətlə, ruh bir az çətin anlayışdır. “Ruh” sözü bizə ərəblərdən, ərəblərə isə yəhudilərdən keçib. “Rau” sözündəndir, nəfəs, can deməkdir. İnsanı hərəkətə gətirən ruh (can) nə vaxtsa tükənir. Onun başqa bir aləmə getməsi sadəcə olaraq dinlərin insanları xofda saxlamaq üçün dediyidir. Yəni bu dünyada Allahın buyurduğu kimi yaşamasan, onun dediklərini etməsən, haqq dünyasında ruhuna işgəncə veriləcək.

Əslində ruha verilən işgəncələri yuxularımızda yaşayırıq. Hətta bəzən ağrı insanın cisminə də təsir edir, sanki real həyatda işgəncələrə məruz qalırıq.

Ruhun çəkisi yoxdur, ruh bir nəfəsdir, oksigendir, cismi tərk etdi, həyat bitdi deməkdir. Ölümdən əvvəl 50 kq çəkisi olan insanı öləndən bir saat sonra çəksən, görərsən ki, ağırlaşıb. Çünki, ona yüngüllük verən ruh, hava təbəqəsi artıq cismi tərk etmiş olur.

Qurani-Kərimdə bəzən Cəbrayıla ruh deyə müraciət olunur. “Mələk gəldi”, “Ruh gəldi”, “Cəbrayıl gəldi” yazılır. Bilinmir kimdir. Ruh anlamı insanlar tərəfindən hələ tam şəkildə dərk olunmayıb. Yuxularımıza da ruhlar gəlir. Ruhlar ümumiyyətlə yer üzünü tərk etmirlər, sadəcə insanlar formalarını dəyişir.

- Demək istəyirsiniz ki, ruh enerjidir, fizika qanunlarına görə isə enerji itmir, sadəcə bir haldan başqa bir hala keçir?

- Bəli. Yaş, yaxud quru olmasından asılı olmayaraq, bir ağacı odun içinə atsaq, təbii ki, yanacaq, ondan od yaranacaq, yaşdırsa, suyu buxarlanacaq. Fizikada buna enerjinin qayıdışı deyirlər.

Ruh da belədir. Sadəcə müəyyən vaxt cəsəddən istifadə olunur. Müəyyən olunmuş zaman keçdikdən sonra isə cəsəd ruh üçün lazımsız olur.

- Yəni bizim cismimimz potensial cəsəddir...

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA