“Avropa Birliyinin tələb etdiyi islahatların heç biri Azərbaycanda aparılmayıb” - SƏRDAR CƏLALOĞLU

“Avropa Birliyinin tələb etdiyi islahatların heç biri Azərbaycanda aparılmayıb” - SƏRDAR CƏLALOĞLU

“Azərbaycan Avropa Birliyinin digər şərtlərini qəbul etməyəcək deyə, bəri başdan işi pozur”

“Azərbaycandakı rejim insanların sərbəst hərəkətinə maneə törədir”

“Dövlət partizan hərəkatı haqqında qanun qəbul etməlidir”

“Avropanın bütün ölkələri bizim ərazi bütövlüyümüzü tanıyır. Onlar yığışıb Avropa Birliyi yaradıb, onda xüsusi olaraq Avropa Birliyinin bu məsələni qəbul etməsini niyə tələb edirsən?”

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycan_iqtidari_hec_vaxt_o_sazisi_imzalamayacaq_-_srdar_clalolu)

“Avropa Birliyinin tələb etdiyi islahatların heç biri Azərbaycanda aparılmayıb”

“Əslində, aparılan islahatlar sazişə doğru gedən bir yol kimi dəyərləndirilirdi…” fikrimizə isə S.Cəlaloğlununu reaksiyası belə oldu: “Hansı islahatlar? Burada heç bir islahat aparılmayıb. Avropa Birliyinin tələb etdiyi islahatların heç biri Azərbaycanda aparılmayıb. Əksinə, Avropa Birliyinin tələb etdiyi islahatların əleyinə “islahat” deyilən şey aparılıb. Türkiyə 30 ildir Avropa Birliyinə üzv olmaq istəyir. İndiyə qədər Türkiyənin qarşısında 100-dən artıq şərt qoyulub. Türkiyə bunların çoxunu həll edib. Kürd dilində dərs keçməyə icazə verib, televiziya açılıb, yenə də qəbul etmirlər. Türkiyə ilə Azərbaycan rejimini müqayisə edək. Görün, Türkiyə Azərbaycandan demokratiya, bazar iqtisadiyyatı sahəsində, beynəlxalq əlaqələrdə nə qədər qabaqdadır. Türkiyəni üzv qəbul etməyən Avropa Türkiyədən 100 dəfə pis vəziyyətdə olan Ermənistanı, Azərbaycanı, Belarusiyanı qəbul edər? Avropanın məqsədi bu ölkələri elə bir vəziyyətə gətirməkdir ki, üzv olandan sonra Avropaya problem yaranmasın.

Biz Avropa Birliyinin üzvü olandan sonra Avropa vətəndaşı oluruq. Bütün Avropa vətəndaşlarına verilən hüquq və azadlıqlar bizə də veriləcək. Orada sərvətlər bölünür və insanların sərbəst gediş-gəlişi var. Əgər Azərbaycan Avropa Birliyinə üzv olsa, avropalı niyə burada yaşamalıdır? Alman, ingilis, fransız bu rejimdə yaşaya bilər? Biz Avropa gedib yaşaya bilərik, amma onlar gəlib burada yaşaya bilməz. Deməli, Azərbaycandakı rejim insanların sərbəst hərəkətinə maneə törədir. Ona görə, Avropa Birliyi deyir ki, “mənim üzvüm olmağı istəyirsinizsə, mənim vətəndaşımın gəlib yaşaya biləcəyi bir rejim yaradın”. Bunu da Azərbyacan yaratmır. Azərbaycan rejimi nə yaradır? İstəyir insanlar Əfqanıstandan, Pakistandan, İrandan, Ərəbistandan, Hindistandan bura gəlsinlər. Bu insanlar da dünyanın ən geridə qalmış terror burulğanında burulan, anti-demokratik ölkələrdən gələn insanlardır. Onlar da gəlib burada hüquq, azadlıq tələb etmirlər. Onlarınkı odur ki, işləsinlər, pul qazansınlar. Ona görə, mən belə hesab edirəm ki, ərazi bütövlüyü məsələsi sazişə imza atmaq üçün bir bəhanədir. Azərbaycan Avropa Birliyinin digər şərtlərini qəbul etməyəcək deyə, bəri başdan işi pozur”.

“Bu hüquq normalarını bizim hökumət düşünülmüş şəkildə qarışdırır”

S.Cəlaloğlu vurğuladı ki, Avropa İttifaqı xalqların öz müqəddəratını təyin etmə prinsipi ilə ərazi bütövlüyü prinsipini eyniləşdirə bilməz: “Beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi başqa hüquq normalarındadır, xalqların öz müqəddaratını təyin etmə prinsipi başqa hüquq normalarındadır. Ərazi bütövlüyü prinsipi imperativ hüquqdür, yəni məcburidir, hamı onu icra etməlidir. Amma xalqların öz müqəddəratını təyin etmə prinsipi dispozitiv hüquqdur, yəni hər hansı bir dövlət istəsə müxtariyyət verər, istəməsə verməz. Məsələn, ispanlar basklara muxtariyyət vermədi, ispanlara neynədilər? Getdilər baskların bütün liderlərini tutdular, onların muxtariyyət haqqında qərarını ləğv etdilər. Eləcə də İraqda küdlər muxtariyyət statusu almağa çalışdılar, Türkiyə dedi, olmaz. Ondan sonra bu məsələni yığışdırdılar. Avropa Birliyinin qərarları dərəcələnib. Bir məcburi qərarlar var - bu, ərazi bütövlüyü ilə bağlıdır, bir dövlətin özünün razılığı ilə qəbul etdiyi qərar. Bir də razılaşdırılmış qəbul edilən qərarlar var. Avropa Birliyinin 3 cür qərarı var. Azərbaycan xalqların öz müqəddaratını təyinetmə prinsipini Avropa ilə razılaşmayacağı təqdirdə heç kəs Azərbaycanı məcbur edə bilməz ki, Qarabağa muxtariyyət ver. Bu hüquq normalarını bizim hökumət düşünülmüş şəkildə qarışdırır. İnsanlar da söhbətin nədən getdiyini başa düşmür. Ərazi bütövlüyü prinsipi hamı üçün məcburidir, amma xalqların öz müqəddaratını təyinetmə prinsipi könüllüdür. Mən istəyərəm, muxtariyyət verərəm, istəmərəm, vermərəm. İspanlar basklara muxtariyyət vermədi, bir dənə Avropa ölkəsi ona etiraz etmədi. Çünki Avropa Birliyinin əsasnaməsinə görə, o cür məsələlər həmin dövlətin müstəsna səlahiyyətinə aiddir, Avropa Birliyinin ümumi prinsipinə daxil deyil. Birincisi, Avropanın bütün ölkələri bizim ərazi bütövlüyümüzü tanıyır. Onlar yığışıb Avropa Birliyi yaradıb, onda xüsusi olaraq Avropa Birliyinin bu məsələni qəbul etməsini niyə tələb edirsən? İkincisi, bu əməkdaşlıq başlanmamışdan qabaq bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyəti adından İlqar Məmmədovdan məktub alıblar. Çünki Avropa Birliyinin 5 prinsipi var. Biri də ictimaiyyətin Avropa Birliyinin fəaliyyətini dəstəkləməsidir. Bu prinsipə uyğun olaraq İlqar Məmmədova tapşırıblar. İlqar Məmmədov da 32 təşkilatı bir araya yığıb, Avroatlantika Assosiasiyası yaradıb. Həmin Assosiasiyanın adından Avropa Birliyinə belə bir razılıq məktubu verib ki, biz Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldırmayacağıq. Eyni razılığı hökumət də verib. İndi mən sual verirəm, siz, başlanğıcda belə bir razılıq veribsinizsə, indi bunu bəhanə edib niyə işi pozursunuz? Deməli, başlanğıcdan razılıq veriblər, güman ediblər ki, bu iqtisadi əlaqələrin inkişafına zəmin yaradacaq. Doğurdan da zəmin yaratdı. Sonradan növbəti siyasi öhdəlikləri yerinə yetirməyə gələndə Azərbaycan hökuməti deyir, eləmirəm. Yəni hökumət əvvəl özü razılıq verdiyi şeyi indi bəhanə edir”.

“Partizan hərəkatına Rusiya necə təsir edəcək?”

