“Avropa Parlamentinin qətnaməsi gerçəkliyi düzgün əks etdirir” - ADP-dən BƏYANAT

“Avropa Parlamentinin qətnaməsi gerçəkliyi düzgün əks etdirir” - ADP-dən BƏYANAT

ADP hesab edir ki, bu qətnamənin qəbul edilməsinin arxasında Azərbaycanda fəaliyyət göstərən və əsas məqsədləri xalqımızı yenidən Rusiyanın siyasətinə boyun əydirmək istəyən qüvvələr dayanır

ADP İdarə Heyətinin növbəti toplantısında ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət müzakirə edilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün nəticələrinə münasibət bildirib.

Görüşdə dinc danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə edilməsi məsələsinə diqqət çəkən partiya yetkililəri işğalçı bir dövlətlə bu cür təslimçi sülh çağırışlarının Qarabağ probleminin həllində heç bir fayda verməyəcəyini qeyd edib və hakimiyyəti erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarmadığı halda təcavükar dövlətlə heç bir sülh danşığına gedilməməsinə, əksinə xalqımızı öz torpaqlarını azad etmək uğrunda ədalətli müharibəyə hazırlamağa səsləyib.

İdarə Heyəti Avropa Parlamentinin Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbus məsələsi barədə qəbul etdiyi qətnamənin real gerçəkliyi düzgün əks etdirdiyini qeyd edib və ölkəmizin beynəlxalq nüfuzuna xələlə gətirən belə bir qətnamənin qəbul edilməsinin arxasında Azərbaycanda fəaliyyət göstərən və əsas məqsədləri xalqımızı yenidən Rusiyanın siyasətinə boyun əydirmək, Avropa ilə münasibətləri pozmaq istəyən hakimiyyətdəki beşinci kolonunun nümayəndələrinin durduğunu diqqətə çatdırıb və hakimiyyəti insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, siyasi məhbusları azad etməyə, eləcə də Avroatlantik məkana inteqrsaiya istiqamətində başladılan kusu daha ciddi səylə davam etdirməyə çağırıb.

İdarə Heyəti xalqımızın 20 yanvar hadisəsi ilə bağlı keçirilən tədbirlərdə daha fəal, daha kütləvi şəkildə iştirakını təqdir edib və bu coşqulu izdihamın həm də xalqımızı yenidən Rusiyanın təsir dairəsinə salmaq istəyənlərə cavab reaksiyası olduğunu bildirib. Məhz İSESKO-nun xalqımızın imperialist sovet qoşunlarına göstərdiyi müqavimət ilə bağlı verdiyi bəyanat da bu baxımdan təqdirə layiqdir.

İdarə Heyəti Rusiya xarici işlər nazirliyinin bu ölkənin bəzi vətəndaşlarının Azərbaycana gəlişinin rəsmi qaydada əngəllənməsi ilə bağlı səsləndirdiyi təhdid bəyanatını qətiyyətlə pisləyib və bu faktın arxasında erməni mənşəli rus vətəndaşlarının ölkəmizə sızması, əvvəllər olduğu kimi yenudən terror əməlləri törədilməsinin qarşısının alınması faktının durduğunu qeyd edib, hakimiyyətin bu istiqamətdə atdığı addımları təqdir edib. Belə ki, müstəqillik illərində Azərbaycan ərazisində törədilən əksər terror aktlarının Rusiya vətəndaşı olan şəxslər tərəfindən həyata keçirilməsi heç kimə sirr deyil. Eyni zamanda partiya, Rusiyanın xarici işlər nazirliyini öz vətəndaşları olan və uzun müddətdir ki, erməni əsirliyində saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun nədən azad eilməsi üçün heç bir səy göstərməməsi məsələsinə aydınlıq gətirməyə çağırıb.

İdarə Heyəti son günlər ölkədə keçirilən struktur dəyişiklilərinə də münasibət bildirib. ADP İH bu zərurətin arxasında heç də iqtisadi təkimilləşmənin deyil, vaxtı ilə yerliçilik və qohumbazlıq prinsipi ilə dövlət vəzifələrinə yerləşdirilmiş çoxsaylı kadrların talançılıq və rüşvət yolu ilə həddən ziyadə varlanması, nəticədə ölkə əhalisində hakimiyyətə qarşı dərin nifrətin yaranması faktının dayandığını bildirib və hakimiyyəti heç olmasa bundan sonra iqtisadi israfçılıq siyasətindən geri durmağa, vətəndaşların maddi rifah halını yaxşılaşdırmağa yönəlmiş addımlar atmağa çağırıb.

İclasda həmçinin bir sıra partiyadaxili məsələlər və yaranmaqda olan yeni müxalifət birliklərinə münasibət məsələləri də geniş müzakirə edilib.

KƏNAN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA