Avropa İnvestisiya Bankı "Cənub Qaz Dəhlizi"nə 2 mlrd. avro ayırmağı planlaşdırır

Avropa İnvestisiya Bankı "Cənub Qaz Dəhlizi"nə 2 mlrd. avro ayırmağı planlaşdırır

Avropa İnvestisiya Bankı (EIB) “Cənub Qaz Dəhlizi” (SGC) layihəsinə 2 mlrd. avro kredit ayıra bilər. 

Hurriyyet.org “Report”a istinadən bildirir ki, hazırda bank bununla bağlı qərarı gözdən keçirir.

Qeyd edək ki, ötən həftə Avropa Komissiyasının (AK) enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç və AK-nın enerji və iqlim üzrə komissarı Migel Arias Kanyete (Miguel Arias Cañete) EIB prezidenti Verner Hoyerə (Werner Hoyer) adıçəkilən layihənin maliyyələşdirilməsi ilə əlaqədar məktub ünvanlayıb. Məktubda SGC-nin Avropa İttifaqı (Aİ) əhəmiyyəti və onun maliyyələşdirilməyinin önəmli olduğu haqqında yazılıb.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

TAP-ın 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

  • Hamısı
  • Loading...