“Bəs, bu halda biz torpaqlarımızı necə qaytarmalıyıq? Siz əvvəl partizan müharibəsinin vacib olduğunu qeyd etmisiniz, digər şəxslər də partizan müharibəsinin aparılmasını düzgün hesab edir” dedikdə S. Cəlaloğlu söylədi: “Partizan müharibəsi ideyası təkcə mənim kəşfim deyil. İkinci dünya müharibəsində 1943-cü ilə qədər partizan müharibəsinə qarşı Sovet hökuməti özü müharibə aparıb, partizanları güllələyiblər ki, onlar nizamlı ordudan fərqli olaraq qeyri-qanuni silahlı dəstələrdir. Sonradan baxdılar ki, partizanlar almanların qarşısında çox böyük əngəldir, partizan hərəkatı haqqında qərar qəbul edildi və partizan ordusu ilə rəsmi əlaqələr yaradıldı. Partizan hərəkatı könüllülərdən ibarətdir. Azərbaycan Konstitutsiyasında vətəni qorumaq hər bir vətəndaşın borcudur. Sən kimsən ki, mənim borcumu əlimdən alırsan? Sən ordu yaratmısan, sənin ordun ərazilərimizi işğaldan azad edə bilmir. Bəs, vətəndaş olaraq mənim necə qarşımı ala bilərsən ki? Deməli, Azərbaycan vətəndaşının Kontitutsiyanın o bəndinə əsasən könüllü öz vətənini qorumaq hüququ var. Mən də deyirəm ki, partizan hərəkatı haqqında Milli Məclis qərar qəbul etsin. Azərbaycanda hərbi təcrübəsi olan adamlar partizan hərəkatı yaradaq, gedək. Çünki partizan hərəkatında sən nə Avropa, nə Rusiya, nə də Amerika ilə razılaşcaqsan, gedib öz dədə-baba torpaqlarını qoruyursan. Amma dövlət rəsmi şəkildə hesablaşır, aprel döyüşlərində gördüm, bəyanat verdilər ki, Rusiya qoymadı. Partizan hərəkatına Rusiya necə təsir edəcək?”

“Partizan hərəkatına başqa xalqların da gəlməsi yol veriləndir”

S. Cəlaloğlunun fikrincə, partizan hərəkatının qaçqınların içindən olan insanlardan təşkil olunması doğru deyil: “Cənubi Amerikada partizan hərəkatında İspaniyadan, Kubadan gedən adamlar iştirak edirdi. Oktyabr inqilabında İspaniyadan gəlib iştirak ediblər. Eləcə də Avropada olan inqilabda ruslar gedib iştirak edib. Canaqqala döyüşündə azərbaycanlılar gedib iştirak edib, 1918-ci il hadisələrində türklər gəlib burada iştirak edib. Partizan hərəkatına başqa xalqların da gəlməsi yol veriləndir. Bu hərəkatın mahiyyəti ondan ibarətdir. Yəni təkcə qaçqınlar yox, hətta başqa ölkədən gəlib orada iştirak edə bilərlər. Qarabağ təkcə bizim deyil ki, Qarabağ İranda, hətta Avstraliyada yaşayan azərbaycanlıların da vətənidir və hümmət əlaqəsi baxımından istənilən müsəlmanın cihada gələ biləcəyi bir yerdir. Bura ərəb, fars da, hətta müsəlman ingilis, ispan da gələ bilər. Amma dövlət partizan hərəkatı haqqında qanun qəbul etməlidir. O qanun çərçivəsində vətəndaşların özlərinin silahlanıb, gedib torpaqları azad etməsinə mane olmamalıdır. Bir neçə il bundan qabaq Azərbaycanda “Qarabağ partizanları “adı ilə bir məşhur məhkəmə prosesi getdi. 20-25 qeyrətli oğlan silah yığıblar ki, gedib partizan kimi Qarabağda vuruşsunlar. Azərbaycan hökuməti onları tutdu, hamısına 15-20 il iş verdi ki, qeyri-qanuni silah saxlayıblar. Mən də deyirəm ki, bu silahın qanuni şəkildə əldə edilməsi ilə bağlı qərar qəbul edilsin, hamı getsin silahını götürsün, döyüşsün. Sovet hökuməti bizi necə məğlub etdi? Ov silahlarını bizdən yığdı, erməni silahlandı, erməni də gəldi bizim torpaqlarımızı tutdu. Ona görə də hökumət qərar versin ki, vətəndaşların silah gəzdirməyə ixtiyarı var, hamı böyük silahları ala, saxlaya, gəzdirə bilər. Biz də gedək silahımızı alaq, vuruşaq, hökumət nəyimizə lazımdır ki. Gördün, Mübariz İbrahim ov getdi 200 erməni öldürdü. Bizdə elə oğlanlar var ki, 15-20 oğlan kifayət edər, Qarabağı azad eləsin. Sən burada siyasi hakimiyyət maraqlarından və Rusiyadan asılı olaraq Qarabağı azad edə bilmirsən, xalqa da imkan vermirsən. Sənin nə ixtiyarın var? Konstitutsiyada verilib ki, vətəndaşlar öz torpaqlarını azad etməlidir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA