Azərbaycan-Avropa Şurası əməkdaşlığının genişlənməsi

Azərbaycan-Avropa Şurası əməkdaşlığının genişlənməsi

Avropa məkanında demokratiya və dünya düzəni

Avropa Şurasının yaranması II Dünya Savaşından sonra İngiltərənin baş naziri Uinston Çerçilin 1942-ci ilin oktyabr ayında verdiyi bəyanat ilə əlaqələndirilir. Bəyanatda millətlər arasındakı sədləri əhəmiyyətli dərəcədə aradan qaldıran, maneəsiz hərəkət üçün imkan yaradacaq Avropa Birləşmiş Ştatlarının yaradılması və Avropa iqtisadiyyatına vahid bir tam halında baxılması göstərilirdi. 1946-cı ildə U.Çerçil İsveçrənin Sürix şəhərində etdiyi bir çıxışda bu ideyanı reallaşdırmaq üçün birinci addım kimi Avropa Şurası yaratmaq fikrini irəli sürmüşdür. U.Çerçilin bu ideyası Avropada geniş əks-səda doğurdu və qitədə federasiya cərəyanları yaranmağa başladı. 1947-ci ildə həmin cəmiyyət və təşkilatlar Avropanı birləşdirmək hərəkatını əlaqələndirmək üçün beynəlxalq komitə yaratdılar. Bu komitə 1948-ci il mayın 8-10-da Haaqada Avropanın inteqrasiya probleminə həsr olunmuş konqres çağırdı.

Avropa Şurasının beynəlxalq miqyasda nüfuzunun artması...

Avropa Şurasının beynəlxalq miqyasda nüfuzunun artması ilə əlaqədar üzvlərinin sayı da daim artır. Belə ki, 1949-cu ildə təşkilatın Nizamnaməsini 10 dövlət imzalayaraq Avropa Şurasını təsis etdikdən sonra, həmin ilin avqust ayında Türkiyə və Yunanıstan, 1950-ci ildə İslandiya və Almaniya, 1956-cı ildə Avstriya, 1961-ci ildə Kipr, 1963-cü ildə İsveçrə, 1966-cı ildə Malta, 1976-cı ildə Portuqaliya, 1977-ci ildə İspaniya, 1978-ci ildə Lixtenşteyn, 1988-ci ildə San-marino və 1989-cu ildə Finlandiyanın quruma üzv qəbul olunması ilə üzvlərinin sayı 23-ə çatdı. XX əsrin sonunda dünyada və Avropada baş verən qlobal siyasi proseslər, Varşava Müqaviləsi Təşkilatının fəaliyyətini dayandırması, «soyuq müharibə»nin başa çatması və SSRİ-nin süqutu beynəlxalq mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Belə bir şəraitdə Şərq və Qərb ölkələri arasındakı əlaqələri normallaşdırmaq, Mərkəzi və Şərqi Avropa ölkələrinə yenicə qazanılmış müstəqilliklərini möhkəmləndirmək, regionda və dünyada qlobal problemlərinin həllində tam demokratik ölkə olaraq iştirak etmək arzusunu həyata keçirmək zərurəti yaranmışdı. XX əsrin sonu-XXI əsrin əvvəllərində bu ölkələrin böyük bir hissəsi Avropa Şurasına üzv qəbul edildilər. 1990-cı ildə Macarıstan, 1991-ci ildə Polşa, 1992-ci ildə Bolqarıstan, 1993-cü ildə Litva, Rumınya, Slovakiya, Sloveniya, Çexiya, Estoniya, 1994-cü ildə Andorra, 1995-ci ildə Albaniya, Latviya, Makedoniya, Moldova, Ukrayna, 1996-cı ildə Rusiya və Xorvatiya, 1999-cu ildə Gürcüstan, 2001-ci ildə Azərbaycan və Ermənistan, 2002-ci ildə Bosniya və Hersoqovina, 2003-cü ildə Serbiya və Çernoqoriya, 2004-cü ildə isə Monako təşkilatda tamhüquqlu üzv kimi təmsil olunmaqla Avropa Şurasının üzvlərinin sayı hazırda 46-ya çatmışdır. Bundan əlavə, Kanada, Vatikan, İsrail, Meksika, ABŞ və Yaponiya təşkilatda müşahidəçi statusuna malik dövlətlərdir.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası 1992-cidə “xü­susi dəvət edilmiş qonaq” statusu verilməsi üçün Avropa Şu­rasına rəsmi müraciət etdi. Müraciət bu nüfuzlu Avropa təş­­kilatının bərabərhüquqlu üzvü olmaq üçün ilk addım ol­maq­la bərabər Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və hu­ma­­nitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məq­­sədi daşıyırdı. Avropa Şurası ilə əlaqələr yaradıldıqdan son­­ra Azərbaycanda baş verən hadisələrə, o cüm­lə­dən Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqeyini bildirdi. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) üzvü olmayan Av­ropa ölkələri ilə əlaqələr Komitəsi 1992-ci il fevralın 5-də Dağlıq Qarabağa dair ilk bəyanat qəbul etdi. Bəyanatda de­yi­lir­di ki, Dağlıq Qarabağda vəziyyətin pisləşməsi ilə əla­qədar atəşin dayandırılması məqsədilə Ermə­nis­tan və Azər­baycan tərəfinə müraciət edərək hər iki maraqlı tərəfi mü­na­qişənin sülh yolu ilə həll edilməsinə çağırır. Sənəddə Azər­bayca­nın mənafeyinə zidd olaraq BMT Təhlükəsizlik Şu­ra­sından Ermənistanın tələbi ilə Dağlıq Qarabağa BMT qüvvə­lə­rinin gətirilməsi xahiş olunurdu. Bundan sonra qəbul edi­lən sənədlərdə Şuranın mövqeyində maraqların uyğunlaş­dı­rıl­ması istiqamətində dəyişiklik hiss olunmağa başladı. Onu da qeyd edək ki, Avropa Şurası postsovet məkanında mövcud olan problemləri, xüsusilə də etnik münaqişələri dərin analizlər etdikdən sonra, münasibətlərini də dəyişməyə başladı.

Avropa Şurası və Azərbaycan əlaqələrindəki dinamizm

1993-cü ilin ikinci yarısından sonra, ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması, Ermənistanla atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi. Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlıq məq­­sədilə 1994-cü il iyulun 4-dən 11-dək Strasburqda Dağlıq Qa­ra­bağla əlaqədar keçirilən görüşdə iştirak edən Azərbaycan nümayəndə heyə­ti Ermə­nis­­tanın əsassız ərazi iddiaları ilə bağlı hər­­bi təcavüzkarlığını, onun nəticələrini və bu münaqişədə Azər­­baycanın mövqeyini açıqladı. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assamb­le­ya­sı­nın “Dağlıq Qarabağda münaqişəyə dair” qəbul etdiyi 1047 saylı qət­namədə atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq ifadə edilsə də, Azərbaycanın mənafeyinə zidd bir sıra bəndlər var idi. 1994-cü il no­yab­­rın 14-17-də Avropa Şurası Parlament Assambleyası təş­ki­­lata üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin səd­­ri Devid Atkinson başda olmaqla nümayəndə heyəti Azər­bay­­canda səfərdə olmuş və səfər zamanı respublika rəhbərliyi ilə görüşündə bu təşkilatla Azər­bay­ca­­nın münasibətləri, o cümlədən ölkəmizin “xü­susi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciəti, Ermənistanın təcavüzkarlığına son qo­yul­­ması və münaqişənin dinc vasitələrlə həlli məsələləri müzakirə olundu. 1994-1995-ci illərdə Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələr təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. 1996-cı il martın 1-2-də Azərbaycan nümayəndə heyəti ilk dəfə iştirak etdiyi Avropa Şurasının Venesiya Komissiyasının iclasında ölkəmizin bu quruma üzvlük hüququnun verilməsini xahiş etmiş və həmin il mayın 17-18-də Azərbaycanın Komissiyaya üzv olması haqqında qərar qəbul edilmişdir.

1996-cı ilin iyunun 2-6-da Avropa Şurasının Parlament Assambleyasının təşkilata üzv olmayan ölkələrlə əlaqələr komissiyasının sədri Jak Setlenjin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycanın Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq”statusunun verilməsi məsələləri müzakirə edilmişdir. Həmin il iyun 26-28-də AŞ PA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq”statusunun verilməsi barədə qərar qəbul etdi. “Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞ PA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı.

1996-cı il iyulun 13-də dövlət başçısı Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək ölkəmizin bu təşkilata tam hüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi. 1997-ci il aprelin 22-də Avropa Şurası Par­­lament Assambleyası Cənubi Qafqazda münaqişələrə dair 1119 say­lı qətnamə qəbul etdi. Qətnamənin Dağlıq Qa­rabağa dair olan hissəsində deyilirdi ki, Assambleya mü­na­qi­şə­nin dinc yolla nizama salınmasına nail olmaqla, işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqınların və köçkünlərin geri qayıtmasına çağırır. Sənəddə Azərabycanın ərazi bütöblüyü və münaqişənin nizama salınmasına dair ATƏT-in Lissabon Zirvə görüşünün prinsəpləri təsdiq edilirdi. Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il oktyabrın 10-da Strasburqda keçirilən 2-ci Zirvə toplantısında prezident Heydər Əliyevin iştirakı və orada təşkilatın yüksək vəzifəli nümayəndələri ilə keçirdiyi görüşlər zamanı Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Şurası ilə əlaqələri barədə ətraflı danışıqlar aparmışdır. 1998-ci il yanvarın 20-də “Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” prezident Heydər Əliyevin imzaladığı sərəncam ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində atılan mühüm addım oldu. Sərəncamda Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi yönündə respublikada görülən işlər və Avropa Şurası ilə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

Demokratik Azərbaycan imici və Avropa Şurası

1998-ci ilin yanvar və iyun aylarında Azərbaycana səfər etmiş Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri J.Bomel və C.Kleyfart dövlət başçısı Heydər Əliyevlə görüşlərində Avropa Şurasına qəbul olunmaq sahəsində ölkəmizdə görülmüş işlərdən razılıqlarını bildirmişlər. 1999-cu il sentyabrın 15-18-də AŞ PA-nın sədri lord Rassel Consonun, eləcə də təşkilatın digər rəsmi nümayəndələrinin Azərbaycana səfərləri zamanı aparılan danışıqlar ölkəmizin Avropa Şurasına qəbuluna dair müzakirələri şərtləndirən amillərdəndir. 2000-ci il martın 18-də prezident Heydər Əliyev “Avropa Şurasının fəaliyyətinə və Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” Sərəncam imzaladı. Prezident Heydər Əliyevin 1996-2000-ci illərdə Avropa Şurası ilə əməkdaşlığa dair imzaladığı sərəncamlar ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətə zəmin yaratdı. Avropa Şurasının Siyasi Komitəsi 2000-ci il martın 23-də Azərbaycan Milli Məclisinə ölkəmiz təşkilata tamhüquqlu qəbul edildikdən sonra yerinə yetirməli olacağı öhdəliklərin siyahısına göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. Daha sonra martın 27-28-də Milli Məclisdə imzalanmış öhdəliklər və Azərbaycanın Avropa Şurasının 8 konvensiyasına qoşulması barədə dövlət başçısının imzaladığı müqavilələr Avropa Şurasının Baş katibinə təqdim olundu. 2000-ci il mayın 15-də Avropa Şurasının Siyasi Komitəsinin Dublində və iyunun 12-13-də Romada keçirilmiş iclaslarında Azərbaycan üzrə məruzəçi L.Bomelin hesabatı dinlənilmiş və ölkəmizin təşkilata tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı müsbət rəy verilmişdir. 2000-ci ilin iyunundan noyabr ayınadək təşkilatın müxtəlif komitələrində keçirilən müzakirələrdən sonra noyabrın 7-9-da Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 7-9-da keçirilmiş 107-ci sessiyasında Azərbaycanın bu beynəlxalq təşkilata üzv olmağa dəvət edilməsi haqqında qəbul edilən 14 (2000) saylı Qətnamədə deyilirdi: Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi; Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının altı nəfər həddində müəyyənləşdirilməsi; Qətnaməyə uyğun olaraq Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə ödəmələrinin müəyyənləşdirilməsi Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici suiyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticisi idi.
Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Starsburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

“Hürriyyət”