Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq

Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq

Azərbaycan Avropa İttifaqının Qonşuluq Siyasəti Proqramına qoşulmuş və bu çərçivədə 2006-cı il 14 noyabr tarixində Brüssel şəhərində Fəaliyyət Planı qəbul edilib. Aİ üzv dövlətlərinin təcrübəsi nəzərə alınmaqla qəbul edilmiş normativ hüquqi aktların tətbiqi və yeni qanunvericilik sənədlərinin hazırlanması, habelə bu sahədə mütəxəssislərin hazırlığı və kadr potensialının artırılması prosesinə texniki köməklik göstərilməsi məqsədilə Aİ-nin sadələşdirilmiş Tvinning aləti və Texniki Yardım və Məlumat Mübadiləsi (TAIEX) çərçivəsində əməkdaşlıq həyata keçirilir.

“Azərbaycan – Avropa İttifaqı Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi

06 - 07 fevral 2017-ci il tarixlərində Azərbaycan prezidentinin Brüsselə rəsmi səfəri çərçivəsində “Strateji Tərəfdaşlıq haqqında Saziş”in imzalanmasına dair razılıq əldə olunub. Sözügedən Saziş layihəsinin vacib tərkib hissələri olaraq, nəqliyyat və İKT sahələri üzrə danışıqlar davam etdirilməkdədir. Beynəlxalq Nəqliyyat Forumu (BNF) - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (1961) ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Nəqliyyat Forumu 1953-cü il 17 oktyabr tarixində 19 dövlətin iştirakı ilə Belçikanın Brüssel şəhərində imzalanmış təsis Protokoluna uyğun olaraq Avropa Nəqliyyat Nazirləri Konfransı kimi fəaliyyətə başlamışdır. 2006-cı ilin may ayında İrlandiyanın Dublin şəhərində keçirilmiş Nəqliyyat Nazirləri görüşündə imzalanmış Dublin Bəyannaməsinə əsasən, təşkilatın adı Beynəlxalq Nəqliyyat Forumu adlandırılmış və 2007-ci il yanvarın 1-dən Forum öz işinə başlamışdır. Hökumətlərarası xarakter daşıyan təşkilata hal-hazırda 54 üzv və bir müşahidəçi dövlət daxildir. Forumun əsas məqsədi üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübənin öyrənilməsi, nəqliyyatın inkişafı üçün dövlətlərarası dialoqun yaradılmasından ibarətdir. Forum nəqliyyatın bütün sahələrinin qlobal səviyyədə inkişafına şərait yaratmaqla dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır. Forum nəqliyyat sahəsində əməkdaşlığın bir çox sahələri – avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, aviasiya, dənizçilik, nəqliyyatda təhlükəsizlik və digər sahələr üzrə müxtəlif mövzularda illik görüşlər keçirir. Forumun İllik Zirvə Toplantıları ənənəvi olaraq Nəqliyyat Nazirləri səviyyəsində Almaniyanın Leypsiq şəhərində keçirilir. Beynəlxalq Nəqliyyat Forumunun işi 6 orqan tərəfindən təşkil edilir. Foruma Baş Katib (Yanq Tae Kim – Koreya Respublikası) rəhbərlik edir. Forumun mənzil-qərargahı Parisdə yerləşir.

Azərbaycan Respublikası təşkilatda 1995-ci ildən 1998-ci ilə kimi müşahidəçi, 1998-ci ilin 9 aprel tarixindən isə tamhüquqlu üzv statusuna malikdir. Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 2015-ci ilin 26 may tarixində Almaniyanın Leypsiq şəhərində keçirilmiş Nəqliyyat Nazirlərinin növbəti Sammitində Foruma üzv ölkələrin beynəlxalq avtomobil daşımaları ilə məşğul olan müəssisə və ya fərdi sahibkarlarına münasibətdə vahid tələblər tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyası barədə sənəd qəbul edilmişdir. Keyfiyyət Xartiyası beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinin sürücülərinin, eyni zamanda hüquqi və ya fiziki şəxslərin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, həmçinin vahid tələblərin pozulmasına görə nəzarət və inzibati cərimələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycanın sözügedən Xartiyaya qoşulması ilə bağlı dövlətdaxili proseduralar həyata keçirilir. Azərbaycan nümayəndə heyəti 31 may - 2 iyun 2017-ci il tarixində Almaniyanın Leypsiq şəhərində keçirilən 10-cu Beynəlxalq Nəqliyyat Forumu Sammitində iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti Sammitin müxtəlif mövzularda keçirilən seminarlarında, nazirlər toplantılarında və plenar iclasda iştirak etmişdir. Ölkəmizdə sahə ilə bağlı həyata keçirilən dövlət siyasəti, nəqliyyat infrastrukturunun inkişafı, həyata keçirilən və perspektiv layihələr, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı barədə məlumat verilmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatı - Azərbaycan Respublikası 1992-ci ilin 28 noyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul olunub. Təşkilata Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan da üzvdür. İƏT-in Baş qərargahı Tehranda yerləşir, hazırkı Baş katibi isə İbrahim Akçadır (Türkiyə).

Əməkdaşlıqdan zirvəyə doğru

İƏT-in əsas məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir. Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir. İƏT çərçivəsində nəqliyyat və İKT sahələrində işçi qrupları mövcuddur. İƏT-in İKT üzrə ikinci Nazirlər Toplantısının 2017-ci ilin 5 dekabr tarixində Bakı şəhərində keçirilib. İclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda işçi qruplarının iclaslarında müzakirə olunan məsələlərin yekunu olaraq tövsiyə sənədi kimi Bakı Bəyannaməsinin qəbul olunması müzakirə edilib. Qeyd edilib ki, müzakirələr üzv ölkələrdə İKT-nin inkişafına təkan verəcək.

Nəqliyyat üzrə işçi qrup çərçivəsində əməkdaşlıq

İqtisadi Əməkdaşlıq Təşkilatının prioritet istiqamətlərindən biri 1998-ci il 9 may tarixində Almatı şəhərində keçirilmiş İƏT-in 5-ci Sammitində imzalanmış Tranzit Nəqliyyatı Çərçivə Sazişinin həyata keçirilməsidir. İƏT üzvü olan 10 ölkədən 9-u artıq bu Sazişə qoşulub. Saziş 2006-cı il 19 may tarixindən qüvvəyə minib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 04 dekabr tarixli № 559-İQ nömrəli Qanunu ilə bu Saziş təsdiq edilib. Azərbaycan Respublikası Tranzit Nəqliyyatı Çərçivə Sazişi üzrə əlaqələndirici təyin edilib. Tranzit nəqliyyatı məsələlərinin monitorinqinin və koordinasiyasının həyata keçirilməsi üzrə Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyətinin daha da artırılması məqsədi ilə Hüquq, Sığorta, Dəmir yolu, Avtoyol və Tranzit ticarəti üzrə alt komitələr yaradılıb. İƏT regionun nəqliyyat və kommunikasiya sisteminin və əsas nəqliyyat dəhlizləri olan “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsinin iştirakçısıdır. Layihə üzrə Yüksəksəviyyəli İşçi qrupunun ilk iclası 22 may 2013-cü il tarixində Bakı şəhərində keçirilib. Layihənin reallaşdırılması region dövlətləri üçün daha yeni imkanlar, o cümlədən regionda ümumi dəmir yolu şəbəkəsinin yaradılmasına, dəmiryol xətlərinin modernləşdirilməsinə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və İƏT dəmir yolu şəbəkəsinin Avropa və Yaxın Şərq dəmir yolu şəbəkəsinə birləşdirilməsinə imkan yaradacaqdır. Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə iştirakçı dövlətlər arasında Yüksəksəviyyəli İşçi Qrupun yaradılması qərara alınıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyanın ikinci ən nəhəng beynəlxalq təşkilatıdır və 4 qitəni təmsil edən 57 üzvü vardır. İƏT 1969-cu ildə təsis edilmiş və əsas məqsədi İslam dünyasının maraqlarını müdafiə etmək, iqtisadi inkişaf və sülhü təşviq etməkdən ibarətdir. Baş qərargahı Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində yerləşir. Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İƏT-ə üzv seçilib. İƏT-ə üzv dövlətlərlə Elm və Texnologiyalar üzrə Komitə (COMSTECH) və İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) çərçivəsində əməkdaşlıq edilir.

COMSTECH və COMCEC çərçivəsində əməkdaşlıq

26-26 noyabr 2011-ci ildə Elm və Texnologiyalar üzrə Komitənin (COMSTECH) 29-cu iclası Bakı şəhərində keçirilib. 19-22 dekabr 2016-cı il tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş İslam ölkələri informasiya nazirlərinin 11-ci toplantısında nazir müavini iştirak edib. İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) çərçivəsində İƏT-ə üzv dövlətlərlə əməkdaşlıq əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bununla belə COMCEC daxilində nəqliyyat-kommunikasiya alt-qrupu mövcuddur və alt-qrupun fəaliyyətində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) də iştirak edir. Sessiyanın gündəliyinə İƏT ölkələrində transmilli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məsələsi daxil edilib. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (International Road Transport Union, IRU) 1948-ci il 23 mart tarixində Cenevrədə yaradılıb. İttifaq milli assosiasiyalar şəbəkəsinə malikdir. Hazırda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının 72 dövlətdən olan 180 üzvü var. Bütün milli avtonəqliyyat assosiasiyaları İttifaqın həqiqi üzvləridir. Ölkəmizdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyası (ABADA) 1993-cü ildə yaradılıb, IRU-nun həqiqi üzvüdür. IRU-nun mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşir, Prezidenti isə Kristian Labrotdur.

Avtomobil nəqliyyatı ilə sıx əlaqədə olan sahələr, o cümlədən, avtomobil, yanacaq, şin və informasiya sistemləri istehsalçıları isə İttifaqın assosiativ üzvləridir. İttifaqın rəhbər orqanı – Direktorlar Şurası, İcraedici orqanları – Rəyasət heyəti və Baş katiblikdir.

Qarşıda duran vəzifələr

Avtomobil daşıyıcılarının və ümumilikdə avtomobil nəqliyyatı iqtisadiyyatının maraqlarına uyğun olaraq beynəlxalq avtomobil nəqliyyatının inkişafına yardım etmək;

Peşəkar nəqliyyatçıların maraqlarının qorunması və onların əməyinin yüngülləşdirilməsi;

Birbaşa və ya dolayısı ilə avtomobil nəqliyyatı ilə bağlı problemlərin öyrənilməsi və həlli istiqamətində iş aparılması; Yol hərəkətinə, gömrük rəsmiləşdirilməsinə, daşıma müqavilələrinə, yol hərəkəti təhlükəsizliyinə aid olan reqlamentləşdirmələrin unifikasiyası və sadələşdirilməsi məsələlərinin işlənib hazırlanması. İttifaq BMT-nin mandatına uyğun olaraq TIR gömrük tranzit sisteminin fəaliyyət göstərməsini təmin edir.

TIR (Transport International Routers fransız termininin abreviaturasıdır) sistemi 4 əsas prinsip üzərində qurulub:

Yüklər gömrük tərəfindən plomblanmış təhlükəsiz nəqliyyat vasitələrində və ya konteynerlərdə daşınır; Yol boyu “risk”ə görə bütün rüsum və vergilər beynəlxalq zəmanət hesabına ödənilir; Yüklər beynəlxalq miqyasda qəbul edilmiş, göndərilən ölkədəki səlahiyyətli assosiasiyadan (Azərbaycan Respublikasında – “ABADA”) alınan və göndərmə, tranzit və təyinat dövlətlərində tanınan “karnet”lə müşayiət olunur; Göndərilən ölkədəki gömrük nəzarəti tədbirləri tranzit və təyinat ölkələrində məqbul hesab edilir. TIR sistemi hələ 1949-cu ildə yaradılıb. TIR Konvensiyası 1978-ci ildə qüvvəyə minib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı ildə qoşulub.

IRU çərçivəsində Yeni Avropa-Asiya Yerüstü Nəqliyyat Təşəbbüsü (NELTI)

Layihə tarixi İpək Yolunun bərpa olunması və Avropa-Asiya nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətində IRU tərəfindən həyata keçirilən tədbirlərin növbəti mərhələsidir. Layihənin əsas məqsədi Çindən Qərbi və Mərkəzi Avropa ölkələrinə kommersiya məqsədli avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Layihənin rəsmi başlanğıcı 2008-ci il 16 sentyabr tarixində Daşkənd (Özbəkistan) şəhərində olub. Layihə – Şərqdən Çin, Qazaxıstan, Qırğızıstan, Qərbdən Hollandiya və Belçikaya kimi, Şimaldan Baltikyanı dövlətlər, Cənubdan İran və Türkiyəyə kimi 24 ölkənin ərazisini əhatə edir. Layihə üzrə yüklərin üç marşrut üzrə daşınması nəzərdə tutulur: Şimal, Mərkəz və Cənub marşrutları. Ölkəmizin ərazisindən keçən Mərkəzi marşrutun uzunluğu təxminən 5100 km-dir. Bu marşrut üzrə Mərkəzi Çindən başlayaraq Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstandan keçməklə Avropa Birliyinə avtomobillərin yığılması üçün hissələrin və pambığın daşınması nəzərdə tutulur. Çatdırılma müddəti 14-18 gün təşkil edir. 2009-cu il 11 iyun tarixində Almatı şəhərində keçirilən 5-ci Avropa-Asiya konfransında NELTI layihəsinin pilot fazasının nəticələri təhlil olunarkən istər təşkilatçılar, istərsə də iştirakçılar tərəfindən layihənin yüksək effektivliyi qeyd olunub və 2009-cu ilin iyul ayından ikinci fazaya start verilməsi barədə qərar qəbul edilib. Bundan əlavə Şimal və Mərkəzi marşrutun bir neçə variantı müəyyən edilib (Qazaxıstan – Rusiya – Belarus – Avropa Birliyi, Qazaxıstan- Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa Birliyi). Cənub marşrutuna isə Əfqanıstan da əlavə olunub. NELTI layihəsinin Mərkəzi marşrutunun reallaşdırılması GUAM dövlətləri başçılarının 2008-ci il 1 iyul tarixində Batumi şəhərində keçirilmiş Sammitində dəstəklənib. 2010-cu il 18-19 mart tarixlərində Bakıda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının NELTI layihəsi çərçivəsində yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.

Tədbirdə IRU tərəfindən Əfqanıstandakı sülhməramlı qüvvələrin kontingenti üçün Avropadan daşınacaq qeyri-hərbi və humanitar mənşəli yüklərin NELTI layihəsinin Azərbaycan Respublikası ərazisindən keçən Mərkəzi marşrutu üzrə daşınması ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Tədbirlə yanaşı, Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Asiya, Avropa və əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə anlaşma memorandumu imzalanıb.

İşçi Qrupun toplantısının işində IRU, ATƏT, GUAM, TRACEKA, BMT AİK-in və digər beynəlxalq qurumların nümayəndələri də iştirak edib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı - Azərbaycan Respublikası 1992-ci ilin 25 iyun tarixindən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. QDİƏT-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələlərə dair iki işçi qrup – İKT və elm və texnologiya üzrə işçi qrupları fəaliyyət göstərir. Hər iki işçi qrup 1994-cü ildə yaradılıb.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA