Avropa İttifaqı-Azərbaycan əlaqələri yeni müstəvidə

Avropa İttifaqı-Azərbaycan əlaqələri yeni müstəvidə

Bu qurum ölkəmizin etibarlı strateji tərəfdaşdır

Demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir. Bu qurumla münasibətlərin sağlam təməl əsasında inkişafının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Azərbaycan tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu və harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi bu quruma üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.

Demokratiya və inkişaf perspektivləri

Bu gün Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini uğurla davam etdirir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdrilir. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioriteti hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı. Hazırda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb, işsizlik səviyyəsi 5 faizə enib. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən aşağıdır. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb. Bütün bunlar gələcəkdə Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir. Azərbaycan Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda uğurlar qazanıb. Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövrdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə Bakıya səfərləri təşkil edilib. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi yüksək qiymətləndirilmiş, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilib. Həyata keçirilən dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Vurğulandığı kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Ölkəmizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyadakı çıxışında bildirib ki, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb. Savadlılıq səviyyəsi 100 faizə yaxındır, təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır.

"Tərəfdaşlıq prioritetləri”ndən səmərəli əməkdaşlığa doğru

Bəllidir ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Respublikamız hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir. Bu ulin iyul aynın 11-də isə Brüsseldə prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında paraflanan "Tərəfdaşlıq prioritetləri”nin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını müəyyənləşdirdi. "Tərəfdaşlıq prioritetləri”n qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan vermiş oldu. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.

25 milyard dollara yaxın investisiya

Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir.

Azərbaycan Avropanın bir çox ölkələri ilə ikitərəfli iqtisadi, mədəni və digər sahələrdə münasibətlərini möhkəmləndirməkdə davam edir. Tez-tez keçirilən biznes forumları, biznes dialoqları da ticarət tərəfdaşlığının şaxələnməsinə real zəmin yaradır. Ötən il noyabrın 28-də Berlində təşkil edilən I Almaniya-Azərbaycan Biznes Dialoqu da bu məqsədlərə xidmət etdi. Yüzdən artıq Azərbaycan və alman şirkətinin qatıldığı tədbirdə vurğulanıb ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlər son illərdə sürətlə genişlənir. Tədbirdə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğu bir daha qeyd edilib.

24 ölkə ilə ikiqat vergitutma aradan qaldırılıb

Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bakıda rəsmi açılışı olmuş "Cənub qaz dəhlizi”, Türkiyədə tamamlanan TANAP layihəsi enerji sahəsində strateji əməkdaşlığın gözəl nümunələrindəndir. 4 siqmentdən ibarət olan bu layihə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq. Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 mln. avroya yaxın dəstək göstərilib.

Azərbaycan etibarlı strateji tərəfdaşdır

Bu il Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə keçirdiyi görüşdə qeyd edib ki, Azərbaycan ticarətinin demək olar, 50 faizini quruma üzv ölkələrlə olan ticarət təşkil edir. Azərbaycan Avropa İttifaqına üzv olan əksər ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşma strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edilir. Ümumiyyətlə, son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya yatırılıb. Ölkədə yaradılan əlverişli biznes mühiti, investorlara göstərilən diqqət və qayğı xarici investorların, xüsusən də Avropa İttifaqına üzv olan dövlətlərin investorlarının Azərbaycana diqqətini daha da artırır. Hazırda Avropa Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır. Faktiki olaraq Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdən sonra siyasi əlaqələrlə yanaşı iqtisadi münasibətlərin də yeni inkişaf istiqamətləri müəyyənləşəcək.

Avropa Birliyi işğalçılıq siyasətinə qarşıdır

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə mətbuat konfransında bildirib münaqişələr “Şərq tərəfdaşlığı” ökələrində inkişafı əngəlləyir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşündə ölkəmiz üçün ən vacib məsələlərdən biri yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibət idi. Ekspertlərin qeyd etdiyi kimi, dövlətimizin başçısının sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini, status-kvonun saxlamağa çalışmasını qabartması yekun bəyannaməyə təsir etdi. Şərq Tərəfdaşlığı sammitində qəbul olunan Yekun Birgə Bəyannamədə belə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəkləməsi xüsusi qeyd edildiyi halda, millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də bildirilmir. Tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinin necə deyərlər uydurma prinsiplər üzərində aliliyi yenidən təsdiq edilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA