Ata-bala uçdu cənnət bağına –ŞƏHİDLƏR HAQQINDA ELEGİYA

Ata-bala uçdu cənnət bağına –ŞƏHİDLƏR HAQQINDA ELEGİYA

"Bayraqları bayraq yapan üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa vətəndir" demiş, böyük türk şairi Mithəd Camal. Onlar, Ata Əbdül, oğul Rasim vətən uğrunda candan keçib, uca şəhidlik məqamına yüksəldilər. Onlar axıdılan qanlarıyla isbatladı ki, vətən təkcə üstündə gəzdiyin, bioloji mövcudluğunu qoruduğun, kürsülər tutmaq ehtirası ilə yanıb-yaxıldığın coğrafi ərazi, cansız məkan deyil.

Vətən canımızın parçası, ruhumuzun qidası, bayrağının dalğalanmasından, himnin səslənməsindən könlümüzün ehtisaza gəldiyi, babalarımızın bizə əmanət ediyi, övladlarımıza anaların laylalar dediyi, çölündən, çəmənindən zövq aldığımız, içində min-min can yatan, musiqimizin, mədəniyyətimizin ərsəyə gəldiyi, dilimizin əzbəri candır Azərbaycanır.

Onlar, ata Əbdül, oğul Rasim candan artıq sevdikləri vətən uğrunda, şəhid oldular. Uca Allahdan hər iki qardaşımıza və bütün şəhidlərimizə rəhmət diləyir, məkanları cənnət, qəbrləri nurla dolsun deyirik.

Ata-bala uçdu cənnət bağına

Can fədası iki haqqın şəhidi,

Ata, bala uçdu cənnət bağına.

Millət oldu ölməzliyin şahidi,

Ata-bala uçdu cənnət bağına.

***

Səf bağladı qazi Əbdül cəbhədə,

Düşməndən öc aldı o Mil təpədə,

Diz çökdü yağılar Lələ təpədə,

Ata-bala uçdu cənnət bağına.

***

Al qanından torpağa qan qatdılar,

Ər olmağın imzasını atdılar,

Şəhidliyin zirvəsinə çatdılar,

Ata-bala uçdu cənnət bağına.

***

Dastanlar yazdılar şəhid adına,

Ucaldılar göyün mələk qatına,

Əhsən belə igid doğan qadına,

Ata-bala uçdu cənnət bağına.

***

Bir ömürdür yaşadılar ər kimi,

Döyüş anı hər biri bir nər kimi,

Kimi kölə, kimi yaşar hürr kimi,

Ata-bala uçdu cənnət bağına.

***

Vətən bizim candan əziz canımız,

Halal olsun ona axan qanımız,

Şəhid məzarıdır dörd bir yanımız,

Ata-bala uçdu cənnət bağına.

***

Ey şühəda, ey baş qoyan torpağa,

Ey sarılan mavi gözlü bayrağa,

Zaval yoxdur haqdan yanan çırağa,

Ata-bala uçdu cənnət bağına.

Nurəddin İsmayıl,

27.04.2016

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA