AVRASİYANIN MƏRKƏZİNDƏN KEÇƏN EKSPRESS - Qars, Naxçıvan, İran və Pakistanı birləşdirəcək layihə reallaşacaqmı? TƏHLİL

AVRASİYANIN MƏRKƏZİNDƏN KEÇƏN EKSPRESS - Qars, Naxçıvan, İran və Pakistanı birləşdirəcək layihə reallaşacaqmı? TƏHLİL

Bredli Jardin

“Eurasianet”

03 iyul 2018-ci il

Türkiyənin şərqində yerləşən Qars sərhəd şəhəri kimi dərin köklü tarixə malikdir. Şəhər əvvəlcə Osmanlı və Rusiya imperiyaları arasındakı müharibələrdə əldən-ələ keçib. Sonra SSRİ ilə sərhəddə NATO-nun forpostu olub.

Ancaq indi şəhər sərhəd xəttində punkt deyil, ən iddialı transmilli layihələrin birində qovşağa çevrilməklə birləşdirici məntəqə olmaq istəyir.

“[Qarsın] Londonla Pekini birləşdirəcək körpü olacağını planlaşdırırıq,- Türkiyənin kommunikasiya, dənizçilik və nəqliyyat naziri Ahmet Arslan “Eurasianet.org” saytına müsahibəsində deyib. – Bu məqsədə çatmağımız üçün ən qısa yol Qafqazdan keçir”.

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu üzrə Qazaxıstandan Mərkəzi Avropaya məhsullar ötən ilin oktyabr ayından etibarən daşınmağa başlanıb. Hazırda yolun buraxıcılıq qabiliyyəti ildə 6,6 milyon ton təşkil edir, amma bu göstəricinin 50 milyon tona kimi artırılması planlaşdırılır.

Yolun inşası ilə bağlı ideya 1993-cü ildə yaranıb. Həmin il Türkiyə və Azərbaycan Dağlıq Qarabağ müharibəsinə görə Ermənistanla sərhədlərini bağlayıb. Hazırda 846 kilometr uzunluğa malik bu marşrut üzrə hərəkət edən qatarlar London Çinə yük daşımasını cəmi 15 gün müddətinə həyata keçirməyə kömək edir.

“Layihənin miqyası sırf iqtisadi və ya geosiyasi amillərlə izah olunmur, – Arslan bildirib. – Biz iqtisadiyyatımızın inkişafına təkan vermək və hər bir tərəfə faydalı bir şəkildə regionlarımızı inteqrasiya etdirmək istəyirik”.

Layihə tərəfdarları bildirir ki, Cənubi Qafqaz Yer üzündəki əhalinin 65%-nin yaşadığı və planetin 75% enerji resurslarına malik olan böyük bir bazarın – Avrasiya qitəsinin düz mərkəzində yerləşir.

Lakin Avrasiyadan keçən digər layihələr kimi bu yol da istifadəsiz qalır.Qarsda dəmiryol stansiyasının əməkdaşları bu yaxınlarda sayta bildiriblər ki, ötən həftə stansiyadan kənd təsərrüfatı məhsulları daşıyan, cəmi beş vaqondan ibarət bir qatar keçib.

Bununla belə, yerli məmurlar nikbin davranır, yolun regionun problemlərini həll edəcəyini hesab edirlər. “BTQ bilavasitə 300 nəfəri işlə təmin edəcək, – Qars vilayətinin valisi Rami Doğan sayta açıqlamasında deyib. – Amma biz ticarətin inkişafı vasitəsilə əlavə rifah əldə edəcəyimizə ümid edirik. İnşallah, ticarət iqtisadi problemlərimizi həll etməyə və əlavə iş yerləri açmağa kömək edəcək”.

Yerli sakinlər həmçinin ümid edir ki, şəhərdə inşa edilən, gömrük təmizlənməsinin həyata keçiriləcəyi və məhsulların saxlanacağı logistik məqsəd ticarətin inkişafına imkan yaradacaq və beləliklə BTQ üzrə hərəkəti aktivləşdirəcək. “Mərkəzi Asiya və Çindən yola düşən məhsullar burada saxlanılacaq,- mərkəzin tikintisi ilə məşğul olan layihənin meneceri Barış Kanbaz deyib. – Daşınan bütün məhsullar burada saxlanılacaq, sonra qatarlara yükləniləcək”.

BTQ-nin şəhərdə artan turizm sektoruna stimullaşdırıcı təkan verəcəyi gözlənilir. Son illər Qarsı Ankara ilə birləşdirən “Şərq ekspressi” dəmir yolunun populyarlığı sayəsində şəhərdəki iqtisadi vəziyyət yaxşılaşıb. Qışda Çıldır gölü və dağ-xizək kurortu Sarıkamışla maraqlanan turistlər Qarsa üz tutur. Qar şəhərin rəmzinə çevrilib: türk dilindən “kar” “qar” deməkdir.

Bu dəmir yolu çox vacibdir, çünki Azərbaycanla Türkiyəni birləşdirir, – Doğan deyib. – Azərbaycan bizim dostumuz və müttəfiqimizdir, ona görə layihə siyasi baxımdan da əhəmiyyət kəsb edir. Amma biz ümid edirik ki, layihə regionda investisiya üçün imkan axtaran daha çox insanı cəlb edəcək”.

İlin sonuna kimi BTQ üzrə sərnişin qatarları işə düşməlidir. Layihə tərəfdarlarının sözlərinə görə, sərnişin sayını ildə 1 milyon nəfərəçatdırmaq olar.

“Azərbaycanın sosial şəbəkələrində xoş şərhlər çox olub. Belə ki, BTQ xətti üzrə hərəkət edəcək sərnişin qatarlarına biletlər aviabiletlərdən qat-qat ucuz olacaq, – bakılı politoloq Fuad Şahbazov qeyd edib. – Nəticədə sərnişin daşımaları Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha çox aktivləşdirə bilər”.

Amma BTQ marşrutunu geosiyasi amillər də müəyyənləşdirir. Şahbazovun sözlərinə görə, “Naxçıvanın Türkiyə ilə 12 kilometrlik sərhədi ekslavın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”. 2010-cu il Ankara və Bakı strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb. Sənədə əsasən, Türkiyə muxtar respublikanın təhlükəsizliyinə zəmanət verən tərəf kimi çıxış edir.

Hazırda Naxçıvanın Qarsdan keçən dəmir yol şəbəkəsinə qoşulmaq imkanları nəzərdən keçirilir. Azərbaycan və türk rəsmiləri BTQ-nin Naxçıvandan İrana, həmçinin hələ sovet dövründə tikilən, bu yaxınlarda bərpa edilən Naxçıvanla İranın Məşhəd şəhəri arasındakı dəmir yolundan Pakistana uzanacaq qolların çəkilməsi məqsədilə İranla əməkdaşlıq qurmaq istədiklərini bildiriblər. “Regionun əhəmiyyətini nəzərə alaraq, biz Qars, Naxçıvan, İran və Pakistanı birləşdirəcək daha bir layihəni reallaşdırmaq istəyirik”,– Arslan deyib.

Şahbazovun sözlərinə görə, iqtisadi baxımdan layihə birmənalı qarşılanmır.

“Çox güman, dəmir yol Türkiyəyə Naxçıvan bazarını məhsullarla doldurmağa imkan yaradacaq, – ekspert bildirib. – Həmçinin belə bir təhlükə mövcuddur ki, [Azərbaycan üçün] dəmir yol layihəsi xərclərini ödəməyəcək. Bununla belə, sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, Azərbaycan Naxçıvanda xəttin bərpasına prioritet layihə kimi baxa bilər”.

Üstəlik, Azərbaycanın təqdim etdiyi kapital Qarsın İran bazarına “pəncərə açmaq” planlarını həyata keçirməyə imkan verəcək. Yanvar ayında Tehran Rəşt şəhərindən Azərbaycan sərhədlərinə kimi uzanan 205 kilometrlik dəmir yolunun (Rəşt-Astara xətti kimi məşhurdur) tikintisinə Bakıdan 500 milyon dollar məbləğində kredit götürüb.

Sonra mart ayında İran, Türkiyə, Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri bu qəbildən olan ilk dördtərəfli görüş keçiriblər. Görüşün yekunlarına dair bəyanatda tərəflər “[…] İranın Fars körfəzindəki Bandar-Abbas və Çabaxar limanlarından Rəşt-Astara xətti vasitəsilə Bakı-Tiflis-Qars dəmir yoluna kimi dörd ölkənin nəqliyyat potensialının genişləndirilməsi və nəqliyyat infrastruktrunun inkişafı məqsədilə yeni layihələrin reallaşdırılması üçün əməkdaşlığın genişləndiriləcəyini” bildiriblər.

Lakin bütün bu inteqrasiya planlarında bir ölkənin – Ermənistanın adı hallanmır. Türk rəsmiləri ümid edir ki, BTQ İrəvana təzyiq vasitəsi ola bilər və Qarabağ münaqişəsinə son qoya bilər.

“Biz də Ermənistanla münasibətləri yoluna qoymaq istəyirik, ancaq bunun üçün əvvəlcə mühüm məqsədə çatmalıyıq: Ermənistan Qarabağdan çıxmalıdır”,– Arslan qeyd edib. Nazir əlavə edib ki, “Ermənistan Qarabağdan çıxsa”, Türkiyə-Ermənistan sərhədi açılacaq və Ermənistana həm BTQ, həm də Qars-Naxçıvan xəttinə çıxış imkanı veriləcək. “Nəticə etibarilə, sərhədlərin açılması Ermənistana daha çox fayda verəcək, nəinki bizə”, -Arslan deyib. /Xpressa.net/

Loading...

QALEREYA