AXCP-ReAl QALMAQALI dərinləşir: “Faktları ortaya qoysunlar, siyasətdən gedək!”

AXCP-ReAl QALMAQALI dərinləşir: “Faktları ortaya qoysunlar, siyasətdən gedək!”

Respublikaçı Alternativ (ReAl) və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri arasında gərginlik artmaqda davam edir. Bu dəfə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün sosial şəbəkə hesabında müzakirələrə səbəb olacaq fikirlər paylaşıb. O, ReAl üzvlərinin Brüssel səfərini Azərbaycan hakimiyyətinin təşkil etməsi barədə iddialar səsləndirib:

“Siyasi mədəniyyət tələb edir ki, ReAL rəhbərliyi Avropa İttifaqının mətbuat katibi Adam Kaznovskinin "Aİ ReAl nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib" sözlərindən sonra, çıxıb Brüsselə səfərlərini hakimiyyətin təşkil etdiyini etiraf etsin. ReAl rəhbərliyi ən azı təşkilatın üzvlərinə, Facebook-da onların yazılarını bəyənən sadə insanlara niyə onları aldatdıqlarını, nəyin xatirinə belə bir çirkin işə getdiklərini mütləq açıqlamalıdırlar. İnsanların inamı ilə belə oynamaq etik deyil”.


ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli isə söyləyib ki, Fuad Qəhrəmanlının məsələdən ümumiyyətlə xəbəri yoxdur:

“Azərbaycanda çox siyasətçilər Avropa Birliyi, Avropa Parlementi, Avropa Şurası, ATƏT nədir – bunları bilmirlər. Hamsı elə bilir ki, Avropa dedikdə bütün bu strukturlar eyni məkandan idarə olunur. Elə deyil, sadaladıqlarım fərqli strukturlardır. Biz isə heç vaxt deməmişik ki, Azərbaycandan Brüsselə səfərimizi Avropa Birliyinin Azərbaycan səfirliyi təşkil edib. Həmişə demişik ki, onlar sadəcə texniki dəstəyi göstəriblər. Doğrudan da, onların texniki dəstəyi çox vacib oldu. Bunu özümüz qeyd elədiyimiz halda, Avropa İttifaqının nümayəndəsi də əslində bunu təsdiq etmiş olur. Sponsorluğu da, dəvəti də Avropada yerləşən nüfuzlu “beyin mərkəzləri” edib. Bunu təsdiq etdiyimiz halda, bizə qarşı kampaniyaya, qarayaxmaya başlayıblar. Həmin siyasətçilər köhnə təfəkkürlü olduqları üçün belə məqamları anlamırlar”.

Cəfərlinin fikrincə, ReAl-ın Brüsseldə çıxışını hökumətin təşkil etdiyini iddia etmək tamamilə absurddur:

“Hökumətin zatən Avropa Birliyi ilə ayrıca danışıq platforması var, danışıqlar da tamamilə gizli aparılır. Məntiqlə hökumətin buna ehtiyacı yoxdur. Hökumət istəməz ki, danışıqların içərisi haqqında kənardan məlumat əldə edilsin. Mən təəssüf edirəm ki, AXCP nümayəndələri rəqib kimi ReAl-ı görüblər və belə qarayaxmalarla məşğuldurlar. Əslində bunları səsləndirən tərəf sübutla məhkumdur, sübutla mükəlləfdir. Onlar sübut göstərə bilmirlərsə, belə boşboğazlıq etməməlidirlər. Ona qalsa, mən də iddia edə bilərəm ki, Fuad Qəhrəmanlı hökumətlə anlaşıb, həbsdən çıxıb, indi də hökumətin sifarişini yerinə yetirir. Bunu heç vaxt demərəm, çünki nə sübutum yoxdur, nə də mədəniyyətim imkan verir. Amma belə boş-boş sözləri deməyə o insanların “mədəniyyəti” çatır”.

Politoloq Zərdüşt Əlizadənin bir neçə gün öncə səsləndirdiyi “ReAl rəhbərlərinə demişəm ki, AXCP nümayəndələrinə fikir verməyin” sözlərini xatırlayan N. Cəfərli deyib ki, bu məsləhətlərə qulaq asmağa çalışırlar:

“Amma AXCP təmsilçiləri və digər şəxslər hərdən elə ittihamlar səsləndirirlər ki, öz çevrəmizdən də suallar yaranmasın deyə, ittihamlara cavab vermək məcburiyyətində qalırıq. Əslində bu ittiham da deyil, qarayaxmadır, qeybətdir. Siyasətçi qeybət etməməlidir, faktlarla danışmalıdır. Əgər Fuad Qəhrəmanlının da bu məsələ ilə əlaqədar faktı varsa, ortaya qoysun, sübut etsin. Biz də siyasətdən gedək, istefa verək! Yox əgər bunu sübut edə bilmirsə, deməli, Fuad Qəhrəmanlı ilə onun kimi düşünən Xalq Cəbhəsi üzvləri istefa verməlidirlər. Abırlarına kor olub, birdəfəlik siyasəti tərk etməlidirlər”./modern.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA