AXİRƏT VARMI?

AXİRƏT VARMI?

Sərdar CƏLALOĞLU

Çox hörmət bəslədiyim Flora xanımın kult.az saytına verdiyi və bir çox saytlarda tirajlanmış müsahibəsini oxuduqdan sonra bu kiçik məqaləni yazmaq qərarına gəldim. Flora xanım müsahibəsində demişdir: “Axirət yoxdur. Axirət olmadıqda isə cəhənnəm də olmur, cəza da. Birinci göndərilən müqəddəs kitabda cənnətin də, cəhənnəmin də məhz bu dünyada olduğu göstərilir; axirət haqqında isə qeydlər yoxdur. Yeni Roma Papasının bu yaxınlarda ajiotaj yaradan çıxışı bütün dünyanı silkələdi. O bildirdi ki, cəhənnəm ümumiyyətlə mövcud deyil. Ümidsiz cəmiyyətimizdə həyat o dərəcədə gərgin tempdə keçir ki, insan başına gələnləri lazımsız və bəsit inanclara bağlayır. Cənnət- cəhənnəm anlayışı insanın yaşadığı qəddarlıqdan qurtulması üçün şüurunun yaratdığı məhsuludur. Cəhənnəmlə qorxudub, cənnəti vəd etməklə, insan dünyanı dəyişməyə ehtiyac duyur, ümidsizlikdən özünü qurtarmağa cəhd edir. Ümid insanın ömrü boyu yol yoldaşı olur”.

Flora xanım həm də Allaha inandığını deyir. Bəs həqiqət nədən ibarətdir?

BU DÜNYA VƏ AXİRƏT

Qurani-Kərimdə Allahın varlığının beş bilinən  və beş bilinməyən sübutu bəyan edilmişdr. Bunların bilgilərini – beş bilnənin bilgisini  biz əqli yolla - təcrübədən - dünyəvi elmlərlə, beş bilinməyən haqqında bilgini nəqli yolla - səmavi kitablardan - ilahi elmlər vasitəsilə öyrənirik. Əqli yolla öyrəndiyimiz bilgilər nəqli yolla bizə verilən bilgilərin sübutlarını təşkil edir. Buradan aydın olur ki, Allahın varlığının sübutu Allahla insanın birgə işindən ibarətdir, hansı ki, Qurani-Kərimdə hidayət -istiqamtləndirmə adlanır. Burada Allah-təla - istiqamət verən, insan- həmin istiqamətdə verilən ilahi əmrləri icra edəndir. Bu cür ilahi əmrlərin icrası məcmui şəkildə doğru yol - siratəl müstəqim adlanır. Bu dünya - bilinənlərdən, axirət - bilinməyənlərdən təşkil olunmuşdur. İnsan- bilinən, Allah -bilinməyəndir. Buradan sübut olunur ki, bu dünya - axirətin, insan - Allahın varlığının sübutu, dəlili kimi mövcuddur. Buna görə, Quranda Allah-təla insanı Özünün “bir ayə”si kimi təyin etmişdir. Buradan aşağıdakı əqli nəticələr alınır:

Birincisi, Qurani-Kərimdə özünü  insanlara “tək və cütün sahibi” kimi tanıdır. Allah-təlanın - Yaradanın varlığı təkdir, yaradılanların varlığı çoxdur və Allahdan başqa tək heç nə yoxdur. Buna görə də, bu dünya tək və yeganə aləm ola bilməz. Beləliklə, məntiqlə dünya (aləm) cüt olmalıdır. Əgər bu dünyanı tək bir aləm kimi təsəvvür etsək, onda, bu dünyanı Allaha şərik qoşmuş oluruq. Buna görə, Allah-təla Qurani-Kərimdə “aləmləri yaradan” adlandırılır, nəinki “aləm yaradan”.

İkincisi, əqli yolla əldə edilən bilgilər ilahi bilgilər üçün sübut rolu oynadığından, onda məntiqlə sübut olunan olmalıdır ki, sübuta da zərurət olsun. Yəni Axirət olmalıdır ki, bu dünya onun sübutu kimi idrak olunsun.

Allahın təbitədən - yalnız bu dünyada dərki panteizm dini görüşləri meydana çıxarıb. Panteistlər də Axirət aləminə inanmadıqlarından və tək bir dünya olduğuna inandıqlarından, düşünürlər ki, əgər yalnız bir aləm varsa, onda Allah elə həmin aləmdədir. Buna görə, panteizmə görə, təbiət Allahdı.

İslam dini səmavi din kimi Allah-təlanın varlığının həm bu dünyada, həm də axirətdə olduğunu inkar edir. Allah-təla tək kimi özündə varlıqdır və yaratdığı iki aləm - bu dünya və axirət onun varlığının sübutlarıdır. Özü isə ərşdə - bizim idrakımız üçün qapalı olan Öz yerindədir. Ərş - eyni anda tək bir yer və hər yerdir. Buna görə, dərk olunması mümkünsüzdür. Çünki biz hər hansı bir şeyi eyni anda yalnız bir yerdən idrak edə bilərik.

Allah-təla Qurani-Kərimdə həqiqi inanan insanların - iman gətirənlərin bilinməyənlərdən Allahın varlığını təsdiq edənlər –görmədən inanlar olduğunu bəyan edir. Axirəti görmədiyimizə görə, onun varlığını inkar ediriksə, deməli, həqiqi inananlardan deyilik. Qurani-Kərimdə Allahın varlığını təsdiq, digər bilinməyənləri inkar edən inam birtərəfli (səthi), bundan fərqli olaraq, əsl inam - hərtərəfli (dərin) inam kimi təyin olunmuşdur. Yəni bu dünyaya baxıb “Allah vardır” demək - inanmaq, Axirətin varlığını düşünüb təsdiq etmək – iman gətirmək deməkdir. Buna görə də, Axirətə inanmayan kimsə Allaha iman gətirməmiş hesab olunur. İnamla imanın fərqi inamın dərəcələnməsini göstərir.

Subyektiv idealizmin banilərindən biri F.Şellinq deyir ki, sadə fəlsəfə ilə Allahın varlığını təsdiq etmək, dərin fəlsəfə ilə onun varlığını inkar etmək mümkün deyil. Bu dünya sadə idrak olunan, axirət dərin idrak tələb edən aləmdir. Ona görə, bəzi insanlar bu dünya bilgiləri əsasında Allahın varlığını asan inkar edə bilirlər. Buradan aydın olur ki, Qurani-Kərimdə Axirətə inam əslində bu dünya bilgiləri əsasında inamsızlığı aradan qaldırmaq üsulu kimi müəyyən edilib. Əks halda Axirət haqqında bilgilərin insanlara bəyan edilməsinin ciddi bir əsası olmazdı.

Fəlsəfi dərinlik - hissi idrak olunandan o tərəf, yəni təcrübədən kənar, aprior bilgilərin aşkarlandığı sahədir. Aprior olanlara həm də Axirət aləminin bilgiləri aiddir. Axirəti yalnız transendental şüurla dərk etmək olar. Bu şüur - idrakın sərhəddini keçə bilən şüurdur, hansı ki, idrak bu dünyanın hissi qavranması ilə sərhədlənmişdir. Bu sərhədi keçən insanlar  hissi qavramanın sərhədlərindən çıxmağı bacaran şəxslərdir.

Mən burda Flora xanımın fikirləri əsasında ümumiyyətlə əksər insanları düşündürən, onlarda İslam dininə, Allahın varlığına şübhə, tərəddüd və inamsızlıq yaradan məsələlərə qısa elmi-fəlsəfi izah vermək istəyirəm.

Axirət varmı? Bəzi insanlar idda edir ki, Axirət yoxdur! Bu ifadədə həm “Axirət”, həm də “yox” sözlərinin nə məna ifadə etdiyinə nəzər salaq.

1.“Axirət” sözü ərəb dilində “son”, “axırıncı”, “gələcək həyat”, “sonra baş verən”, “axırıncı gün” mənaları verir. İslam dini görüşündə axirət “o biri dünya” kimi təyin edilmişdir, hansı ki, fani və məhdud olan bu dünyanın əksinə, əbədi və sonsuz bir aləmdən ibarətdir. Axirət aləmi insan (və bütün insanlıq) öldükdən sonra başlayan əbədi aləm kimi təsəvvürə gəlir. Qurani-Kərimdən aydın olur ki, Axirət kiçik və böyük Qiyamət günündən sonra bu dünyanin yerində yaradılacaq bir aləmdir. Kiçik qiyamət - hər bir insanın ölümü, böyük qiyamət - bütün insanların və bu dünyanın məhv olmasından ibarətdir. İslam dinində Axirət bu dünyaya əks qoyulan  və bu dünyadakı əməllərə görə cavab verilməsi tələb ounan aləm kimi təbliğ edilir.

Müsəlmanların əvvəlki islam hümmətlərindən əsaslı fərqi ondan ibarətdir ki, bizim müqəddəs kitabımız – Qurani-Kərim  Tövrat, Zəbur və İncildən fərqli olaraq, bu dünyanı (dar-əl-fani) əbədi aləmə (dar əl-baqi) əks qoyur və axirət haqqında ətraflı, geniş, izahlı bilgilər bəyan edir.

2.“Yox” sözü “var” sözünün əksliyidir. Həqiqətin dərəcələnməsinə görə, hər bir həqiqətin mütləq və nisbi mənaları vardır. Ardıcıllıq məntiqinin əksiliklərdən dolayı sübut etmə üsuluna görə, “yox” sözünün nə məna ifadə etdiyini dolayısı ilə “var” sözünün mənasından dərk etmək olar. Mütləq “var” özündə şey kimi bizim idrakımızda hissi, demonstrativ və ya intuitiv üsulla  təsəvvür yarada bilən mütləq “nəsnə”dir. Buradan aydın olur ki, mütləq “yox” - idrakın heç bir üsulu ilə bizdə təsəvvür yaratmaq gücünə malik olmayan mütləq “nəsnə” ifadə edir. Bu cür dərkolunması mümkünsüzlük olan bilgilər sərt aqnostik bilgilər adlanır. Yəni belə bilgilər özündə olmaq imkanı var, amma bizim təsəvvürümüzdə olması mümkünsüzlükdür. Biz imkan və mümkünlük şərtlərinin vəhdətindən dərk etdiyimizdən, mümkünlüyü olmayan heç bir xalis imkanı dərk edə bilmədik. Bilinməyənlər tək bir imkan şərtlərindən ibarət olduğundan, onları dərketməmiz mümkünsüzlükdür. Bu isə onların bizim başa düşdüyümüz kimi nisbi varlığa manasibətdə nisbi yoxluğu - deməkdir. Xaliq olan Allah-təla varlığı yoxdan yaratdığını bəyan edir. Bu o deməkdir ki, bu dünyada varlıq müstəqil mövcud ola bilməz, o yoxluqdan ayrılmaqla - təzahür etməklə mövcud ola bilər. Buna görə, bizim bu dünya “yox”la “var”ın vəhdəti kimi mövcuddur. “Yox”u biz zahir, forma, xarici görüntü kimi, “var” ı batin, daxili görüntü və mahiyyət kimi dərk edirik. Quranda İlahi yaradılış haqqında bilgidən görünür ki, yardılışdan öncə varlıqla yoxluq vəhdət təşkil etməmişdir, yoxluq ayrılıqda özündə, varliq isə Allah-təlanın Nurunda olmuşdur. Özündə olan yoxluğu biz heçlik, puçluq, absurd, mənasızlıq kimi dərk edirik. Bu da varlıqla  vəhdətdə olan yoxluqdan fərqlənir. Varlıqla vəhdətdə olan yoxluq özündə varlığa istiqamət verən bilgi saxlayır. Bura forma, ölçü, görüntü – işığı qaytarmaq əlamətləri aiddir. Bu dünyanı təşkil edən varlıqla yoxluq  bir-birinin əksiliyindən təsəvvür olunan olur, hansı ki, bu dünyanın sonu zahirin batindən, formanı mahiyyətdən, xarici görüntünün daxili görüntüdən ayrılması ilə başa çatır və nəticədə xarici görüntü almış yoxluq və daxili görüntüyə malik varlıqdan ibarət iki aləm - Cənnət və Çəhənnəm yaranır.

Bu dünyada hər şey məkan və zaman şərtində mövcud olduğundan, bu şərtlərdən hər hansı birinin istinasından nisbi yoxluq təsəvvürə gəlir. Bura aşağıdakı nisbi yoxluqlar aiddir:

Zamanda yoxluq. Biz “burda” və “indi” prinsipi ilə idrak etdiyimizdən, “indi”də olmayan hər şey - keçmişdə və gələcəkdə olanlar, bizim indimizdə nisbi yoxluq kimi idrak olunur. Keçmişdə olanlar iz qoyduğundan, onların izindən onlar haqqında bilgiləri yenidən yada sala bilirik ki, bu cür yoxluğu var olan yoxluq, yəni nisbi yoxluq  kimi qavrayırıq. Amma gələcək hələ gəlmədiyindən, buna görə də təcrübə edilmədiyindən   və heç bir izi - nişanı, dəlili olmadığından biz bu cür “yox”u - var olmayan yoxluq kimi qavrayırıq və çox vaxt yanlış olaraq bunu mütləq yoxluqla - absurdla eyniləşdiririk.

Məkanda yoxluq. “Burda” prinsipinə görə varlığı idrak etdiyimizdən “burda olmayan” hər bir şeyi biz yox kimi dərk edirik. Buradan da burda yox olan başqa yerdə var olan olur ki, bu da nisbi yoxluqdan ibarətdir.

Zamanda və məkanda yoxluq. Bu cür yoxluq mücərrədliklərin -məkan və zamanla şərtlənməmiş varlıq kimi yoxluqdur. Bura ruh, bilik, söz, dəyər və s. mücərrəd varlıqlar aiddir. Mücərrədlikləri məkan və zaman şərtinə görə idrak etmək  mümkünsüzlükdür. Biz bunu idrakin çətinliyi ilə bağlı yoxluq (aqnostika) kimi dərk edə bilərik. Beş bilinməyən, o cümlədən Axirət haqqında bilgi idrak edilməsi çətinlik yaradan varlıqlar haqqında bilgilərdəndir. Bu cür yoxluq varlığın yox, idrak prosesinin yoxsulluğunu göstərir. Buradan, subyektiv idealizm meyadana çıxıb. Subyektiv idealizmə görə, əslində bu dünya bizim təsəvvürlərimizdə mövcuddur. Buna görə də, biz varıqsa, dünya da var, biz yoxuqsa, dünya da yoxdur. Bunu belə də demək olar, o şeyi ki, mən dərk edirəm, o şey vardır. O şeyi ki, dərk etmirəm və ya edə bilmirəm, o şey mənim üçün yoxdur. Biz bunu dərketmənin yoxluğu kimi təyin edirik. Çünki idrak dərəcələndiyindən hətta hər hansı bir real və gerçək varlıq hamı tərəfindən dərk oluna bilməz. Onda belə alınır ki, bir adam üçün var olan, digər adam üçün yoxdur. Bu da ictimai şüurun, o cümlədən elmin yaranmasına imkan vermir. Buradan da, insanlar idrak qabilyyətinə görə varlığa münasibətdə iki yerə ayrılırlar - təsdiq etmək gücünə malik insanlar, belə gücü olmayan insanlar. Dini biligilərə münasibətdə təsdiq etmək gücü olanlar (Quranda bu “qorxmaq istedadı olanlar” adlanır) möminlər, idrak etmək gücü olmayanlar (Quranda qəlbi möhürlü, qulagi kar, dili lal, gözü kor olanlar adlanır ) kafirlər (üstün örtənlər) adlanır.

Axirət məkan və zaman vəhdətində yoxluqdur. Buna görə də, Axirətin bilgisini məkan və zaman şərtində olan varlıqların idrak üsüluna uyğun dərk etmək olmaz və əgər Axirət bu dünyanın idrak üsuluna uyğun dərk edilməyə cəhd edilərsə, onda mütləq həqiqətin yoxluğu nəticəsinə gəlinəcəkdir. Bu cür bilgilərin dərkedilmə məntiq üsulu bənzədilmə məntiq üsulu ilə mümkündür, hansı ki, biz bü dünyada bənzədilmə məntiq üsulu ilə idrak etmirik.

Qeyd edim ki, Məntiq elmində bənzədilməyə yaxın oxşarlıq münasibətindən dərketmənin analoji məntiq üsulu var və bu üsul həqiqətin idrakında ən aşağı keyfiyyətli üsul kimi mövcuddur.

CƏHƏNNƏM VƏ İLAHİ CƏZA

(Ardı var)

  • Hamısı
  • Loading...