“Axillesin dabanı” Teatr Xadimləri İttifaqında gizlənib - Hər daşın altından Azərpaşa Nemətov çıxır

“Axillesin dabanı” Teatr Xadimləri İttifaqında gizlənib - Hər daşın altından Azərpaşa Nemətov çıxır

1980-ci illərin ortalarında dövlət müəssisələri özünü maliyyələşdirmə proseslərinə cəlb olunan zaman Şamil Ağayev işgüzar bir şəxs kimi milli teatrımıızn inkişafı üçün “Teatr Xadimləri İttifaqı”na (TXİ) müraciət etmiş və qurumun sədri, xalq artisti, görkəmli opera sənətçisi Lütfiyar İmanov bu təşəbbüsünü alqışlamışdır. Beləliklə TXİ-nin nəzdində “TeaFond” (Teatr Fondu) İstehsalat Kommersiya Müəssisəsi (İKM) yaradıldı. Şamil Ağayev “TeaFond” İKM-nin gəlirlərinin 35 faizni TXİ-yə ödəməklə əslində ölkə boyunca teatrların maddi rifahına dəstək verirdi. “TeaFond” İKM-nin işgüzarlığı sayəsində postsovet məkanında yeganə müəssisə idi ki, ölkə teatrlarına dövlət dəstəyi olmadan böyük imkanlar yaradırdı. Sosial mənşəyi xəbisliklə dolu olanlar TXİ-nin rəhbərliyinə dürtülməklə “TeaFond” İKM-ni istismar etmək, onun əmlakına sahib çıxmaq üçün bir sıra dolanbac oyunları sərgiləməklə yanaşı, həm də bu qurumu iflic etmək taktikasını irəli sürdülər. Ona görə də bu gün TXİ və ölkə teatrları bərbad vəziyyətdirlər. O zaman sual yaranır ki, bu xoşniyyətli məramlara zərbəni kimlər və necə vurublar?

Hər daşın altından Azərpaşa Nemətov çıxır

Şamil Ağayevin əlindəki sənədlərə baxdıqca adamı dəhşət götürür. Bu işgüzar və alovlu vətənpərvər insan Azərbaycan mədəniyyətinin və xüsusilə də teatrının inkişafı üçün gecə-gündüz bilmədən çalışıb. İstehsalat Kommersiya Müəssisəsinin əldə etdiyi gəlirin 35 faizini Teatr Xadimləri İttifaqının rifahına dəstək olmaqla yanaşı, dövlətə vergilərini də vaxtlı-vaxtında ödəmişdir. TXİ-nin rəhbərliyində yuva salmış bəzi bürokratlar mümkün qədər “TeaFond” İKM-ni öz inhisarlarına keçirmək, ya da onu tamamilə əlil-zəlil günə qoymaq hədəflərini sərgiləyiblər. Ona görə də “TeaFond” İKM 1993-cü il 25 noyabr tarixində Ədliyyə nazirinin təsdiq etdiyi 4648 sayı şəhadətnamə ilə bu qurumun rəsmi statusunu bir daha ortaya qoydu. TXİ-nin idarə heyətinin sədri və əslində “boz kardinalı” statusu ilə tanınan Azərpaşa Nemətov 1996-cı ildə Bakı şəhər “Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi”nin rəisi Arif Qaraşovla əlbir olaraq, saxtakarlıq etməklə “seriya OYM №000588” saylı qeydiyyat vəsiqəsi əsasında 21 iyul 1988-ci ilin tarixi ilə TXİ-nin adına mülkiyyət sənədini verib. Elə bütün mərəkə bundan sonra başlanıb. Peşəkar hüquqşünasların və əmlak məsələləri üzrə mütəxəssislərin də qeyd etdiyi kimi, həmin sənədlərin TXİ-nin adına qeyd olunmasında cinayət işi vardır:
1. Qeyri yaşayış sahələri və mülklərə “Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi”nin tapu (kupça) vermək hüququ yox idi.
2. Hər hansı bir özəlləşdirilən obyektə görə dövlətə vəsait (rüsum) ödənilməlidir. TXİ-nin “Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi”nin hesabına bir qəpik də olsun ödəməmişdir.
3. Dövlət Əmlak Komitəsindən şəhadətnamə tələb olunur. Halbuki, TXİ-nin balansında heç bir zaman Bakı şəhəri, Nizami küçəsi-96 ünvanındakı əmlak olmayıbdır.
Beləliklə də Arif Qaraşov və TXİ-nin idarə heyətinin sədri Azərpaşa Nemətov “TeaFond” İKM-nə məxsus əmlaka qarşı saxtakarlıq edərək onun balansındakı əmlakı qeyri qanuni yolla ələ keçirmək üçün saxta sənədlər düzəldiblər.
“TeaFond” İKM Nizami küçəsi 96 ünvanında yerləşən keçmiş “Un məhsulları emalı zavodu”nu 320 min manat ödəməklə Taxıl Məhsulları Nazirliyinin balansından çıxararaq öz balansına keçiribdir. Bu barədə müvafiq sənədlər və bank ödəmələri vardır.

Şəhərin mərkəzində 67 sot ərazinin işğalı

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov “Bastiliya Qalası”nın alınmasında olduğu kimi, bütün imkanlarını səfərbər edərək, “TeaFond” İKM-nin əmlakına sahib çıxmaq üçün minbir rəzaləti gündəmə gətirməkdən heç bir zaman yorulmadı. Adama deyərlər ki, özünü ölkənin birinci rejissoru hesab edirsənsə, əməlli başlı tamaşalar hazırla. Leninqrad, Bakı və digər yerlərdə onun indiyə kimi hazırladığı tamaşalar hər zaman məzmunsuz və keyfiyyətsiz əsərlər kimi qəbul olunub. Buna görə də Azərpaşa Nemətov teatr aləminin Ədil İsgəndərovuna, Mehdi Məmmədovuna, Tofiq Kazımovuna çevrilə bilmədi. Hələ ortabab rejissorlarımızı demirəm. Heç onların səviyyəsində hər hansı bir tamaşanın müəllifinə çevrilə bilməyib. Onun “TeaFond” İKM-nin başında “corab hörmək” tamaşası uğursuz alınıb. Nizami küçəsi 96 ünvandakı ərazi 1704.1 kv. m-lik bir məkandır. Hökumət Evinin yaxınlığında yerləşən bu ərazinin 2143.1 kv.m-i yardımçı sahə, 3847.2 kv. m-i ümumi sahəyə aiddir. Bundan əlavə ərazidə “TeaFond” İKM-nə məxsus çoxsaylı müəssisələr fəaliyyət göstərirdi.
2002-ci il. TXİ sədri Azərpaşa Nemətov 69 sot ərazisi olan “obyekti” ələ keçirmək üçün 12 dekabr tarixində Nizami küçəsi 69 ünvanındakı məkanı əlindəki saxta sənədlər əsasında “Muradlı” şirkətinə hədiyyə etdi. Heç bir ödəmə olmadan balansdan balansa keçirmə əməliyyatında dövlət rüsumu ortada yoxdur. Bütün bu saxtakarlıq əməliyyatı çərçivəsində həmin ərazidə bir çox qanunsuz satış biznesini davam etdiribdir. Azərpaşa Nemətovun xüsusi himayəsi sayəsində TXİ-nin katibi vəzifəsinə gətirilən, teatr aləminə heç bir aidiyyatı olmayan hüquqşünas İlqar Kamil oğlu Hüseynov 30 avqust 2000-ci ildə həmin ərazidə 114.8 kv m. sahəni 41 saylı notarial kontorla alqı-satqı vasitəsilə ələ keçiribdir. 25 fevral 2001-ci ildə İlqar Hüseynov bu ərazini dərhal yaxın qohumu Ceyhun Qurban oğlu Hüseynova satıbdır. Arif Qaraşov isə həmin ərazi üçün yenidən saxtakarlıq edərək “tapu” (kupça) verib. Arif Qaraşov bu saxtakarlığı gizlətmək üçün 2 aprel 2002-ci ildə “Azərbaycan Hüquqşünaslar Assosiasiyası”na belə bir məzmunda cavab göndərib: “Teatr Xadimləri İttifaqı ilə Muradlı şirkəti arasında bağlanmış və 3 saylı dövlət notariat kontoru tərəfindən 09.12.1999-cu il 3 M-730 saylı reystrlə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsi əsasında “B” tikintisinin 1-ci mərtəbəsindəki 223.6 kv.m. əsas sahə və 6.0 kv.m. köməkçi sahə İlqar Kamil oğlu Hüseynovun mülkiyyətinə keçmişdir” (sənədin nömrəsi: 30/2442 №833-2).

İşğaldan sonrakı yağmalama əməliyyatı

“TeaFond” İKM-nin qanuni mülkiyyəti olan və Nizami küçəsi 69 ünvanında yerləşən məkanda işlək mülkiyyət demək olar ki, Azərpaşa Nemətov və onun gizli biznes şərikləri tərəfindən oğurlanmış və talan edilmiş əmlak əsasən bunlardan ibarətdir:
1 ədəd avtobus (dəyəri 10 min dollar), Qaz-31 markalı avtomobil (dövlət nişanı 65-25 AQA), avtomobil danqradı (2 ədəd), tornaçı dəzgah (DİP-300, 2 ədəd, 24 min dollar), yivaçan dəzgah (1 ədəd, 15 min dollar), boyaqçı emalatxanası (50 min dollar), ofis mebeli (2 min dollar), havalandırma dəzgahı (kompressor, 2 ədəd, 3 min dollar), qaynaq aparatı (elektrik, Bolqarıstan istehsalı, 4 ədəd, 6 min dollar), ətçəkən maşını (3 fazalı, 2 min dollar), çörək bişirən aparatlar (12 ədəd, toplam dəyəri 60 min dollar), 20 kub döşəmə taxtası (4 min dollar), metal konstruksiya (20 ədəd, hər biri 5 ton çəkisində, ferma toxunma, 60 min dollar), avtokar (Bolqarıstan istehsalı, 2 ədəd, 26 min dollar), sony televizor (7 ədəd, 8400 dollar) və digər əmlakların qanuni sahibi Şamil Ağayevin olduğu halda, bütün bunlar Azərpaşa Nemətov və şərikləri tərəfindən talan edilib.

Teatr Xadimləri İttifaqı daha nələri “itirib”

“TeaFond” İKM-nin təşəbbüsü ilə bir vaxtlar Azərbaycan Respublikasının bütün teatrları və bu sahədə çalışan aktyorlar, rejissorlar, dramaturqlar, rəssamlar, bəstəkarlar, qrim ustaları, işıqçılar, butafor ustaları və digər sənət adamlarının (yaradıcı və texniki sahə üzrə) sağlamlığının keşiyində durmaqla, dövlətdən yardım almadan onlar üçün Bakı şəhəri, Yasamal rayonunun “Qanlı Göl” ərazisində Bakı şəhər icra hakimiyyətinin razılığı əsasında 3/134 saylı sərəncama əsasən sanatoriya inşa ediləcəkdi. Bütün teatrlarda çalışanlar burada pulsuz olaraq müalicə olunacaqdılar. Bakı şəhər Memarlıq İdarəsi tərəfindən “TeaFond” İKM-nin sifarişi ilə xüsusi layihə hazırlanmış və 7209 saylı texniki pasport da əldə olunmuşdu. Bir hektarlıq bu ərazinin taleyindən bu gün kimsənin xəbəri yoxdur. Azərpaşa Nemətovdan savayı.
Keçmiş “Qarabağ” mehmanxanasının yaxınlığında, indiki Ceyhun Hacıbəyli küçəsində “TüaFond” İKM-nin balansında olan 500 kv.m-lik emalatxananın da taleyi bəlirsizdir. Halbuki, burada ölkənin bütün teatrları üçün dekorasiyalar, taxtaların kəsilməsi və digər işlər görülürdü. Həmin ərazi qanunsuz olaraq özəlləşdirilərək satılıbdır. Emalatxananın taleyinin necə olması sirri təkcə Azərpaşa Nemətova bəllidir. “TeaFond” İKM-nin təşəbbüsü ilə yaradılmış “şampun və parfümeriya” sexi də tamamilə dağıdılıb. Halbuki, həmin sex bütün teatrları parfümer malları ilə təchiz edəcəkdi.
“TeaFond” İKM Bakı şəhər icra hakimiyyəti ilə razılığa gələrək Hövsan qəsəbəsində 3 hektar həcmində ərazidə teatr xadimləri üçün istirahət mərkəzi tikəcəkdi. Bunun üçün Bakı şəhər icra hakimiyyətinin 3/107 saylı sərəncamı var. Tikinti işləri aparmaq üçün pasport da almışdı. “Qanlı Göl” ətrafında teatrların maddi texniki bazasının güclü olması üçün “Bədii İstehsalat Kombinatı”nın yaradılması haqqında Bakı şəhər icra hakimiyyəti 3/134 saylı sərəncam imzalamışdı. Bunun üçün bir hektar ərazi ayrılmışdı. 7209 saylı tikinti pasportu verilmişdi. Bu üç müəssisə üçün ayrıca mühəndis texniki kommunikasiya layihəsi də hazır idi. Bununla yanaşı, Şamil Ağayev “TeaFond” İKM-nin rəhbəri kimi Bakıdakı layihə institutları ilə müqavilələr imzalamışdı.
Azərbaycan Milli Teatrının rifahı üçün dövlətdən bir qəpik də almadan, ölkəmizin mədəniyyət sahəsində apardığı siyasi kursa dəstək olmaq üçün bütün bunlar zamanla “TeaFond” İKM tərəfindən yaradılmışdı. Görüləcək çox işlər və layihələr var idi. Min dəfələrlə təəssüflər olsun ki, Azərpaşa Nemətovun səriştəsizliyi ucbatından bütün bunlar tamamilə havaya uçurulubdur. Ölkə prezidenti İlham Əliyev çox haqlı olaraq məmur özbaşınalığı haqqında sərt mövqe tutur. İctimaiyyətin haqlı narazılığına səbəb olan bir sıra iriçəkili məmurlar elə buna görə tutduqları vəzifələrindən uzaqlaşdırılıblar. Biz də həmin məmur özbaşınalıqlarının digər hallarını göstərməyə çalışırıq. Əldə etdiyimiz son məlumata görə, Azərpaşa Nemətov dolayı yolla, yəni qapalı şəkildə, elə bil öz halal malı kimi, “Teatr Xadimləri İttifaqı”nın qurultayını keçirərək ömürlük bu quruma rəhbər olmaq qərarına gəlibdir. Əməlində bu qədər qanunsuzluqlar olan birisini görəsən Azərbaycan Teatrının bu günü və gələcəyi haqqında düşünən sənət adamları necə yanaşacaqlar? Axillesin dabanı deyəsən “Aktyorlar Evi”ndə gizlənib.

Ənvər BÖRÜSOY, sənətşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz