Azərbaycan-BMT münasibətləri

Azərbaycan-BMT münasibətləri

Beynəlxalq birliklə əməkdaşlıq ən güclü taktikadır

Keçmiş Sovetlər Birliyi dağıldıqdan və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. Beləliklə də 200 illik dövlətçilik ənənəsini əlindən alınmış Azərbaycan 28 ildir müstəqil dövlət olaraq mövcudluğunu qorumaqdadır. Ötən illər ərzində daxili və xarici faktorlar əsasında davamlı fitnə-fəsadlar gündəmə gətirilərək bu müstəqilliyi tamamilə yox etmək kimi təşəbbüslər olsa da, sonuc olaraq, bütün bunlar indi tarixin zibilliyində gömülmüşdür.

Dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması

1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub. Azərbaycanın BMT-yə üzv olması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.

Respublikamızın BMT-yə üzv olması, müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Bu beynəlxalq təşkilatla qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi Azərbaycanın BMT ilə münasibətlərin inkişafına töhfəsini verib. Əməkdaşlığın dərinləşməsində BMT-nin baş katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirib.

Mərhum dövlət başçısı Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırıb.

2000-ci ilin sentyabrında BMT-nin “Minilliyin Sammiti”ndə çıxış edən prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd edib, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirib, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulayıb.

Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda daim islahatların aparılmasının zəruriliyi bildirir.

BMT sessiyalarında Azərbaycanın güclü təbliğatı

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında Azərbaycanın adından iştirak edən baş nazir İlham Əliyev çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməsi üçün mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirib. İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasında bugünkü, həm də yarım əsrlik reallıqlar öz əksini tapmalıdır.

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında bu dəfə prezident statusu ilə çıxış edən İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniştərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir.

2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilib. Bu sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması və həmin torpaqlarda yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bu qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunub və öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənib.

Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir.

2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Olduqca gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməklə yanaşı, həm də etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib. Azərbaycanın sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub. Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü müddətində ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında olub.

Təhlükəsizlik hər bir ölkənin prioritet siyasətidir

2012-ci il mayın 4-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub. Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edib.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.
Bir sözlə Azərbaycanın BMT-nin üzvü olması ilə yanaşı, bu beynəlxalq ali qurumda bir çox dövlətlərlə qarşılıqlı etimad münasibətlərini qurması, bir sıra strateji sənədləri imzalaması dövlətimizin müstəqilliyinin dərinləşməsi və inkişafının prioritetlərindən biri hesab olunur. Üfüqi və horizontal müstəvidə Azərbaycanın nüfuzunun artmasıl müstəqil dövlət quruculuğumuzun vacib şərtlərindən birinə çevrilibdir. Ona görə də ildən ilə Azərbaycan daha güclü mövqelərə sahib çıxmaqdadır. Azərbaycanın BMT binası önündə bayrağının dalğalanması dövlətçiliyimizin qorunması, müstəqilliyimizin qürur duyulacaq atributlarından birinə çevrilibdir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA