AVM-lər yanğından necə qorunur: “Diqlas” hadisəsi təkrarlana bilərmi? - REPORTAJ, FOTOLAR

AVM-lər yanğından necə qorunur: “Diqlas” hadisəsi təkrarlana bilərmi? - REPORTAJ, FOTOLAR

“Diqlas” ticarət mərkəzinin ətrafında yerləşən mağaza və ticarət obyektlərində yanğından mühafizə qaydalarına tam əməl edildiyini söyləmək çətindir...

Martın 26-da səhər saatlarında “Diqlas” ticarət mərkəzində başlanan yanğın, qısa müddətdə idarəolunmaz hala gəldi. Nəticədə günün ikinci yarısında ticarət mərkəzi külə döndü və yüzlərlə sahibkara külli miqdarda maddi ziyan dəydi. Məlumatlara görə ticarət mərkəzində 1000-ə yaxın mağaza olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov hadisədən sonra mətbuata açıqlamasında bildirdi ki, “Diqlas”ın rəhbərliyi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyib: “Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb".

“Diqlas” ticarət mərkəzinin yaxın ətrafında onlarla mağazalar, iri ticarət mərkəzləri inşa olunub. Bəs, onlarda yanğın təhlükəsizliyi qaydalarına əməl edilirmi? Bu obyektlərdə yanğın baş verərsə, onun qarşısını anındaca necə almaq olar?

“Yeni Müsavat”ın reportyor qrupu olaraq bu suallara cavab tapmaq üçün Nizami rayonu ərazisində yerləşən bir neçə ticarət mərkəzində olduq. İlk olaraq “Diqlas”ın yanında yerləşən, “Lotos” ticarət mərkəzinə daxil olmağa cəhd etdik. Lakin ərazidə olan mühafizəçilər bildirdilər ki, yanğın hadisəsindən sonra “Lotos”un fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Müşahidə etdik ki, ticarət mərkəzinin qarşısında olan dönərxanalar, xırdavat mallarının satıldığı kiçik mağazalar da qapadılıb. Ticarət mərkəzinin ətrafında dolandığımız zaman yanğının qarşısını almaq üçün hansısa su anbarına, yanğınsöndürmə üçün xüsusi qollara rast gəlmədik. Eləcə də heç bir yanğın şitindən də söhbət gedə bilməz. Qapalı mağazalarının qarşısında duran sahibkarlardan öyrəndik ki, “Lotos”da da yanğından mühafizə qaydalarına əməl olunması məsələsi ilə bağlı vəziyyət “Diqlas”dan fərqli deyil.

Sahibkarlar bildirdilər ki, “Lotos”a daxil olan alıcılar tez-tez çıxış qapısını tapmaqda çətinlik çəkirlər: “Yuxarıda olan müştəri aşağı düşmək üçün hər yanı dolaşır, pilləkəni tapa bilmir. Burada gündüz saatlarında yanğın olarsa, xeyli insan dünyasını dəyişər”.

“Lotos”dan sonra onun yaxınlığında yerləşən “Phardi”yə yollandıq. İki mərtəbədən ibarət olan bu obyektin də yanğınla bağlı təhlükəsizlik tədbirləri sıfıra bərabərdir. Qapının ağzında yanğını söndürmək üçün balon qoyulub. Ancaq içəridə hansısa yanğın şitinə, çıxışı göstərən işarələrə rast gəlmədik...

Eləcə də bu obyektlə üzbəüz olan digər ticarət mərkəzlərində də vəziyyət eynidir. İçəridə tezalışan mallar satılsa da, yanğından mühafizə qaydalarına demək olar ki, əməl edilməyib.

Metronun “Neftçilər” stansiyasının qarşısında son illərdə inşa edilən “Nef Mall” ticarət mərkəzində də olduq. Ticarət mərkəzi xaricdən olduqca müasir görünür. Lakin içərisində yanğından mühafizə qaydalarına tam əməl edildiyini söyləmək olmaz. İlk olaraq ticarət mərkəzinin zirzəmisinə düşdük. Burada ayaqqabılar və qadın geyimləri satılır. Lakin yanğından mühafizə sisteminin quraşdırıldığını görmədik. Yalnız ticarət mərəkəzinin zirzəmisinə açılan iki girişdə yanğınsöndürən balonun olduğunu müşahidə etdik.

Ticarət mərkəzinin birinci mərtəbəsində “LC WAIKIKI” mağazası fəaliyyət göstərir. Burada yanğın çıxışları olsa da, divarlarda və tavanda çıxışı göstərən işarələr qoyulmayıb. Eləcə də ticarət mərkəzində geyim rəfləri sıx olduğu üçün pilləkənlər demək olar ki, görünmür. Tavanda isə siqnalizasiya və yanğını lokallaşdırmaq üçün qurğular quraşdıılıb.

İkinci mərtəbədə “İdeal” mağazalar şəbəkəsi fəaliyyət göstərir. Burada xüsusi yanğından mühafizə sistemi və siqnalizasiya quraşdırılıb. Mağazanın rəhbəri bildirdi ki, yanğınsöndürən balonları ötən həftə yeniləyiblər. Müşahidə etdik ki, ikinci və üçüncü mərtəbədə eyni sistem quraşdırılıb. Eləcə də pilləkənlərə yaxın məsafədə yanğın çıxışı da yer alıb. Lakin ox və işarələrlə bu çıxışlar göstərilməyib.

Bundan əlavə mərkəzdə görünən yerdə təxliyə planının asıldığının da şahidi olmadıq. Həmçinin mərkəzdən çöldə də su anbarının, qolun olduğunu görmədik.

“Nef Mall”a yaxın məsafədə yerləşən “New Yorker”də də olduq. Üç mərtəbədən ibarət olan bu mağazada yanğını lokallaşdırmaq üçün tavana xüsusi sistemlər quraşdırılıb. Eyni zamanda yanğın və ya digər bu kimi hallarda xəbərdarlıq məqsədilə siqnalizasiya da var.

Bundan əlavə müşahidə etdik ki, yanğın çıxışlarını göstərən işarələr də qoyulub. Çıxışlarla bərabər, mağazanın müxtəlif yerlərində yanğınsöndürən balonlar qoyulub ki, bunların hər birinin yeri xüsusi işarələr vasitəsilə göstərilib.

Ümumilikdə isə balonlar demək olar ki, ilk baxışdan görünən yerlərdə qoyulub. Mərkəzdə söhbət etdiyimiz satıcılar da bildirdilər ki, yanğına qarşı lazımı tədbirlər görülüb. Lakin bu ticarət mərkəzinin də ətrafında su anbarının, xüsusi qolun şahidi olmadıq.